Azərbaycan Tibb Universiteti beynəlxalq konqresə ev sahibliyi edəcək

Hər il Türkiyədə keçirilən Beynəlxalq Türk dünyası Dağınıq Skleroz Konqresinin növbəti toplantısının Bakıda Azərbaycan Tibb Universitetinin (ATU) ev sahibliyi ilə keçirilməsi planlaşdırılır. Bu barədə ATU-nun rektoru, professor Gəray Gəraybəylinin Türkiyənin Sağlamlıq Elmləri Universitetinin nümayəndə heyəti ilə görüşü zamanı müzakirələr aparılıb.

 

Sağlamlıq Elmləri Universitetinin nevrologiya üzrə mütəxəssisi, professor Şərəf Dəmirkaya görüşdə artıq dörd ildir keçirilən Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresi barədə məlumat verib, tədbirin məqsədinin Türkiyə və türkdilli ölkələrdə dağınıq  skleroz sahəsində çalışan mütəxəssislər arasında məlumat mübadiləsinin təşkil edilməsindən ibarət olduğunu bildirib. Professor Ş.Demirkaya ilk konqresin 2019-cu ildə Ankarada keçirildiyini, sonradan tədbirə dost və qardaş ölkələrdəki məsləkdaşlar tərəfindən böyük diqqət olduğu nəzərə alınaraq növbəti illərdə tədbirin başqa ölkələrdə keçirilməsinin qərara alındığını deyib. 4-cü toplantı  ötən il Özbəkistanın Səmərqənd şəhərində gerçəkləşdirilib. Professor Ş.Demirkaya beşinci beynəlxalq toplantının isə ATU-nun ev sahibliyi ilə Bakıda təşkil olunmasını təklif edib.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara təklif üçün təşəkkür edib, universitet tərəfindən bu konqresin Bakıda təşkili üçün zəruri olan addımların atılacağnı bildirib. Qeyd edib ki, belə bir beynəlxalq tədbirin Bakıda təşkili bu sahədə işləyən mütəxəssislərin təcrübələrini paylaşmaq, həm də ortaq çalışma və araşdırmalarla ölkələr arasındaki işbirliyini gücləndirmək üçün gözəl imkandır.  G.Gəraybəyli 2023-cü ilin iyununda ölkəmizdə keçiriləcək Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresinin həm Azərbaycan, həm də Türk dünyasındakı nevroloqların işinə önəmli töhfə verəcəyindən əminliyini ifadə edib.   

 

Daha sonra Sağlamlıq Elmləri  Universitetinin Klinik Psixologiya kafedrasının rəhbəri, dosent Aynur Feyzioğlu görüş iştirakçılarına Buxara Dövlət Tibb Universiteti ilə birgə görülən işlər, ortaq layihələr barədə məlumat verib. O, gələcəkdə Azərbaycan Tibb Universiteti ilə də birgə layihələr reallaşdırıla biləcəyini qeyd edib.

 



29.11.2022 | 10:31