Türkiyənin Naxçıvandakı Baş konsulu ilə görüş keçirilib

Naxçıvan Dövlət Universitetində (NDU) Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz ilə görüş keçirilib. Görüşdə NDU-nun rektoru Elbrus İsayev Türkiyənin muxtar respublikadakı Baş Konsulluğu ilə universitet arasında səmərəli əməkdaşlıqdan söz açıb. Diqqətə çatdırıb ki, iki qardaş ölkənin birliyi, yaxınlığı  bu ölkələrin müxtəlif sahələrdə əməkdaşlığına, o cümlədən təhsil sahəsində informasiya və təcrübə mübadiləsinə müsbət təsir göstərir. Antalya Bilim Universiteti və Antalya Akdeniz Universiteti ilə qarşılıqlı əlaqələrin yaradılacağından bəhs edən rektor qardaş ölkənin ali təhsil ocaqları ilə əməkdaşlığın bundan sonra daha yüksələn xətlə inkişaf edəcəyinə əminliyini söyləyib.

 

Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz da Türkiyə-Azərbaycan əlaqələrinin elm və təhsil sahəsində müsbət nəticələr doğurduğunu   vurğulayıb. İki qardaş ölkə arasında elmi-mədəni əlaqələrin davam etdiyini diqqətə çatdıran Baş konsul bu amili milli kimliyə bağlılıq, ortaq dəyərlərə hörmətin təcəssümü kimi dəyərləndirib. Baş konsul çıxışının sonunda Naxçıvanla bağlı xoş təəssüratlarını bölüşüb, xidməti müddətində əməkdaşlığın inkişafına göstərilən diqqətə və yaradılan şəraitə görə minnətdarlığını bildirib.

 



29.11.2022 | 12:08