Azərbaycan Tibb Universitetində Türkiyə-Azərbaycan HPB Cərrahiyyəsi konfransı

Azərbaycan Tibb Universitetində (ATU) 2-ci Türkiyə-Azərbaycan HPB Cərrahiyyəsi konfransı keçirilib.  ATU və Türk HPB Cərrahiyəsi Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan tədbir “Pankresın neoplastik kistlərinə müasir yanaşma” mövzusuna həsr edilib.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun elmi işlər özrə prorektoru, dosent Rauf Bəylərov  Azərbaycan və Türkiyə arasında hər sahədə olduğu kimi, səhiyyə və təhsil istiqamətində də irimiqyaslı layihələrin icra edildiyini bildirib, tədbiri ikitərəfli əlaqələrə  töhfə kimi qiymətləndirib. Qeyd edib ki, hazırda ATU-nun beynəlxalq əlaqələrində ilk sırada məhz Türkiyənin universitetləri və tibb müəssisələri ilə əməkdaşlığın olması təsadüfi deyil.  Türkiyənin 30-dan çox universiteti ilə qarşılıqlı əməkdaşlığa dair memorandum mövcuddur ki, bu işbirliyi çərçivəsində müştərək elmi işlər aparılır, mütəxəssislərin və tələbələrin mübadiləsi həyata keçirilir.

 

Səhiyyə nazirinin müavini Nadir Zeynalov  tədbirin mövzusunun müasir tibb üçün böyük əhəmiyyət daşıdığını söyləyib. O, hepato-pankreato-biliar cərrahiyyənin ümumi  cərrahiyyənin çox mürəkkəb, eyni zamanda sürətlə inkişaf edən sahələrindən biri olduğunu qeyd edib. “Tibbi texnologiyalar təkmilləşdikcə  hər bir sahədə olduğu kimi, bu sahədə də patalogiyaların aşkarlanması artıb, müvafiq olaraq, diaqnostik və müalicə tədbirləri də genişlənib” -deyən nazir müavini fikir mübadiləsi aparılması, müzakirələrin təşkili baxımından belə tədbirlərin böyük önəm daşıdığını vurğulayıb.

 

ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri Nuru Bayramov  Azərbaycan və Türkiyə arasında hərtərəfli münasibətlərin təhsil sahəsinə də güclü sirayət etdiyini bildirib. Türk HPB Cərrahiyyə Dərnəyi ilə ATU-nun I Cərrahi xəstəliklər kafedrası arasında çox sıx və uzunmüddətli əlaqələrin olduğunu qeyd edən natiq indiyədək bir çox ortaq layihələrə imza atdıqlarını xatırladıb. N.Bayramov bu işlərin davamlı olacağına və konfransın əməkdaşlığa ciddi töhfə verəcəyinə ümid etdiyini söyləyib.

 

Türk HPB Cərrahiyyə Dərnəyinin rəhbəri Mustafa Kerem də Azərbaycanda görülən işlər barədə danışıb:”Ölkəmizdə açılan HPB mərkəzi türkiyəli mütəxəssislər tərəfindən hepato-pankreato-biliar cərrahiyyəsinin əsaslarını öyrədən təhsil platformasıdır. Mərkəzin əsas məqsədi ümumi cərrahiyyə üzrə təhsil alan və ya artıq təhsil almış tibb işçilərinin HPB cərrahiyyəsinin fəlsəfəsini qavramasına yardımçı olmaq, bu sahəyə marağı olan cərrahlara kömək etməkdən ibarətdir”.

 

Çıxışlardan sonra konfrans öz işini panel sessiyalarla davam etdirib.

 

 



22.11.2022 | 10:48