“Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş ümumxalq Zəfəri” mövzusunda elmi-nəzəri konfrans

Mingəçevir Dövlət Universitetində (MDU) 8 Noyabr- Zəfər Gününə həsr olunan “Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş ümumxalq Zəfəri” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransda şəhid ailələrinin üzvləri, qazilər, MDU-nun akademik və inzibati heyəti, İctimai Nəzarət Şurasının üzvləri, KİV nümayəndələri, tələbə və magistrantlar iştirak ediblər.

 

MDU-nun rektoru Şahin Bayramov 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin ikinci ildönümü münasibətilə iştirakçıları təbrik edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin doğma torpaqlarımızı erməni işğalından azad etdiyini və 30 illik yurd həsrətinə son qoyduğunu bildirən Ş.Bayramov Qarabağ Zəfərinin müstəqillik tariximizin ən şanlı səhifələrindən biri olduğunu vurğulayıb. Qeyd edilib ki, şanlı qalibiyyətin qazanılması ilə ümummilli lider Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi. Ulu Öndərin xalqımıza miras qoyduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü təmin olundu və tarixi ədalət bərpa edildi.

 

Rektor bildirib ki, uzun müddət işğal altında qalmış əzəli torpaqlarımızda hazırda Azərbaycanın üçrəngli bayrağının dalğalanması, erməni vandalizminə məruz qalan ərazilərdə sürətli quruculuq və abadlıq işlərinin həyata keçirilməsi və buranın əsl sahiblərinin doğma yurdlarına qayıtmağa başlaması hər birimizdə böyük qürur hissi yaradır. Ş.Bayramov şəhidlik zirvəsinə ucalan qəhrəman övladların əziz xatirəsinin heç vaxt unudulmayacağını və daim böyük ehtiramla yad ediləcəyini deyib.

 

Şanlı Qələbənin rəmzinə çevrilən “Dəmir yumruq” ilə Vətən tarixinin qəhrəmanlıq salnaməsinin yazıldığını qeyd edən rektor döyüş meydanlarında misilsiz şücaət göstərən cəsur əsgər və zabitlərin yüksək vətənpərvərlik, mübarizlik, əzmkarlıq və fədakarlıq nümunələrini ortaya qoyduqlarını söyləyib. Tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsində belə örnəklərin təbliğinin önəmindən danışan Ş.Bayramov Qarabağ və tarixi Zəfərlə bağlı həqiqətlərin, igid oğulların göstərdikləri şücaətlərin gənc nəslə çatdırılması baxımından konfransın mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

 

Zəfər Gününə həsr olunmuş videoçarxın nümayişindən sonra şəhid Yasən Əhmədovun həyat yoldaşı Yeganə Əhmədova, şəhid Əzəmi Hüseyonovun bacısı Elnarə Hüseynova çıxış ediblər. Onlar şəhidlik zirvəsinə ucalan yaxınlarının şərəfli ömür yolundan bəhs ediblər.

 

Konfrans MDU müəllimlərinin məruzələri ilə davam edib.

 



05.11.2022 | 14:12