“Bilim Bakı” mərkəzi ilə tanışlıq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva “ASAN Həyat” Kompleksi nəzdində fəaliyyət göstərən “Bilim Bakı” mərkəzində olub, müxtəlif dərnəklərə cəlb edilmiş şagirdlərlə görüşüb.

 

M.Vəliyeva gənc nəslə elm, innovasiya və texnologiya sahəsində XXI əsrin bacarıqlarına yiyələnmək imkanı verən “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə tanış olub, təlim proqramlarının iştirakçısı olan şagirdlərlə söhbət edib. İdarə müdiri “Bilim Bakı” mərkəzində perspektiv ehtiyacları nəzərə alan, layihə əsaslı, gündəlik həyat problemlərinin həllinə yönələn və şagirdlərə XXI əsrin bacarıqlarına yiyələnmək imkanı verən “Deneyap” texnologiya proqramı barədə məktəblilərlə fikir mübadiləsi aparıb.

 

Qeyd edək ki, ümumi təhsil məktəblərinin 6-14 yaş arası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönələn mərkəz məktəblilərə elmi biliklərin təcrübədə necə tətbiq olunduğunu müşahidə etmək imkanı yaradır.

 

Xatırladaq ki, bu ilin mayında Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə açılan “Bilim Bakı” mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə təsisçisi Selçuk Bayraktar olan Türkiyə Texnologiya Komandası Vəqfi arasında imzalanmış əməkdaşlıq barədə protokola əsasən yaradılıb.

 

 



21.11.2022 | 13:00