LDU-da məişət zorakılığı ilə bağlı maarifləndirici tədbir

Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi ilə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  “Qadınlara və qızlara qarşı gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq kampaniyası” çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) maarifləndirici tədbir keçirib.

 

“25 noyabr-Qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda beynəlxalq mübarizə günü”ndən başlayaraq, “10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü”nədək davam edən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində keçirilən tədbirdə LDU-nun  tələbə və müəllimləri iştirak ediblər.

 

Moderator  Əfsanə Tahirova, hüquqşünas Rəşid Məmmədov, multimedia sənətçisi Sitarə İbrahimbəyli, bloger Xanım Əzizovanın  iştirakı ilə aparılan müzakirələrdə ayrı-seçkilik yaradan sosial normalar, onların gender əsaslı zorakılığın davam etməsində rolu, habelə zorakılığın qarşısının alınması yolları nəzərdən keçirilib. Çıxışlarda bildirilib ki, ictimai müzakirənin əsas məqsədi gender əsaslı zorakılıqla mübarizə yollarını müzakirə etmək, habelə insan hüquqları mexanizmlərini cəmiyyətə aşılamaqdır. Layihə çərçivəsində fəal icmalar, müəllimlər, tələbələr və regional nümayəndələrin dəstəyi ilə məlumat sessiyalarının, maarifləndirici seminarların və təqdimatların keçirilməsi bu məqsədə xidmət edir.

 

Tədbirin sonunda iştirakçıları maraqlandıran  suallar cavablandırılıb.

 



28.11.2022 | 18:25