Qazi Universiteti, ADPU və Azərbaycan səfirliyinin birgə tədbiri:”Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Qazi Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzi (TÜRKDAM), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Azərbaycanın Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə Qarabağ zəfərinin ikinci ildönümü münasibətilə “Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” adlı təntənəli mərasim keçirilib.


Qazi Universitetinin ev sahibliyi ilə rektorluğun Memar Kəmaləddin zalında keçirilən Zəfər Günü ilə bağlı bayram mərasimi böyük maraqla qarşılanıb. Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, səfirliyin təhsil müşaviri  Nəcibə Nəsibova, Qazi Universitetinin rektoru Musa Yıldız, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Qazi Universitetinin keçmiş rektoru Ənvər Həsənoğlu, ADPU-nun rektoru, professor Cəfər Cəfərov və prorektor, dosent Eldar Aslanov, Qazi  Universitetinin prorektoru Yücel Gelişli, Təhsil və Xarici Əlaqələr Qurumunun Koordinatoru İhsan Kalenderoğlu, TÜRKDAM direktoru Alev Çakmakoğlu Kuru, direktor müavini Bülent Aksoy, Baş katib Ragıp Akyürek, baş katibin müavini Mehmet Ali Özkan, həmçinin dekanlar, alimlər, tələbələr və mətbuat nümayəndələri iştirak ediblər.

 

Mərasim Qarabağ Zəfərinə həsr olunmuş qısametrajlı filmin nümayişi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən Qazi Universitetinin rektoru M.Yıldız bayramla bağlı ürək sözlərini çatdırıb: “Bu gün biz Azərbaycanın uzun illərdir Ermənistan Silahlı Qüvvələri  tərəfindən işğal olunan torpaqlarının azadlığını böyük qələbə kimi qeyd edirik. Türk birliyinin varlığını, türkün gücünü, türk şəxsiyyətini bütün dünyaya göstərdik. Türk milləti əsrlər boyu olduğu kimi, gələcəkdə də vətənini qorumaq üçün necə birləşəcəyini biləcək. Bu münasibətlə Qarabağ müharibəsində və ondan əvvəlki soyqırımlarda şəhid olan bütün türk qardaş və bacılarımıza Allahdan rəhmət diləyir, ay-ulduzlu Azərbaycan bayrağımızın vətənimizdə əbədi dalğalanmasını diləyirəm”.

 

Zəfər Günündə Qazi Universitetində olmaqdan məmnunluğunu ifadə edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru C.Cəfərov bildirib ki, Türkiyə Cümhuriyyəti və türk xalqı hər zaman Azərbaycanın yanında olub:”Biz Qazi Universiteti ilə gənclərimizi gələcəyə ən yaxşı şəkildə hazırlamaq üçün birlikdə hərəkət edəcəyik...Bu bayram həm bizim bayramımızdır, həm də qardaş Türkiyənin bayramıdır.”

 

Ankara Universitetinin rektoru N.Ünüvar bu özəl və mənalı günlə bağlı duyğu və düşüncələrini dilə gətirib:”Biz sınaqlı bir coğrafiyanın övladları kimi böyümüşük, böyüyürük. Bu uzun və məşəqqətli yolun sonunda şükürlər olsun ki, 44 günlük müharibədən sonra Qarabağ öz azadlığını əldə etdi. Şuşada asan qələbə qazanılmadı. Minlərlə şəhidimiz, qazimiz var. Bu gün biz onların qan tökərək qələbə qazandıqları torpaqlarda qürurla bayramı qeyd edirik. İki hörmətli rektorumuzun çox gözəl ifadə etdiyi kimi, biz əcdadlarımızın qan tökərək qurtardığı torpaqları ancaq elm və texnika ilə tər tökərək gələcəyə daşıya bilərik". 

 

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov 8 Noyabr - Zəfər Gününün təkcə Azərbaycan xalqının bayramı deyil, bütün Türk dünyasının ortaq Zəfəri olduğunu qeyd edib:”Bu müharibə təkcə Azərbaycanın deyil, bütün dünyada türk olduğunu hiss edən hər kəsin savaşı idi."
 

Açılış nitqlərindən sonra Şuşanın işğal illərində ermənilər tərəfindən dağıdılmış tarixi-mədəni abidələrindən və Qarabağ Zəfərinin nəticələrindən bəhs edən elmi konfrans keçirilib. Konfransda mövzu ilə bağlı məruzələr səslənib. “Ortaq səsimiz: Çırpınırdı Qara dəniz” adlı kompozisiyasının təqdimatı iştirakçılarda gözəl anlar yaşadıb.

 

Mərasimin sonunda Qazi Universitetinin rektorluq binası qarşısında təşkil olunmuş professor Mahirə Hüseynovanın şeirlərindən və Qarabağ Zəfəri ilə bağlı fotoşəkillərdən ibarət sərgi ziyarət edilib.

 



10.11.2022 | 13:20