“Art terapiya ilə duyğularını daha aydın ifadə et!” layihəsi çərçivəsində təşkil olunan həftə seansları başa çatıb

Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay şəhər 4 nömrəli tam orta məktəbində Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən “Art terapiya ilə duyğularını daha aydın ifadə et!” layihəsi üzrə həftə seansları keçirilib.

         

Həftə seanslarında layihə rəhbəri Səkinə Mürsəlova, layihə üzrə ekspert Ziba Məmmədova, təlimçi Elnarə Qasımova və rayon təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Layihə rəhbəri, Göyçay şəhər 4 nömrəli tam orta məktəbinin texnologiya müəllimi Səkinə Mürsəlova layihənin məqsədi və həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihədə məqsəd 20 nəfərə yaxın valideyn himayəsindən məhrum olmuş uşaqlarla art terapiyanın keçirilməsindən, onların əylənərək problemlərinin həll edilməsindən, aqressiya, narahatlıqlardan uzaqlaşmasına yardım göstərməkdən, qabiliyyət və bacarıqlarının kəşf edilməsindən, onlar üçün maneəsiz yaradıcı mühit formalaşdırmaqdan ibarətdir.

 

Təlimçi E.Qasımova layihənin əhəmiyyətindən söz açıb, art terapiyanın emosiyalar üzərində bir eksperiment olduğunu bildirib.

        

Layihə üzrə ekspert Z.Məmmədova yeniyetmələr arasında gizlənmiş emosional problemlərin art terapiya vasitəsi ilə üzə çıxarılmasının vacibliyini qeyd edib. Söyləyib ki, depressiya, mutizm, uşaqlarda zəka inkişaf pozğunluqlarında art terapiyadan geniş istifadə olunur. O, həmçinin layihə çərçivəsində fototerapiyadan istifadə olunacağını və layihənin yekunu kimi hazırlanmış fotoların sərgisinin keçiriləcəyini vurğulayıb.

 

Sağlam təhsil sinifində 20-yə yaxın şagirdin iştirakı təmin olunub. Layihənin psixoloqu Tərlan İbrahimov ilkin mərhələdə psixoloji sorğu anketləri vasitəsi ilə şagirdlərin daxili dünyasını daha yaxşı öyrənib. Sağlam təhsil sinifində “Mandala”, “Mövcud olmayan heyvan”, “Mən kiməm?”, “Avtoportret”, “Əhval-ruhiyyəm”, “Vəziyyətim”, “Kollektiv avtoportret”, “Ailə gerbi”, “Hədiyyələr”, “Güzgü”, “Xeyir və şər” adlı çalışmaların tətbiqini nəzərdə tutan proqram üzrə işlər aparılır.

 

Seansların keçirildiyi müddətdə onların çəkdiyi hansısa bir şəklə əsasən narahatlıqları aydınlaşdırılır, yaxud qum və gil vasitəsilə düzəltdikləri hər hansı bir elementə əsasən, problemlərinin nədən qaynaqlandığı müəyyənləşdirilir.      
Həftə seanslarında, əsasən musiqi terapiyası, fototerapiya, nağıl terapiyası, ədəbiyyat terapiyası təlimləri keçirilib. Şagirdlərin təqdimatında müxtəlif ədəbi- bədii kompozisiya, rəqs nümunələri və fləşmob nümayiş etdirilib.

 



28.11.2022 | 12:46