Təhsilin İnkişafı Fondundan DƏSTƏK

Bu Təhsilin İnkişafı Fondu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və 6 ali təhsil müəssisəsi arasında “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” əməkdaşlıq müqaviləsinin imzalanması nəticəsində reallaşacaq. 

 

Oktyabrın 28-də “JW Marriott Absheron Baku” otelində keçirilən imzalanma mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Muxtar Məmmədov yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin keyfiyyət baxımından beynəlxalq səviyyədə rəqabətədavamlılığının təmin olunmasının hazırda diqqətdə saxlanılan ən aktual məsələlərdən biri olduğunu qeyd etdi: “Dövlət başçısı İlham Əliyev tərəfindən 2021-ci il fevralın 2-də imzalanmış “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində  də məhz ali təhsilin beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi ölkəmizin qarşısında əsas hədəflərdən biri kimi müəyyən olunmuşdur. Və bunun əsasında da son illərdə qəbul olunmuş dövlət proqramları həmin hədəfə nail olmaq üçün xidmət göstərməkdədirlər”.

 

Nazir müavini “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətinə toxunaraq adıçəkilən sənədin ali təhsil müəssisələrimizin  rəqabətliliyinin artırılmasına imkan verdiyini, bunun ölkədə insan kapitalının inkişafına dövlət dəstəyinin təzahürü olduğunu bildirdi. Dövlət Proqramında nəzərdə tutulan əsas istiqamətlərə toxunan Muxtar Məmmədov  ali təhsil sahəsində  həyata keçirilən bir sıra beynəlxalq layihələri diqqətə çatdırdı: “Ali təhsildə əhatəliliyin, keyfiyyətin, beynəlmiləlləşmənin, ikili proqramların artırılması  da bizim qarşıya qoyduğumuz əsas hədəflərimizdəndir. 4 beynəlxalq ikili diplom proqramı uğurla  həyata keçirilməkdədir”.

 

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”ndan  da söz açan nazir müavini  əsas məqsədin gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etmək olduğunu söylədi. Qeyd olundu ki, proqram çərçivəsində  artıq 350-yaxın gəncimiz dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində  bakalavriat və magistratura səviyyələrində təhsil almaqdadır.

 

Ali təhsil müəssisələrində ingilis dilinin tədrisinin, təkmilləşdirilməsinin əhəmiyyətinə, bu sahəyə diqqətin daha da artırılmasının zəruriliyinə toxunan nazir müavini bununla bağlı fikirlərini bölüşdü: “İngilis dilinin mükəmməl öyrənilməsi, müasir dövrdə elmi fəaliyyətin beynəlxalq səviyyədə tanıdılması nöqteyi-nəzərindən impakt faktorlu jurnallarda bizim alimlərimizin  elmi məqalələrinin  dərc olunması,  dövlətlərarası önəmli akademik layihələrdə fəal iştirakın təmin edilməsi, elmi-pedaqoji heyətin qabaqcıl ölkələrin təcrübəsindən yararlanması olduqca vacibdir. Bütün bunlar, reallaşdırılan layihələr  təbii ki,  “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” komponenti üzrə nəzərəçarpacaq irəliləyişlərin əldə olunmasına xidmət edən əsas amillərdəndir”.

 

Çıxışının sonunda  Muxtar Məmmədov Təhsilin İnkişafı Fondu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi  və 6 ali təhsil müəssisəsi arasında “Universitetlərin  elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” əməkdaşlıq müqaviləsinin imzalanmasının əhəmiyyətini  yüksək dəyərləndirərək  hamıya uğurlar arzuladı.

 

Çıxış üçün söz alan Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov rəhbərlik etdiyi fondun fəaliyyəti,  strateji hədəfləri barədə geniş məlumat verdi. Bildirildi ki, ölkə Prezidenti İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsilin İnkişafı Fondunun fəaliyyətləri peşə təhsili istisna olmaqla təhsilin bütün pillələrini  əhətə edəcəkdir: “Fondun fəaliyyətləri təhsil və iqtisadiyyatın inteqrasiyasının gücləndirilməsi, ictimai və sosial əhəmiyyətli layihələrin həyata keçirilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılması və təhsilin inkişafını təsdiq edən mexanizmlərin hazırlanmasından ibarətdir. Qısa bir müddət ərzində  ali təhsil müəssisələri ilə bağlı 5 əsas strateji fəaliyyət istiqaməti müəyyən olunmuşdur. Strateji fəaliyyət istiqamətlərində  akademik mobillik proqramlarının icrası, ali təhsil müəssisələrinin institusional inkişafı, elmi jurnal, nəşrlər və dərsliklərin hazırlanması, universitet-sənaye iş birliyinin inkişafında iştirak və ali təhsil müəssisələri tələbələrinin inkişafına dəstək və digər məsələlər əhatə olunur. Ümumi və məktəbəqədər təhsil pillələri üzrə strateji fəaliyyət istiqamətləri üzərində də  işlər  gedir”.

 

Elnur Nəsibov  fondun reallaşdırdığı layihələr, həmçinin tamamlanma mərhələsində olan digər təşəbbüsləri barədə də  tədbir iştirakçılarını məlumatlandırdı. Ölkənin aparıcı ali təhsil müəssisələrindən 6-sı ilə imzalanacaq əməkdaşlıq müqaviləsinin məramını açıqlayan sədr bu layihənin həyata keçirilməsində əsas məqsədin universitetlərin elmi-pedaqoji heyət üzvlərinin və təhsilalanların ingilis dilini mənimsəməsi üçün əlverişli şəraitin yaradılması, IELTS imtahanı verməyə təşviq edilməsi və beləliklə, həmvətənlərimizin beynəlxalq təcrübə və müasir təhsil imkanlarından faydalanaraq əldə etdikləri bilik və bacarıqları ölkəmizin inkişafı naminə görülən işlərə töhfə vermələrinə dəstək olduğunu söylədi.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova hazırkı dövrdə xarici dil biliklərinin artırılmasının, xüsusilə, ingilis dilinin tədrisinin, öyrənilməsinin vacibliyindən söz açdı: “Hazırda bir sıra müasir ixtisaslarda  ingilis dilini bilmədən çalışmaq mümkün deyil.   İngilis dili texnologiya və beynəlxalq kommunikasiya üzrə qlobal dil sayılır, ədəbiyyatın bütün növlərinin, texniki kitab və dərgilərin, eləcə də elmi jurnalların dilidir.  Təqdirəlayiq haldır ki, bizim bir sıra  ali təhsil müəssisələrində  müəyyən ixtisaslar üzrə tədris ingilis dilində aparılır və bununla bağlı müsbət işlər görülməkdədir”.

 

Ülkər Səttarova  Elm və Təhsil Nazirliyinin reallaşdırdığı müxtəlif innovativ layihələr, dünya təcrübəsini öyrənməklə  tətbiq olunan yeniliklərdən danışdı. Bu layihənin də başlıca məqsədinin məhz ali təhsil ocaqlarının müəllim və tələbələrinin ingilis dilini mükəmməl mənimsəmələri  üçün əlverişli şəraitin yaradılması olduğunu bildirdi.  

 

Britaniya Şurasının (British Council)  Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva çıxış edərək beynəlxalq təşkilatın  əsas fəaliyyət istiqamətlərindən, əlaqələrindən  bəhs etdi. Qeyd olundu ki, təşkilat dünyanın 100-dən çox ölkəsində mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahələrində fəaliyyət göstərir. Hər il 20 milyondan çox insana üz-üzə və 500 milyondan çox insana onlayn, televiziya və nəşrlər vasitəsilə xidmət edir: “British Council 1993-cü ildən etibarən Azərbaycanda fəaliyyətdədir. Ölkəmizdə hər il minlərlə tələbəyə, təhsil işçisinə, siyasətçiyə, akademikə, tədqiqatçıya, yaradıcı insana və sahibkara xidmət göstərir. British Council  olaraq bizim əsas hədəflərimizdən biri ingilis dilinin tədrisi, müəllimlərə, təhsilalanlara öyrənmə, peşəkar inkişaf proseslərində yardımçı olmaqdır”.

 

Təmsil etdiyi təşkilatın  Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlığından danışan Nərgiz Hacıyeva, həmçinin ölkəmizin bir sıra ali təhsil, orta ümumtəhsil müəssisələri  ilə qurulan səmərəli əlaqələrinə də toxundu: “Bu gün imzalanan tərəfdaşlığa əsasən biz daha çox  universitetlərlə IELTS imtahanı çərçivəsində işləyəcəyimiz üçün çox məmnunuq. Təhsilin İnkişafı Fondu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və ölkənin 6 ali təhsil müəssisəsi arasında imzalanacaq əməkdaşlıq müqaviləsi çərçivəsində  həyata keçiriləcək layihənin uğurlu və davamlı olması üçün tərəfdaş olaraq əlimizdən gələni edəcəyik. Britaniya Şurasını bu gözəl təşəbbüsə - layihəyə cəlb etdiyinizə görə təşəkkür edirik”.

 

Sonra layihənin benefisiar qurumları olan Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxış etdilər. Rektorlar rəhbərlik etdikləri ali təhsil müəssisələrində ingilis dilinin tədrisi vəziyyətindən, bir sıra ixtisaslar üzrə tədrisin ingilis dilində aparılmasından,    müəllim və tələbələrin bu dil üzrə danışıq bacarıqlarının inkişafı ilə bağlı həyata keçirilən işlərdən, beynəlxalq layihələrdən söz açdılar. Çıxış edənlər imzalanacaq müqaviləyə müvafiq olaraq həyata keçiriləcək layihəni müəllim və təhsilalanlar üçün gözəl bir fürsət kimi dəyərləndirdilər.

 

Sonda Təhsilin İnkişafı Fondu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və 6 ali təhsil müəssisəsi arasında “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” əməkdaşlıq müqaviləsi imzalandı.

 

Müqaviləyə əsasən layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-dək akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişlərinin Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanması planlaşdırılır.

 

Samirə KƏRİMOVA

 



04.11.2022 | 09:49