Görkəmli alim Həsən Mirzəyevin 95 illiyinə həsr olunan Beynəlxalq konfrans

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Şöhrət” ordenli, Əməkdar elm xadimi, görkəmli dilçi alim, professor Həsən Mirzəyevin 95 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan dilçiliyinin aktual problemləri” adlı Beynəlxalq elmi konfrans öz işinə başlayıb. 

 

İki gün davam edəcək konfransda canlı və onlayn formatda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Hindistan, Gürcüstan və Nigeriyadan nümayəndələr iştirak edirlər.

 

Tədbirdə iştirak edən Milli Məclisin deputatları, Elm və Təhsil Nazirliyinin nümayəndələri, ali təhsil müəssisələrinin və tədqiqat institutlarının rəhbərləri, tanınmış elm və mədəniyyət xadimləri, xarici ölkələrdən gələn alimlər, eləcə də alimin yetirmələri əvvəlcə universitetin foyesində Həsən Mirzəyevə həsr edilmiş sərgiyə baxıblar.

 

ADPU ilə Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) tərəfdaşlığı ilə təşkil olunan konfrans Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Giriş sözü ilə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov fədakar alimin həyat yolundan və elmi axtarışlarından söz açıb.

 

Sonra görkəmli alimin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

 

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, akademik Nizami Cəfərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, Türkiyənin Qazi Universitetinin professoru Hülya Kasaboğlu, Fırat Universitetinin professoru Ahmet Buran, Özbəkistan Dövlət Şərqşünaslıq Universitetinin türkologiya fakültəsinin dekanı, dosent Cumali Şabanov və digər çıxış edənlər Azərbaycan dilçilik elminin tədqiqində, filologiya və türkologiya sahəsində dərin izlər buraxmış Həsən Mirzəyevin elmi əsərlərinin öz aktuallığı ilə bu gün də tələbələr, tədqiqatçılar, xüsusən də gənc alimlər üçün əsl mənbə olduğunu vurğulayıblar.

 

Çıxış edənlərdən Türkiyənin Kafkas Universiteti Çağdaş Türk Ləhçələri və Ədəbiyyatları Bölümünün dosenti İlkin Qulusoy magistrantı Səma Şahinlə bərabər hazırladığı, professor Mahirə Hüseynovanın redaktoru olduğu Həsən Mirzəyevin 95 illiyinə ithaf olunmuş “Karşılaştırmalı deyimbilimi” (“Müqayisəli frazeologiya”) əsərini konfrans iştirakçılarına təqdim edib.

 

ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, professor İbrahim Bayramov “Görkəmli dilçi alim, professor Həsən Mirzəyev” mövzusunda məruzə ilə çıxış  edib.

 

Çıxışlardan sonra təşkilat komitəsi adından konfransın təşkilindəki xidmətlərinə görə professor Cəfər Cəfərov, professor Asəf Zamanov, professor Mahirə Hüseynova, professor Ahmet Duran, professor Hülya Kasaboğlu, dosent Cumali Şabanov, dosent İlkin Qulusoy və Gürcüstan Dövlət Universitetinin professoru Elizabet Bjalava mükafatlandırılıb.

 

Sonda professor Həsən Mirzəyevin ailəsi adından çıxış edən Mərkəzi Dəmiryol Xəstəxanasının baş həkimi Müşfiq Mirzəyev göstərilən yüksək diqqətə görə ADPU rəhbərliyinə və elmi ictimaiyyətə minnətdarlığını bildirib.



29.11.2022 | 16:17