Mingəçevir Dövlət Universiteti Azərbaycan-Türkiyə biznes forumunda təmsil olunub

Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-Türkiyə biznes forumunda Mingəçevir Dövlət Universiteti  (MDU) də təmsil olunub.

 

Məlumat üçün bildirək ki, forum Azərbaycanın İqtisadiyyat və Türkiyənin Ticarət nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə keçirilib. Forumda iki qardaş ölkənin hökumət nümayəndələri, qida, tikinti, nəqliyyat, logistika, sənaye, İKT, tekstil və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay forumun açılışında çıxış ediblər. Tədbirdə Azərbaycan və Türkiyənin biznes və investisiya mühiti barədə məlumat verilib, iki ölkə arasında ticari-iqtisadi, nəqliyyat, enerji, sərmayə qoyuluşu, kənd təsərrüfatı, sənaye, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

 

Biznes forumda MDU-nun rektoru Şahin Bayramov və İstanbul Gedik Universitetinin rektoru Ahmet Kesik qarşılıqlı faydalı əməkdaşlığın potensial inkişaf istiqamətlərini müzakirə ediblər. Forum çərçivəsində MDU və İstanbul Gedik Universiteti arasında Əməkdaşlıq memorandumu imzalanıb. Memorandum qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişaf etdirilməsini, o cümlədən universitet-sənaye əməkdaşlığı çərçivəsində ortaq fəaliyyətləri əhatə edir.

 

Bu barədə MDU-dan bildirilib.

 



06.11.2022 | 15:07