Diqqətli ol! MİNA VAR

Ölkədə müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində bərpa və yenidənqurma işlərinin ardıcıl xarakter alması dövlətimizin prioritetləri sırasındadır. Bu strategiyaya Heydər Əliyev Fondu da 2005-ci ildən icra olunan “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı ilə davamlı şəkildə dəstək verir.

 

Bu ilin sentyabr aynda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunda əsaslı təmir edilmiş 87 nömrəli məktəb kompleksində və Nəsimi rayonunun ərazisində yeni inşa edilmiş 35, həmçinin Abşeron rayonu Azim Müzəffərov adına Saray qəsəbə 2 nömrəli tam orta məktəblərdə olarkən yaradılan şəraitlə, təhsil müəssisələrinin ekosinifləri, fənn kabinetləri, o cümlədən  çağırışaqədərki hərbi hazırlıq kabinetləri ilə tanış oldu.

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, qətiyyətli iradəsi və ordumuzun rəşadəti nəticəsində xalqımızın ən böyük arzusunun gerçəkləşməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi dövlətçiliyimizin ən şərəfli  səhifəsidir. Lakin mənfur düşmənin törətdiyi əməllərin fəsadları qalmaqla  yanaşı, işğaldan azad edilmiş torpaqlarımıza xüsusi icazə olmadan gedən mülki vətəndaşlar, o cümlədən gənclər arasında minaya düşərək həlak olan və yaralananlara  təəssüf ki, rast gəlinir.

 

Yuxarıda qeyd olunan və digər məktəblərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 avqust 2021-ci il tarixli, F-416 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin müəllim, şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr”in” tədris prosesində icrasının təmin edilməsi məqsədilə “açıq dərslər” və maarifləndirmə tədbirləri keçirilib.

 

***

Bakı şəhəri 87 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, həmin sektorun məsləhətçisi Şahanə Bağırova, məktəbin psixoloqu, qazi İsrafil Hüseynov,  qazi Əlipənah Zülfüqarov iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə məktəbin direktoru Elmira Ələkbərova açdı. Sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin çağırışaqədərki hazırlıq metodisti Mürsəl Qurbanov və Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, kapitan Ələkbər Ələkbərov“ Mina təhlükəsizliyi, partlamamış hərbi sursatlar və ehtimal olunan digər xoşagəlməz hallar üzrə maarifləndirmə işləri və tədbirləri” mövzusunda çıxış ediblər.

 

Dərsdə şagirdlərə mina təhlükəsizliyi  haqqında videoçarxlar nümayiş olunarkən onlara minaların təhlükələri  və minalı ərazilərdə  necə diqqətli olmaları, mina ilə qarşılaşdıqda  necə rəftar etməli olduqları barədə praktik şəkildə  məlumat verildi.

 

Tədbirin sonunda məktəbin rəhbərliyinə təlimat kitabçası və partlayıcı sursatların təhlükəsinə dair təbliğat materialları olan maarifləndirici, xəbərdaredici poster və bukletlər təqdim olunub.

 

***

 

Bakı şəhəri 35 nömrəli tam orta məktəbdə “Mina təhlükəsizliyi” mövzusunda tədbir keçirildi.

 

Öncə Azərbaycan Respublikasının Dövlət  Himni səsləndirildi. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin çağırışaqədərki hazırlıq müəllimi N.Qurbanov minaların xüsusiyyətlərindən danışdı.

ANAMA-nın maarifləndirmə işləri üzrə baş mütəxəssisi Ceyhun Quliyev şagirdlərə minaların maketləri üzərində mina təhlükəsizliyinə dair praktiki məlumat verib, mina qurbanlarının statistikası, mina hadisələrinin fəsadları haqqında danışıb. Dərsdə ANAMA-nın fəaliyyətinə dair sosial çarx və təhlükəli ərazilərin əlamətlərini, mina xəbərdaredici işarələrin tanınmasını əks etdirən videoçarxlar nümayiş olunub.

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Əhliyət Adıgözəlov bugünkü şagirdlərin gələcəyin qurucuları olduğunu, müəllimlərin onların daha mükəmməl yetişdirilməsində göstərdiyi və göstərməli olduqları fəaliyyətdən danışdı.

 

44 günlük Vətən müharibəsinin canlı şahidi olan qazimiz, Aprel döyüşləri iştirakçısı, XTG-nin zabiti Şəmsəddin Qurbanov çıxış edərək öz təəssüratlarını müəllim və şagirdlərlə bölüşdü.

 

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova və sektorun əməkdaşı Şahanə Bağırova iştirak edib.

 

***

 

“Ankara məktəb” məktəb-liseydə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi maarifləndirmə tədbiri  keçirib.

 

ANAMA-nın əməkdaşı Ceyhun Quliyev şagirdlərə mina və partlamamış hərbi sursatlar, mina təhlükəsinə dair təhlükəsizlik qaydaları, minalı əraziləri fərqləndirən əlamətlər, “112” və “102” Qaynar xətlərinin xilasetmədə əhəmiyyətindən söhbət aparıb, ANAMA-nın fəaliyyətinə dair sosial çarx və təhlükəli ərazilərin əlamətlərini, mina xəbərdaredici işarələrin tanınmasını əks etdirən videoçarxlar nümayiş edilib, məktəblilərin suallarını cavablandırıb.

 

Tədbirdə Elm və Təhsil Nazirliyinin əməkdaşı Əhliyət Adıgözəlov, Vətən müharibəsi  qaziləri və məktəb-liseyin müəllim kollektivi iştirak edib.

 

***

 

Abşeron rayonu Azim Müzəffərov adına Saray qəsəbə 2 nömrəli tam orta məktəbin XI sinif şagirdləri üçün mina təhlükəsizliyi ilə bağlı “açıq dərs”keçirilib.

 

Dərs Azərbaycan Respublikasının Dövlət Himninin ifası və Vətən torpaqlarının azad olunmasında canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

 

Məktəbin direktoru Səkinə Abbasova bildirdi ki, Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il 20 avqust tarixli əmrinin icrası ilə bağlı məktəb üzrə müvafiq tədbirlər planı təsdiq olunub və hazırda bir sıra işlər həyata keçirilib.

 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, kapitan Ələkbər Ələkbərov videoçarxlardan istifadə edərək “Mina təhlükəsizliyi, partlamamış hərbi sursatlar və ehtimal olunan digər xoşagəlməz hallar üzrə maarifləndirmə işləri və tədbirləri” mövzusunda çıxış edib.

 

Vətən müharibəsinin qazisi İlqar Quliyev şagirdlərə öz döyüş xatirələrindən danışaraq bu təhlükəyə hər yerdə rast gəlinə biləcəyi və belə təhlükə aşkar olunarkən hansı addımlar atılması barədə məlumat verib.

 

Sonda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Əhliyət Adıgözəlov çıxış edərək öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.Tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsi Abşeron rayon sektorunun əməkdaşları Pərviz Əhmədov və Aslan Həziyev, Vətən müharibəsinin qaziləri və iştirakçıları, məktəbin müəllimləri iştirak ediblər.

 

***

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində mina təhlükəsinə dair maarifləndirici mövzuda yuxarı sinif şagirdlər üçün təlim keçirildi.

 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, kapitan Ələkbər Ələkbərov təhlükəli ərazilərin əlamətləri, minadan necə qorunma və təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verdi. Elm və Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev minatəmizləmə fəaliyyətinin əsas meyarlarından biri olan mina və partlamamış hərbi sursatların təhlükəsinə dair maarifləndirmə işlərinin, xəbərdaredici təbliğatın aparılmasının zəruriliyi barədə danışıb.

 

Tədbirdə Kompleksin icraçı direktoru Aqşin Bağırov, liseyin riyaziyyat müəllimi, Vətən müharibəsi iştirakçısı Vüqar Nuriyev, çağırışaqədərki hazırlıq müəllimi Azər Məmmədov və yuxarı sinif şagirdləri iştirak ediblər.

 

***

 

Azərbaycan Respublikası təhsil nazirinin 20.08.2021-ci il tarixli F-416 nömrəli “Təhsil müəssisələrinin müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr”in təsdiq edilməsi haqqında əmrdən irəli gələn tələblərin icrası ilə əlaqədar leytenant Arif Nuriyev adına Lerik şəhər 1 nömrəli  texniki fənlər təmayüllü liseydə “Mina təhlükəsinə dair maarifləndirmə” mövzusunda tədbir keçirildi.

 

Liseyin direktoru, Əməkdar müəllim Gültəkin Şıxəliyeva tədbirin mahiyyətindən danışaraq, şagirdlərə,  həmçinin müəllimlərə  əmrin icrası və qarşıda duran vəzifələr barədə məlumat verdi.

 

Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik Rayonu üzrə Təhsil Sektorunun müdiri Zöhrab Salayev, 1-ci Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçıları və qaziləri iştirak edirdi.

 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, kapitan Ələkbər Ələkbərov şagirdlərə minanın  forması, rəngi, ölçüsü, nədən hazırlanması barədə danışıb, partlamamış hərbi sursatların ola biləcəyi yerlər, rəsmi və qeyri-rəsmi mina işarələri, onlara minalanmış əraziyə daxil olarkən təhlükəsiz hərəkət etmə qaydaları barədə məlumat verdi. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin baş məsləhətçisi Rövşən Ağayevin çıxışında mina və müharibənin partlayıcı qalıqlarının təhlükəsi ilə bağlı maarifləndirmə tədbirlərinin davam etdirilməsinin, vətəndaşlara diqqətli davranış və məsuliyyətli yanaşmanın təbliğ olunmasının vacibliyindən danışıb.

 

***

 

Lerik rayonun Hamarmeşə kənd tam orta məktəbində mina təhlükəsinə dair maarifləndirmə mövzusunda məktəbin X-XI sinif şagirdlərinin iştirakı ilə nümunəvi “açıq dərs” keçirildi.

 

Məktəbin direktoru Fərman Haşımov mina və partlamamış hərbi sursatlar haqqında şagirdlər və müəllimlərlə aparılmış maarifləndirmə işləri barədə məlumat verdi.

 

FHN-nin nümayəndəsi, kapitan Ələkbər Ələkbərov minaların və partlamamış döyüş sursatlarının iş prinsipləri, zədələyici təsirləri və onlardan qorunmağın yolları barədə ətraflı məlumat verərək, azad olunan ərazilərdə görülən işlərdən danışdı. Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsilə bağlı maarifləndirici tədbirlərin rolundan, ayrı-ayrı fənlərin tədrisində vətənə məhəbbət, dövlətçiliyə sədaqət kimi istiqamətlərə xüsusi diqqət yetirilməsınin vacibliyindən söz açıb.

 

***

 

Azərbaycan Respublikası təhsil nazirinin “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr”in təsdiq edilməsi barədə” 2021-ci il 20 avqust tarixli əmrinin icrası ilə bağlı Fövqəladə Hallar Nazirliyinin və ANAMA-nın nümayəndələrinin, Qarabağ müharibəsi iştirakçılarının iştirakı ilə Cəlilabad şəhər 3 nömrəli ümumi orta məktəbində rayon ümumtəhsil məktəblərinin direktorları və hərbi rəhbərləri, həmçinin Sabunçu rayonu 10 nömrəli sanatoriya tipli internat məktəbin şagirdləri ilə maarifləndirmə tədbirləri təşkil olunub.Tədbirlərdə məktəblərin rəhbərlərinə təlimat kitabçası və partlayıcı sursatların təhlükəsinə dair təbliğat materialları olan maarifləndirici və xəbərdaredici poster və bukletlər təqdim olunub.

 

 



20.11.2022 | 11:38