“Tarix yaxından və uzaqdan: Əhməd Cavad zirvəsi “ mövzusunda elmi seminar

Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130-cu ildönümününə həsr olunmuş “Tarix yaxından və uzaqdan: Əhməd Cavad zirvəsi” mövzusunda elmi seminar keçirilib.

 

Seminarda Pedaqoji fakültənin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Təranə Hacıyeva 2022-ci il aprel ayının 20-də Prezident İlham Əliyevin “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladığını xatırladıb və xalqımızın ədəbiyyat tarixində əvəzedilməz xidmətləri olan insanların irsinin araşdırılması istiqamətində dövlətin gördüyü işlərə diqqət çəkib. T.Hacıyeva çıxışında milli istiqlal çarçısı Əhməd Cavadın ömür yolu, həyat və yaradıcılığı, o cümlədən ictimai-siyasi, ədəbi, pedaqoji, tərcüməçi kimi çoxşaxəli fəaliyyəti haqda ətraflı məlumat verib.

 

Sonra kafedranın baş müəllimi Ülvi Babayev “Tarix yaxından və uzaqdan: Əhməd Cavad zirvəsi” mövzusunda elmi məruzə ilə çıxış edib. Əhməd Cavad şəxsiyyətinin ədəbi kimliyindən üstün durduğunu deyən məruzəçi onun ədəbi mühitdə və geniş ictimaiyyətdə həm də Cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınması, repressiya qurbanı kimi özünün və ailə üzvlərinin böyük işgəncələrə məruz qalması, ömrünün sonuna qədər milli istiqlal ideyalarına sadiqliyini qorumasından danışıb.

 

Məruzənin ardınca kafedranın professoru Akif Hüseynov və digərləri görkəmli şəxsiyyət Əhməd Cavadın həyatı, yaradıcılığı və fəaliyyəti haqqında fikirlərini bildiriblər. Çıxışlarda Əhməd Cavadın daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olması, 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilməsi bildirilib.

 

Elmi seminar mövzu ətrafında tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

 

 



19.11.2022 | 13:34