Rumıniyada Azərbaycan Multikulturalizm Mərkəzinin açılışı olub

Rumıniyanın Yassı şəhərindəki ən qədim universitet olan Aleksandr İohan Kuzi adına Yassı Universitetində Azərbaycan Multikulturalizm Mərkəzinin açılışı olub. Açılış mərasimində Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla, ölkəmizin Rumıniyadakı səfiri Hüseyn Nəcəfov, Rumıniya Parlamentinin  Azərbaycan-Rumıniya dostluq qrupunun sədri Daniel Kristian İvanitse, Yassı Universitetinin rektoru  Tudorel Toader, universitetin prorektorları və  professor-müəllim heyəti iştirak edib.

 

Mərkəzin açılış mərasimindən əvvəl akademik Kamal Abdulla və rektor Tudorel Toader arasında görüş keçirilib. Görüşdə ölkəmizin Rumıniyadakı səfiri Hüseyn Nəcəfov da iştirak edib.

 

Görüş zamanı ADU və Yassı universiteti arasında memorandum imzalanıb. Memoranduma əsasən, iki təhsil ocağı arasında tələbə-müəllim mübadiləsi aparılacaq, elmi konfranslar təşkil olunacaq, müxtəlif müstəvilərdə səmərəli əməkdaşlıq qurulacaq.

 

Həmçinin səfər çərçivəsində Kamal Abdullanın rumın tələbələrlə görüşü də baş tutub.

 

Qeyd edək ki, artıq beş ildir Yassı Universitetində Azərbaycan Multikulturalizmi fənni tədris olunur. Fənni universitetin professoru Lüdmila Bejenaru tədris edir. O, Azərbaycan mədəniyyətini, tarixini, dilini sevən mütəxəssis kimi həmin mərkəzin sədri vəzifəsində fəaliyyətini davam etdirəcək.

 

Xalq yazıçısı Kamal Abdullanın "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi" romanlarının, "Bir, iki, bizimki..." pyesini rumın dilinə tərcümə edən Lüdmila Bejenaru  Azərbaycan ədəbiyyatının ölkəsində təbliği üçün vacib işlər görür.

 

 



11.11.2022 | 14:17