Azərbaycan Dövlət Pedaqoji Universitetində elmi tədqiqat layihəsinin nəticələri təqdim olunub

“Müasir təlim texnologiyalarına və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin ADPU-da tətbiqi”

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Müasir təlim texnologiyalarına və beynəlxalq təcrübəyə əsaslanan yeni məzmunlu təhsilin ADPU-da tətbiqi” layihəsi çərçivəsində Elmi-Tədqiqat Mərkəzinin “Mentorluq fəaliyyətinin tətbiqi nəticəsində təhsilin tədqiqata əsaslanan yeni məzmunda təşkili (ADPU-nun filologiya fakültəsinin nümunəsi əsasında)” mövzusu üzrə apardığı araşdırmanın nəticələrinin təqdimatı keçirilib.

 

Təqdimat mərasimində ADPU-nun rəhbərliyi, universitetin tədqiqatçıları və müvafiq struktur rəhbərləri iştirak ediblər.

 

Araşdırmanın əsas məqsədi müəllimlərin praktik bacarıqlarının inkişaf etdirilməsi və tədrisdə tədqiqata əsaslanan təlimin təşkilinə istiqamət­lən­dirilməsinə nail olmaqdır.

 

Tədqiqatın əsas vəzifəsi qabaqcıl beynəlxalq təcrübənin və yeni təlim texnologiyalarının tətbiqi məsələlərinin araşdırılması əsasında ADPU-da tədris prosesinin təkmilləşdirilməsinə töhfə verməkdir.

 

Layihə çərçıvəsində beynəlxalq təcrübənin öyrənilməsi üçün Türkiyə universitetlərində (Hacəttəpə və Qazi universitetlərində filologiya ixtisasları üzrə pedaqoji kadr hazırlığına dair) və ADPU-nun filologiya fakültəsində tədris üzrə mövcud vəziyyət təhlil edilib. Bu məqsədlə mərkəzin tədqiqatçıları Hacəttəpə və Qazi universitetlərində elmi ezamiyyətdə olub, ADPU-da “dəyirmi masa”lar təşkil edilib, tədris planları, fənn proqramları, sillabuslar, elmi-tədqiqat işləri araşdırılıb, kafedralarda professor-müəllim heyətinin və tələbələrin fikirlərinin öyrənilməsi məqsədilə sorğular keçirilib, mühazirə və seminar dərslərin  müşahidələri aparılıb. Türkiyənin təcrübəsi və yerli təcrübə müqayisəli şəkildə təhlil olunub. Ehtiyaclara dair nəticələr müəyyənləşdirilib və qiymətləndirilib. Pedaqoji yönümlü, tədqiqata əsaslanan və həyatla əlaqəlilik prinsipinə malik məzmunun tətbiq edilməsi məqsədilə professor-müəllim heyəti üçün təlimlər keçirilib. Layihənin yekunlarına dair metodik vəsait hazırlanıb.

 

Təqdimatın yekununda rektor professor Cəfər Cəfərov tədqiqat işinin universitetdə keyfiyyət yenilənmələrinə dəstək baxımından əhəmiyyətini vurğulayıb, bu kimi tədqiqatların bütün strukturlarda sistemli şəkildə aparılmasını tövsiyə edib, beynəlxalq təcrübənin öyrənilməsi yolu ilə tədrisdə təkmilləşdirmə işlərinin vacibliyini bildirib.

 



02.12.2022 | 16:32