“Art terapiya ilə duyğularını daha aydın ifadə et!” layihəsi çərçivəsində növbəti seans

Mərkəzi Aran Regional Təhsil İdarəsi, Göyçay şəhər 4 nömrəli tam orta məktəbində Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən “Art terapiya ilə duyğularını daha aydın ifadə et!” adlı layihə üzrə növbəti həftə seansı keçirilib.

 

Tədbirdə layihə rəhbəri Səkinə Mürsəlova, layihə üzrə ekspert Ziba Məmmədova, təlimçi Elnarə Qasımova və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Layihə rəhbəri, məktəbin texnologiya müəllimi Səkinə Mürsəlova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihəni həyata keçirməkdə məqsəd valideyn himayəsindən məhrum olmuş 20 nəfərə yaxın uşaqla art terapiyanın keçirilməsi və onların əylənərək problemlərinin həll olunması, qabiliyyət və bacarıqlarının kəşf edilməsi, sosial adaptasiyalarının artırılması, onlar üçün maneəsiz yaradıcı mühit formalaşdırmaqdan ibarətdir. O, həmçinin layihə çərçivəsində həftəlik seansların keçirildiyini vurğulayıb.

 

Təlimçi E.Qasımova layihənin əhəmiyyətindən söz açıb. Bildirib ki, “Art terapiya emosiyalar üzərində bir eksperimentdir:”Yeniyetmələr arasında ilk olaraq gizlənmiş emosional problemləri art terapiya vasitəsi ilə üzə çıxarmalıyıq. Depressiya, stress, mutizm, uşaqlarda zəka inkişaf pozğunluqlarında art terapiyadan geniş istifadə olunur.”

 

E.Qasımova, həmçinin layihə çərçivəsində fototerapiyadan istifadə olunacağını və layihənin yekunu kimi hazırlanmış fotoların sərgisinin keçiriləcəyini vurğulayıb:” Təlimdə yeniyetmə məktəblilər çəkdikləri rəsmlərlə öz hiss və həyəcanlarını, qorxularını və sevinclərini təsvir ediblər. Terapevt isə bu rəsmlərə əsasən, şagirdlərin hisslərini analiz edir. Sağlam təhsil sinfində 20-yə qədər şagirdin iştirakı təmin olunub. Layihənin psixoloqu ilkin mərhələdə psixoloji sorğu anketləri vasitəsi ilə şagirdlərin daxili dünyasını daha yaxşı öyrənib. Sağlam təhsil sinifində “Mandala”, “Mövcud olmayan heyvan”, “Mən kiməm?”, “Avtoportret”, “Əhval-ruhiyyəm”, “Vəziyyətim”, “Kollektiv avtoportret”, “Ailə gerbi”, “Hədiyyələr”, “Güzgü”, “Xeyir və şər” adlı çalışmaların tətbiqini nəzərdə tutan proqram üzrə işlər aparılır. Layihə çərçivəsində şagirdlərlə daha yaxşı və daha anlaşıqlı ünsiyyət təmin olunub. Məktəbdə sağlamlığı təbliğ edən tədbirlərin təşkili və məktəblərdə sağlam mühitin yaradılması məqsədi ilə tərtib etdiyimiz sağlam təhsil sinifinin fəaliyyəti təmin edilib. Sağlam təhsil sinifində məktəblilərin art-terapiya vasitəsi ilə müayinə olunması və yaşadıqları travmalar, psixoloji gərginliklər müəyyən qədər aradan qaldırılıb”.
 

Sonda tədbir iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb, onları  maraqlandıran suallar cavablandırılıb.

 



14.11.2022 | 12:08