Bakı Dövlət Universitetində “Zəfər Günü”

Bakı Dövlət Universitetində (BDU) 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

 

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, xalqımız artıq ikinci ildir tarixi Zəfərin qürurunu yaşayır.

 

Rektor vurğulayıb ki, 2020-ci ilin 8 noyabrında milli qürurumuzun rəmzi olan Şuşanın azad olunması ilə 44 günlük Zəfər yürüşümüz öz zirvəsinə çatdı, düşmənin acı məğlubiyyətini etiraf etməkdən və təslimçilik sənədinə imza atmaqdan başqa çarəsi qalmadı:“8 noyabr tarixi haqlı olaraq ölkəmizin, xalqımızın həyatında yeni eranın başlanğıcı kimi qiymətləndirilir. Məhz bu tarixdən sonra regionda yeni geosiyasi reallıqlar yaranıb. Vətən müharibəsini qalibiyyətlə başa vuran qüdrətli Azərbaycan öz şərtlərini diqtə edən və uğurla həyata keçirən ölkə kimi daha böyük imkanlar əldə edib”. 

 

E.Babayev bildirib ki, Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə fədakarlıq göstərmiş, 20 nəfər məzun və tələbəsi şəhidlik zirvəsinə ucalmış BDU kollektivi böyük Zəfərdən sonra artıq tarixə çevrilən Qarabağ münaqişəsinin səbəbləri, müharibə və postmüharibə dövründəki ictimai-siyasi proseslərlə bağlı elmi araşdırmalarını davam etdirir:”Artıq bu istiqamətdə əldə etdiyimiz mühüm nəticələr var. Müharibədən sonra universitetin ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış iki akademik layihəsi – “İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair Beynəlxalq Kompleks Hesabat” və “Vətən müharibəsi dövründə ölkə və xarici medianın fəaliyyətinin təhlili” layihələri uğurla gerçəkləşdirilib”.

 

Daha sonra çıxış edən Baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 30 il erməni əsarətində olan torpaqlarımızı azad edərək regionda yeni reallıq yaradıb. Vətən müharibəsində qazanılan Zəfərlə Azərbaycan dövləti qalib dövlət, Azərbaycan xalqı isə qəhrəman xalq olduğunu sübuta yetirib. Baş nazirin müavini vurğulayıb ki, Vətən müharibəsində qazanılan Şanlı Qələbə tarixi ədaləti bərpa etməklə yanaşı, Cənubi Qafqazda sülh və firavanlıq üçün də etibarlı zəmin yaradır.

 

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, millət vəkilləri Rafael Hüseynov, Jalə Əliyeva, Anar İsgəndərov, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Vətən müharibəsi qəhrəmanı Ramiz Cəfərovun qızı, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi Rəbiqə Salayeva və Vətən müharibəsi iştirakçısı, BDU-nun məzunu Qədir Daşdəmirov çıxışlarında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sarsılmaz birliyi və əsgərlərimizin qəhrəmanlığı sayəsində əldə etdiyimiz Zəfərə gedən yoldan, ordumuzun hərbi gücündən, əsgərlərimizin şücaətindən, Azərbaycan dövlətinin şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğısından bəhs ediblər. 

 

Tədbir BDU-nun Mədəniyyət Yaradıcılıq Mərkəzinin hazırladığı ədəbi-bədii proqramla başa çatıb.

 

 



06.11.2022 | 13:14