“Təqvimdəki işğal tarixlərinin yerini Zəfər günlərinin əvəzləməsi xalqımız üçün böyük tarixi uğurdur”

Naxçıvan Dövlət Universitetində 8 Noyabr- Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

 

Əvvəlcə Zəfər Gününə həsr olunmuş sərgiyə baxış keçirilib.  

 

Konservatoriyanın akt zalında keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev xalqımızın taleyi üçün əlamətdar olan bir günə şahidlik etməkdən qürur və iftixar hissi keçirdiyini deyib. Bildirib ki, təqvimdəki işğal tarixlərinin yerini Zəfər günlərinin əvəz etməsi Azərbaycan xalqı üçün böyük tarixi uğurdur. 50 milyondan çox azərbaycanlı bu qələbəyə sevinir:”Ulu öndər tərəfindən əsası qoyulmuş müstəqil dövlətçilik ənənələri Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Bu gün Azərbaycandan dünyaya səslənən sülh, həmrəylik, bərabərlik, əməkdaşlıq mesajları ölkəmizi yalnız regionda deyil, beynəlxalq irimiqyaslı problemlərin həll olunmasında aparıcı qüvvəyə çevirib. Həm informasiya müharibəsində, həm də qızğın döyüşlərin getdiyi cəbhə xəttində müvəffəqiyyət qazanmaq, ölkəmizi uğurla irəli aparmaq, dövlətin siyasi qüdrətini, xalqın iradəsini dünyaya bəyan etmək Ali Baş Komandan İlham Əliyev siyasətinin qələbəsidir”.

 

Azərbyacan tarixi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Nadir Hüseynbəyli 2016-cı il aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşləri və nəhayət, 2020-ci ilin 44 günlük Vətən müharibəsi haqqında danışıb, qələbələrin Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaratdığını deyib.

 

Tədbirdə II Qarabağ müharibəsində şəhid olmuş, “Vətən uğrunda”, “Suqovuşanın azad olmasına görə” medalları ilə təltif olunmuş baş-leytenant Vüqar Şıxıyevin övladı, Stomatologiya ixtisası üzrə IV kurs tələbəsi Abutalıb Şıxıyev də  çıxış edib. O, 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş Vüqar Şıxıyevin şücaətindən, aldığı yaralardan şəhidlik zirvəsinə yüksəlməsindən danışıb.

 

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Xalq çalğı alətləri kafedrasının və Naxçıvan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə hazırlanmış konsert proqramı nümayiş olunub.

 

 



07.11.2022 | 12:41