“Tələbələr öyrəndikləri biliklərlə, qazandıqları təcrübələrlə gələcəkdə fəaliyyətlərini daha səmərəli quracaqlar”

Naxçıvan Müəllimlər İnstitutunda  “IV sinif riyaziyyat dərslərində qeyri-standart məsələlərin həllində qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları”na həsr edilən dəyirmi masa keçirilib.

 

Dəyirmi masada institutun Riyaziyyat və onun tədrisi metodikası kafedrasının professor-müəllim heyəti, İbtidai sinif müəllimliyi ixtisası üzrə bir qrup tələbələr və muxtar respublika ümumtəhsil məktəblərindən 30 nəfər ibtidai sinif müəllimi iştirak edib.

 

İnstitutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Həbibə Allahverdiyeva çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə təşkil olunan dəyirmi masanın keçirilməsinin əsas məqsədi ibtidai siniflərdə riyaziyyat fənninin tədrisində, o cümlədən IV sinif riyaziyyat dərslərində qeyri-standart məsələlərin həllində qarşıya çıxan çətinliklərin aradan qaldırılmasının səmərəli həlli yollarını tapmaq, bu üsul və vasitələri dərslərdə tətbiq edərək tədrisin keyfiyyətini yüksəltməkdən ibarətdir. Prorektor diqqətə çatdırıb ki, dəyirmi masada gələcək ibtidai siniflər üzrə müəllim kadrlar olan tələbələrin iştirak etmələri də məhz bu məqsədə xidmət edir:”Onlar indi öyrəndikləri bilik və bacarıqlarla, qazandıqları təcrübələrlə gələcəkdə fəaliyyətlərini daha səmərəli quracaq və qarşıya çıxan çətinliklərin öhdəsindən asanlıqla gələcəklər”.

 

Sonra Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, professor Yaqub Məmmədovun, kafedranın dosenti Südabə Məmmədovanın mövzu ətrafında çıxışları dinlənilib. Ali təhsil ocağı və ümumtəhsil məktəblərinin müəllimləri ilə maraqlı müzakirələr, təcrübə mübadiləsi aparılıb.

 

 



26.11.2022 | 12:24