“Ən məhsuldar gənc alim” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

 

Tədbirdə giriş nitqi ilə çıxış edən institutun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, hakim Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi böyük qürur və sevinc hissləri ilə qeyd olunur: “Bu tarix təkcə bir siyasi təşkilat üçün deyil, bütövlükdə xalqımız, dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən və Azərbaycanın şərəfli tarixinə qızıl hərflərlə yazılan əlamətdar bir tarixdir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan partiyamızın ötən dövr ərzində keçdiyi yola nəzər salsaq, onun həm milli-tarixi ənənələrimizə sadiqliyinin, eyni zamanda müstəqilliyin qorunması, möhkəmlənməsi və ərazi bütövlüyünün təmin olunması kimi başlıca məqsəd və vəzifələri böyük məsuliyyətlə, layiqincə yerinə yetirdiyinin şahidi olarıq”.

 

V.Fərzəliyev bildirib ki, partiya dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı siyasətlə inkişafın yeni dönəmini yaşayır: “Bu siyasət ətrafında xalqımızın sıx birləşməsi, ölkəmizin davamlı inkişafı və beynəlxalq arenadakı böyük nüfuzu, ordu quruculuğu sahəsindəki uğurlarımız Vətən müharibəsində Azərbaycanın Şanlı Qələbə qazanmasını təmin etdi, Ermənistanın  işğalı altındakı   torpaqlarımız azad olundu”.

 

YAP Yasamal rayon təşkilatının sədri, dosent Bəxtiyar Nəbiyev çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafında mühüm rola malikdir:”Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasıın Sədri İlham Əliyevin rəhbərliyi ilə partiya nəinki ölkəmizin, hətta regionun aparıcı siyasi qüvvəsinə çevrilib. Hazırda dünyanın ən sabit və dinamik inkişaf edən dövlətləri ilə bir sırada yer alan Azərbaycanın qazandığı parlaq uğurlarda xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilən YAP-ın mühüm rolu var. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində azad edilməsi, düşmən üzərində böyük tarixi Qələbə qazanılması bir tərəfdən ümumi rifahın, tərəqqinin və inkişafın məntiqi yekunudursa, digər tərəfdən Prezident İlham Əliyevin müstəsna hərbi-siyasi məharətinin və çoxşaxəli dövlətçilik fəaliyyətinin ən parlaq nümunəsidir”.

 

YAP Aşqarlar Kimyası İnstitutunun İlk Ərazi Təşkilatının sədri, dosent Vəli Kazımov qeyd edib ki, tarixi şəxsiyyət Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində müstəqil dövlət quruculuğunda əldə olunan uğurlar, Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsi Yeni Azərbaycan Partiyasının da xalq arasındakı nüfuzunu getdikcə artırdı. 

 

O, Aşqarlar Kimyası İnstitutunun həm elmə, həm də dövlət və dövlətçiliyə xidmət göstərdiyini söyləyib , hazırda rəhbərlik etdiyi Partiya Ərazi Təşkilatının 100-dən çox üzvünün olduğunu vurğulayıb.

 

Sonra YAP Yasamal rayon təşkilatı tərəfindən Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyevə Fəxri Fərman təqdim olunub.

 

Daha sonra YAP-ın 30 illiyi münasibəti ilə institutun gənc alim və mütəxəssisləri arasında elan olunan “Ən məhsuldar gənc alim” müsabiqəsinin qalibləri –– Mənsurə Hüseynova (I yer), Günay İsmayılova (II yer), Səbiyə Osmanova və Lalə Əliyeva (III yer) diplom və pul mükafatı ilə, Aşqarlar Kimyası İnstitutunun elmi-ictimai fəaliyyətini səmərəli işıqlandırdığına görə AMEA Rəyasət Heyəti Aparatının Dövri nəşrlər sektorunun müdiri Nərgiz Qəhrəmanova Fəxri Fərmanla təltif edilib.

 

 



18.11.2022 | 15:30