Nitq ləngimələri və məktəb dövründə onun fəsadları

Günümüzün ən aktual məsələlərindən biri də uşaqların nitqindəki problem, nitq ləngimələri və onun uşağın gələcək həyatında, məktəb dövründə təlim fəaliyyətinə mənfi təsir göstərməsidir. Son iki onillikdə uşaqların psixo-emosional inkişafında müəyyən edilmiş dəyişikliklərin statistikası xeyli artmışdır. Bu problemlərdən biri də müxtəlif səbəblərdən nitq inkişafının ləngiməsidir.  Ancaq nitqdə ləngimə vaxtında aşkar edilərsə və aradan qaldırılması istiqamətində lazımi tədbirlər görülərsə, bu, o qədər də ciddi problemə çevrilməz. Bu məsələdə məsuliyyət, ilk növbədə, valideynlərin üzərinə düşür. Onlar narahatlığı hiss etməli, uşağı müayinələrə aparmalı və problemin nədən qaynaqlandığını aşkarladıqdan sonra düzgün həll yolunu tutmalıdırlar. Məsələyə “Orvita” Psixoloji və Reabilitasiya Mərkəzinin təsisçisi və direktoru, psixologiya üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin müəllimi Ramidə Oqtayqızı ilə aydınlıq gətirdik.

 

- Nitq ləngimələri nədən qaynaqlana bilər?

- Təəssüf ki, son dövrlər uşaqlarda psixi və nitq ləngimələrə aktiv şəkildə rast gəlinir. Nitq qüsurlarının səbəbləri müxtəlif olur. Psixo-nitq inkişafı ləngiməsi anadangəlmə amillərdən qaynaqlanırsa uşağın erkən yaşlarında özünü göstərməyə başlaya bilər. Bəzi hallarda danışmada olan ləngimə genetik, yaxud uşağın sağlamlığı ilə bağlı olur. Nitq ləngiməsi tamamilə sağlam uşaqlarda da müşayiət olunur və bəzi hallarda isə bunun çox ciddi səbəbləri ortaya çıxır.

 

- İlk dəfə nitq ləngiməsi nə vaxt müşahidə edilir?

- Körpə dünyaya gəldiyi ilk günlərdən nitqinin inkişafı ilə məşğul olmağa başlamaq lazımdır. Öncə körpənin necə ağladığına diqqət etməlisiniz.  Uşaq ağlamağı ilə fikrini bildirir, ünsiyyət qurur, nəyə ehtiyacı olduğunu çatdırır. Uşaq ilk aylığında daha ifadəli ağlayır və o hər şeyi intonasiya baxımından düzgün edirsə, diqqətli bir ana fərqi anlayır və bu istəklərə cavab verməyi tez öyrənir.  Körpə monoton, yəni eyni səviyyədə ağlayırsa və səsə yaxşı cavab vermirsə, həkimə müraciət etmək lazımdır. 4 ayında uşaq valideynlərin sözlərinə və jestlərinə cavab vermirsə,  1 yaşında çox sakitdir və səs çıxarmırsa, 1.5 yaşında  sadə sözlər (“ana”, “ver”, “gəl”) demir və onları anlamırsa, bu, nitq ləngiməsinin əlamətlərinin göstəriciləridir.

 

Əgər bir uşağın nitqi 4 yaşında açılırsa, burda ləngimə müşahidə olunur və mütləq psixoloji ləngimə də araşdırılmalıdır.

 

- Nitq ləngiməsi gələcəkdə hansı problemlərə yol açır?

- Nitqin inkişafında gecikmə  təfəkkürün inkişafına mane olur. Nitqin inkişafına anadangəlmə zehni və nevroloji xəstəliklərin olması ciddi təsir edən səbəblərdən biridir. Psixi-nitq inkişafın ləngiməsi diaqnozu 5 yaşdan yuxarı uşaqlarda daha çox  qoyulur. Çünki uşaq məhz bu yaşda fəal ünsiyyət qurmağa başlayır, ancaq uşaq ünsiyyətə girmədikdə valideynlər narahat olmağa başlayırlar. Ancaq 5 yaş nitq ləngiməsinin müalicəsinə başlamaq üçün artıq gecdir. Əgər 6 yaşından əvvəl uşaq, ümumiyyətlə, danışmırdısa, deməli onun sağalma ehtimalı 0,2%-dir. 7 yaşından sonra isə nitq yoxdursa, onun olması 0%-dir.  Əlbəttə ki, psixi-nitq inkişafında gecikmənin müalicəsi gecikmənin dərəcəsindən və istifadə olunan metodlardan asılıdır. Ancaq valideynlər ləngimənin əlamətlərini nə qədər tez aşkar etsələr, ideal olaraq 2 yaşa qədər tam sağalma ümidi var.

 

Bəzən bu problemlər 5 yaşına kimi üzə çıxmadığı halda, məktəb dövründə daha qabarıq özünü büruzə verir. Bu zaman həm müəllim, həm uşaq əziyyət çəkir. 

 

Tədqiqatlar göstərir ki, uşaqlar 1 yaşında 10-12, 1-1,5 yaş dövründə 15-20, 2 yaşında isə 200-ə yaxın söz ehtiyatına sahib olur. 3-4 yaş arasında isə uşaqlar 400-500 söz bilməli, nəhayət, 5 yaşında nitqləri tam formalaşaraq məktəbə hazır olmalıdırlar.

 

Bəzən uşağın yaş göstəricisinə baxmayaraq, nitqinin inkişafı, aktiv lüğətində olan sözlərin sayı, çoxhecalı sözləri birləşdirmə və cümlə quraraq danışmaq bacarıqları yaş göstəricisi ilə uyğunlaşmır. Paralel şəkildə uşaqda anlama və qavrama, analiz etmə prosesində olan çətinliklər nitq inkişafının gedişatına da öz mənfi təsirini göstərir.

 

- Məktəbə hazırlıq dövründə uşaqlarda hansı nitq problemləri büruzə verir?

- Bu gün uşaqların məktəbə hazırlıq dövründə bir çox nitq ləngimələrinə dislaliya (sözdəki hərflərin “yeyilməsi”), afaziya (insult sonrası nitqdə yaranan qüsur), diskrafiya (sözü düzgün anlamamaq və düzgün köçürməmək), taxilaliya (sürətli və anlaşılmayan nitq), alaliya (uşağın öz dilində danışması, kəkələmə) və digər nitq qüsurlarına rast gəlinir. Bunun təlim dövrünə təsiri nədən ibarətdir? Təbii ki, təlim dövrü şifahi nitqə daha çox əsaslandığı üçün biz bu uşaqların nitqindəki hər xırda qüsurun təlimə təsir etdiyini müşahidə edirik. Çünki uşaqlar şifahi nitq vasitəsilə həm özlərini ifadə etməlidirlər, həm ünsiyyət qurmalıdırlar, həm də müəllimin tapşırıqlarına yazılı, şifahi olaraq cavab verməyi bacarmalıdırlar. Nitqin ləngiməsi, nitqdə qüsurların olması onların təliminə mənfi təsir etməklə yanaşı,  psixoloji komplekslərə də səbəb olur. Uşaqlar özlərini ifadə etməkdə problem yaşayır, eyni zamanda eşidilən nitqi düzgün anlamağa və yazıya köçürməyə çətinlik çəkirlər.

 

- Başqa hansı amillər nitq ləngimələrinə səbəb ola bilər?

- Nitq inkişafının ləngiməsi, təəssüf ki, tamamilə sağlam uşaqlarda da müşahidə olunan poblemlərdən biridir. Çox vaxt valideynlər özləri uşağın nitqindəki çətinliklərə səbəb olurlar.  Düzgün danışıq və zehni inkişaf üçün fizioloji normalar mövcuddur və uşaqların doğuşundan etibarən onların yerinə yetirilməsinə nəzarət etmək çox vacibdir. Qeyri-düzgün tərbiyə; uşağın çox güclü, ifrat dərəcədə valideyn qayğısı altında olması, yaxud əksinə, qayğıdan məhrum olması, uşaqların assosial ailələrdə böyüməsi də nitq inkişafını ləngidir.

 

Nitq inkişafında geriləmə psixoloji travma ilə də əlaqəli ola bilər, stabil, sağlam ailə mühitində böyümə, həmyaşıdları ilə ünsiyyətdən çəkinə bilər. Bu halda mütləq uşaq psixoloqu ilə işləmək lazım gəlir.

 

Uşağın davamlı şəkildə televizor, kompüter qarşısında oturması, planşet, telefondan istifadə etməsi nitq ləngiməsinin digər səbəbi ola bilər. Bunlar valideynlərin buraxdığı səhvlərdən biridir. Bunun nəticəsində uşaqda nitq ləngiməsi müşahidə olunur, bunlar uşaqların özünə qapanmasına şərait yaradır, sosiallaşmasına mane olur. Nitqin inkişafı üçün sosiallaşma əsas faktorlardan biridir.

 

Psixoloq ilə söhbətimizdən belə nəticəyə gəlirik ki, nitq inkişafındakı geriləmə vaxtında düzəlməsə, uşaq böyüdükcə bu, özünü daha çox büruzə verəcək, onun psixikasında da geriləmə müşahidə olunacaq, məktəbdə oxumaq və yaşıdları ilə ünsiyyət qurmasında son dərəcə çətinlik yaradacaq. Buna görə valideyn daha diqqətli olmalı, problemi uşaq psixoloqu və loqopedlə təmasa girərək həll etməyə çalışmalıdır. Ümumiyyətlə, uşağın danışma çətinliyi nə qədər uzunmüddətli olarsa, psixi və əqli inkişafı bir o qədər gecikər. Çünki uşaqlar böyüdükcə, başqaları ilə dialoqlarda deyilənlərdən daha çox məlumat əldə edirlər. Bu məsələyə səthi yanaşmamalı, valideyn, psixoloq, loqoped və lazım gələrsə, həkimlə birlikdə hərəkət etməli və problemin həllinə  tez və ləngimədən nail olmalıdırlar. Nitqin inkişafında olan geriliyin əsas səbəblərini araşdırıb, korreksiya etməklə mövcud problemləri aradan qaldırmaq mümkündür. Multidissiplinar komanda şəklində korreksiya işinin aparılacağı halda daha effektli nəticələr əldə etmək mümkündür.

 

Dilrubə SƏRDARQIZI

 



19.11.2022 | 15:11