“TEKNOFEST 2023” festivalı ilə bağlı infosessiya

Mingəçevir Dövlət Universitetində (MDU) “Bilim Bakı” mərkəzinin rəhbəri Yusuf Polat tərəfindən “TEKNOFEST 2023” festivalı ilə bağlı infosessiya keçirilib. İnfosessiyada MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

 

MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov giriş sözü ilə çıxış edərək universitetdə “TEKNOFEST”ə diqqət və marağın yüksək olduğunu bildirib. Qeyd edilib ki, cari ildə Bakıda keçirilmiş “TEKNOFEST Azərbaycan” festivalının final mərhələsində MDU-dan 3 komanda iştirak edib. İnnovativ bacarıqların inkişafında texnologiya yarışlarının önəmindən bəhs edən V.Əyyubov tələbələri “TEKNOFEST 2023”də fəal iştiraka və yaradılan imkanlardan maksimum faydalanmağa çağırıb.

 

Sonra Yusuf Polat “TEKNOFEST” barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, növbəti festival 2023-cü il  30 aprel - 6 may tarixləri arasında İstanbulda keçiriləcək. Bildirilib ki, festivala müraciətlər artıq başlayıb və qeydiyyat noyabrın 20-də bitəcək. “TEKNOFEST 2023”də rəqiblər raket, model peyk, nəqliyyatda süni intellekt, biotexnologiya innovasiyası, sənayedə rəqəmsal texnologiyalar, uçan avtomobil dizaynı, təhsil texnologiyaları, avtonom sərnişin robotu, kənd təsərrüfatı texnologiyaları və robototexnika kimi 41 fərqli kateqoriyada yarışacaq.

 

Maraqla qarşılanan festivalda iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

 

İnfosessiyadan sonra MDU-nun rektoru Şahin Bayramov “Bilim Bakı” mərkəzinin rəhbəri Yusuf Polat və ASAN İnnovativ İnkişaf Mərkəzinin müdiri Hasil Abbasovla görüşüb. Görüşdə “TEKNOFEST 2023” yarışmasında MDU-nun təmsil olunması imkanları barədə müzakirələr aparılıb. Tələbələrlə görüşdən məmnun qaldıqlarını bildirən qonaqlar MDU ilə potensial əməkdaşlığın inkişafına müvafiq dəstəyin göstəriləcəyini diqqətə çatdırıblar.

 



16.11.2022 | 15:30