Ağsuda “Sağlam qidalan sağlam ol!” layihəsinin hesabat tədbiri keçirilib

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu rayon Kəndoba kənd  tam orta məktəbində Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən “Sağlam qidalan sağlam ol!” adlı layihənin yekun hesabat tədbiri keçirilib.

       

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Ağsu rayon Komitəsi əməkdaşlarının, Ağsu rayon təhsil ictimaiyyəti nümayəndələrinin, layihə üzrə işçi qrupunun, təlimçi və ekspertlərin iştirak etdiyi tədbirdə çıxış edən layihə rəhbəri Ziba Məmmədova  bildirib ki, layihənin əsas məqsədi məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə təhlükəsiz qidalanma vərdişlərinin aşılanmasıdır. Z.Məmmədova  layihə çərçivəsində Ağsu rayonu Kəndoba, Pirhəsənli və Çiyni kənd tam orta məktəblərində  tematik seminarların, həmçinin məktəblilər üçün nəzərdə tutulmuş “Mənim sağlam sinifim” adlı esse müsabiqəsinin keçirildiyini və müsabiqənin qaliblərinin müəyyənləşdirildiyini deyib.
     

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Ağsu rayon Komitəsinin sədri Sevinc Behbudova layihənin əhəmiyyətindən söz açıb, bu istiqamətdə həyata keçirilən tədbirlərin vacibliyini vurğulayıb.
      

Daha sonra tədbirdə çıxış edən Kəndoba kənd tam orta məktəbinin direktoru Afaq Məhəddinova  qeyd edib ki, insanlar düzgün qidalanmaqla yanaşı, həmçinin sağlam qida ilə bağlı bilgilərə də sahib olmalıdırlar.
       

Sonda tədbir iştirakçılarına layihə çərçivəsində çap olunan “Sağlam qidalan sağlam ol!” adlı flayerlər paylanılıb.

      



21.11.2022 | 15:18