Zəfər Günü işığında Ankaraya məhsuldar və yaddaqalan səfər

Keçən həftə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərovun rəhbərliyi ilə universitetimizin nümayəndə heyətinin qardaş Türkiyə Respublikasına işgüzar, maraqlı və məhsuldar səfəri olub. Universitetin prorektorları dosent Eldar Aslanov və Könül Pirverdiyeva, filologiya fakültəsinin dekan müavini Könül Həsənova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmovanın da daxil olduğu nümayəndə heyəti səfər çərçivəsində ilk olaraq paytaxt Ankarada Qazi Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzi (TÜRKDAM), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə “Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” adı altında keçirilən mərasimdə iştirak edib.

 

Birliyimizin, qardaşlığımızın təntənəsi

 

Qarabağın rəmzi, türk mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad edilməsinin ildönümündə Qazi Universitetinin ev sahibliyi ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov, səfirliyin təhsil müşaviri professor Nəcibə Nəsibova, Qazi Universitetinin rektoru professor Musa Yıldız, Ankara Universitetinin rektoru professor Necdet Ünüvar, Qazi Universitetinin keçmiş rektoru professor Ənvər Həsənoğlu və Türkiyənin digər elm-təhsil nümayəndələri iştirak edib.

 

Şəhidlərin xatirəsinin bir dəqiqəlik ehtiram sükutundan sonra hər iki qardaş ölkənin Dövlət himnlərinin oxunması ilə başlayan mərasimdə Qarabağ Zəfərinə həsr olunmuş qısametrajlı film nümayiş olunub.

 

Açılış sözü ilə çıxış edən Qazi Universitetinin rektoru professor Musa Yıldız qardaş Azərbaycanın 2020-ci il sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsini noyabrın 8-də qazandığı böyük Zəfərlə başa çatdırdığını, bu Şanlı Qələbənin Azərbaycanın, həmçinin Türk birliyinin gücünün göstəricisi olduğunu bildirib.

 

ADPU-nun rektoru professor Cəfər Cəfərov Zəfər Günündə Qazi Universitetində olmaqdan məmnun olduğunu bildirərək sözünə davam edib: “Türkiyə Cümhuriyyəti və türk xalqı hər zaman Azərbaycanın yanında olub. Bu, bizim birliyimizin, qardaşlığımızın gücüdür ki, hər zaman bir yerdəyik. Şahidi olduğumuz hadisələr Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikrinin bir daha təsdiqi oldu. Bu bayram həm bizim, həm qardaş Türkiyənin bayramıdır”.

 

“Bu gün əcdadlarımızın qan tökərək qurtardığı torpaqları ancaq tər tökərək gələcəyə daşıya bilərik” - deyən Ankara Universitetinin rektoru professor N.Ünüvardan sonra çıxış edən Azərbaycan Respublikasının Türkiyədəki səfiri Rəşad Məmmədov “8 Noyabr - Zəfər Günü təkcə Azərbaycan xalqının bayramı deyil, bütün türklüyün ortaq zəfəridir. Bu müharibə təkcə Azərbaycanın deyil, bütün dünyada türk olduğunu hiss edən hər kəsin savaşı idi”- sözləri ilə əbədi birliyin gələcək həyatımız üçün zərurət olduğunu qeyd edib.

 

Açılış nitqlərindən sonra Şuşanın işğal illərində ermənilər tərəfindən dağıdılmış tarixi-mədəni abidələrdən və Qarabağ Zəfərinin nəticələrindən bəhs edən elmi konfrans keçirilib.

 

Qazi Universiteti TÜRKDAM-ın direktoru professor A.Çakmakoğlu Kuru “Azad edilən Şuşada işğal illərinin izləri” mövzusunda geniş məruzə ilə çıxış edib.

 

Mərasimə onlayn qatılan müğənni Ahmet Şafak özündə Qarabağın, o cümlədən Xocalının ağrılarını yaşadan və unudulmağa qoymayacaq “Qarabağ” bəstəsinin yaranma tarixindən danışıb və daha sonra “Qarabağ” mahnısını oxuyaraq dinləyicilərə duyğulu anlar yaşadıb. ADPU-nun incəsənət və fiziki tərbiyə fakültəsinin professor-müəllim heyəti ilə Qazi Universiteti Qazi Təhsil Fakültəsi Musiqi Tədrisi kafedrasının professor-müəllim heyətinin birgə ifasında “Ortaq səslərimiz: Çırpınırdı Qara dəniz” xüsusi diqqətlə qarşılanıb.

 

Sonra Qazi Universitetinin rektoru professor Musa Yıldız səfir R. Məmmədova, səfirliyin təhsil müşaviri professor N.Nəsibovaya, ADPU-nun rektoru professor Cəfər Cəfərova, prorektor dosent Eldar Aslanova və Qazi Təhsil Fakültəsi İncəsənət təhsili şöbəsinin müəllimi professor Türker Eroğluna plaketlər təqdim edib.

 

Mərasimin sonunda Qazi Universitetinin rektorluq binası qarşısında ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor, Səməd Behrəngi Beynəlxalq mükafatın laureatı Mahirə Hüseynovanın (Nağıqızının) şeirlərindən ibarət olan və Qarabağ Zəfəri ilə bağlı fotoşəkillərindən hazırlanmış sərgi ziyarəti xüsusi riqqət yaratdı. Mahirə Nağıqızının Türkiyədə türk dilinə çevrilərək nəşr olunan “Salam olsun” kitabında toplanan şeirləri arasından seçilmiş, 44 günlük müharibə yolunun yaddaqalan məqamlarını ifadə edən bu şeirlərdə Azərbaycan döyüşçüsünə ünvanlanan Azərbaycan anasının dualarını, 28 ildən sonra Şuşa məscidindən gələn azan səsini eşitmək, Cəbrayıldan Şuşaya qədər gedib çıxan döyüş yolunun mənzərəsini görmək olurdu.

 

Tədbir iştirakçılarının qürur yaşadığı həmin məqamlardan sonra “Karabağ Ağacı” kitabəsinin yerləşdirildiyi sərgiyə baxışdan sonra mərasim kollektiv xatirə fotoşəklinin çəkilməsi ilə başa çatıb.

 

ADPU Başkent, Hacettepe,  Ankara və Qazi universitetləri ilə müqavilə imzalayıb

 

Növbəti gün Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Başkent Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Xatırladaq ki, özündə 7 institut, 6 peşə ali məktəbi, 2 ali məktəb, iki ibtidai orta təhsil məktəbini birləşdirən, ən müasir maddi-texniki bazaya malik Başkent Universiteti gənc olmasına baxmayaraq Türkiyənin xüsusilə seçilən universitetlərindəndir.

 

Onu vurğulayaq ki, Başkent Universitetinin rektor vəkili İ.Haldun Müderrisoğlu və ADPU-nun rektoru professor Cəfər Cəfərovun imzaladığı sənəddə hər iki təhsil ocağının qarşılıqlı əməkdaşlıq perspektivlərinin konturları əksini tapıb.

 

Görüşün sonunda professor C.Cəfərov Başkent Universitetinin xatirə kitabına ürək sözlərini qeyd edib.

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti və Hacettepe Universiteti arasında anlaşma memorandomunu imzalayan universitetlərin rektorları Cəfər Cəfərov və Mehmet Cahit Güran gələcək akademik və tələbə mübadiləsi, habelə elmi-pedaqoji əməkdaşlık imkanlarını əhatə edən  sənədin gələcək birgə layihələrə yol açdığını bildirib.

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Ankara Universiteti arasında imzalanan, tərəflər arasında akademik və elmi mövzularda təcrübə mübadiləsini, professor-müəllim heyətinin və tələbələrin mübadiləsini, birgə elmi-tədqiqat layihələrinin və elmi görüşlərin təşkilini nəzərdə tutan əməkdaşlıq protokolunu dəyərləndirən Ankara Universitetinin rektoru professor Necdet Ünüvar bunu həm Türkiyə, həm Azərbaycan, həm də insanlıq üçün xeyirli işlər görməyə imkan verəcək vacib sənəd adlandırıb.

 

ADPU-nun rektoru, professor C.Cəfərov Vətən müharibəsində qazanılan tarixi Zəfər Gününün ikinci ildönümündə imzalanan sənədi, qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar yaradacaq  protokollar kimi dəyərləndirib.

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti və Türkiyənin Qazi Universiteti arasındakı əməkdaşlıq protokolunu və Erasmus sazişini rektorlar- professor Musa Yıldız və professor Cəfər Cəfərov imzalayıblar. Hər iki universitetin nümayəndə heyəti, protokolun imzalanma mərasimindən əvvəl Mingəçevir Dövlət Universiteti və Karatay Universitetinin tərəfdaşlığı ilə “8 Noyabr - Zəfər Günü”nün ikinci ildönümü münasibətilə təşkil olunan proqramda iştirak edib. Tədbirə onlayn qatılan ölkəmizin Türkiyədəki səfirliyinin təhsil müşaviri professor Nəcibə Nəsibova çıxışında Prezident İlham Əliyevin Azərbaycan Respublikasında Qarabağ müharibəsində qazanılan qələbənin şərəfinə elan etdiyi Zəfər Gününün tarixi əhəmiyyəti barədə danışıb, Qazi Universitetində keçirilən təntənəli tədbirə görə universitetin rektoru professor Musa Yıldıza və əməyi keçən hər kəsə təşəkkür edib.

 

Qazi Universitetinin rektoru professor Musa Yıldız çıxışında Vətən müharibəsi başlayanda Can Azərbaycana dəstəyin ifadəsi üçün Universitetin binasına Azərbaycan və Türkiyə bayraqları asdıqlarını, Qarabağın dünəni, bu günü və sabahı mövzusunda panel keçirdiklərini xatırlatdı.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru çıxışında Türkiyənin bir çox sahədə böyük uğurlar qazandığını, Qazi Universitetinin Türkiyəni daha yaxşı gələcəyə aparan qurumlardan biri olduğunu yada salıb və universitetlərarası akademik əməkdaşlığın faydalı olacağına inamını ifadə edib.

 

Protokolun imzalanma mərasiminin sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri verilib, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndə heyətinin üzvlərinə fidan sertifikatı təqdim edilib.

 

TÜRKSOY-un Baş Katibliyində görüş

 

ADPU-nun akademik və idarəçilərindən ibarət nümayəndə heyəti TÜRKSOY-un Baş Katibliyində keçirilən görüş zamanı təşkilat və onun yarandığı gündən bəri gördüyü işlər barədə geniş məlumatlandırılıb. Rektor Cəfər Cəfərov Universitetin ötən il 100 illik yubileyinin qeyd edildiyini və bu günəcən onun 160 mindən çox məzununun ölkəmizin təhsil, elm və ictimai-siyasi həyatında oynadığı rol barədə, Azərbaycanda ilk dəfə və yalnız Pedaqoji Universitetdə açılan TÜRKSOY Mərkəzinin əhəmiyyəti ilə bağlı danışıb.

 

Azərbaycan nümayəndəliyinin rəhbəri Elçin Qafarlı təşkilatın Azərbaycanla bağlı fəaliyyətlərində ADPU-nun TÜRKSOY Mərkəzinin mühüm rola malik olduğunu vurğulayıb. Təşkilatın Azərbaycanla bağlı perspektiv fəaliyyət planları ilə bağlı qonaqlara məlumat verən Elçin Qafarlı qeyd edib ki, 2023-cü ildə Türkiyə Cümhuriyyətinin 100 illiyi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı geniş tədbirlər planı hazırlayıb. Bunlardan əlavə, qarşıdakı ildə TÜRKSOY-un 30 illiyinin müxtəlif ölkələrdə geniş qeyd ediləcəyi barədə danışan nümayəndəliyin rəhbəri Şuşa ilə bağlı da təşkilatın hazırladığı geniş planlar barədə ADPU-dan olan qonaqlara məlumat verib.

 

Bununla da Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndə heyətinin Türkiyəyə 5 günlük müddəti əhatə etsə də, hər birimizin xatirəsində uzun müddət qalacaq səfəri başa çatdı.

 

Könül HƏSƏNOVA,

ADPU-nun filologiya fakültəsinin dekan müavini

 

 



18.11.2022 | 10:45