Azyaşlılar üçün “OynaTap” layihəsi

İbtidai sinif şagirdlərinin riyazi məntiqi inkişafı üçün oyun əsaslı məntiqi inkişafı stimullaşdıran tədris vəsaitinin və riyazi oyunların internet resursları üzərində hazırlanması, müəllimlərin bu vəsait və oyunlardan tədris prosesində necə istifadə edəcəkləri ilə bağlı təlimlərin keçirilməsini hədəfləyən “OynaTap” layihəsinin təqdimatı keçirilib.

 

Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ndə qalib olan layihənin təqdimatı Bakı şəhərində yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəbdə baş tutub. Tədbirdə Kəlbəcər rayon məktəblərində çalışan ibtidai sinif müəllimləri, Kəlbəcər Rayon Təhsil Sektorunun, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əməkdaşları iştirak ediblər.

 

Layihə rəhbəri Sona Şirinova bildirib ki,  ibtidai siniflərdə riyaziyyat fənni üzrə müasir tələblərə cavab verən və proqramı əhatə edən didaktik materiallar kifayət qədər olsa da, mənimsəmə səviyyəsi çox zaman istənilən nəticəni vermir:”Bu problemi nəzərə alaraq bir neçə ildir ki, riyazi məntiq oyunları üsulunu tədris etdiyim sinifdə tətbiq edirəm və nəticələr də yaxşı olur. Bu gün internet imkanları geniş olduğu üçün həmin oyunların geniş yayılmasına, eləcə də şagirdlərin asudə vaxtlarında oynayaraq sadə riyazi bacarıqlarını inkişaf etdirməyə, məntiqi təfəkkürlərini yaxşılaşdırmağa imkan yaradır. Təklif etdiyimiz  “OynaTap” layihəsi yuxardakı problemlərin qismən aradan qaldırılmasını hədəfləyib. Bu layihə ibtidai siniflərdə şagirdlərə proqramda nəzərdə tutulan materialları daha dəqiq və əyləncəli şəkildə mənimsətməklə, onlarda müasir tələblərə cavab verən tapşırıqlarla işləmək bacarıqlarını formalaşdıracaq. Təcrübəmə və müşahidələrimə əsasən deyə bilərəm ki, oyun və oyun elementlərindən tədris prosesində mövzulara uyğun istifadə olunması şagirdlərin dərsə marağını artırır, eyni zamanda onlarda komanda şəkilində işləmək, problem həll etmək kimi bacarıqlarını inkişaf etdirir və özünə inam hissi formalaşdırır”.

        

Qeyd edək ki, tədris materalları əsasında hazırlanacaq “OynaTap” layihəsi innovativ yenilikləri nəzərə alaraq tam müasir tələblər səviyyəsində xüsusi QR kodlarla hazırlanacaq və həmin QR kodlar açıq resurslarda paylaşılacaq ki, istənilən məkandan şagirdlər müstəqil öyrənmələrini təmin edə bilsinlər. Bu layihə, həmçinin internetdə zərərli oyunlara meyl edən şagirdlərin də düzgün istiqamətləndirilməsinə kömək olacaq.

 

 



03.11.2022 | 11:15