“Bərabər yarışımızdan böyük zövq alırıq”

Beynəlxalq STEAM Azərbaycan Festivalında guşələri gəzərək nümayiş olunan layihələrlə tanış olarkən iştirak edən müəllim və şagirdlərlə söhbətləşdik, onların layihə və festival ilə bağlı fikir və təəssüratlarını öyrəndik.

 

“Bu fəaliyyətlər uşaqlarda motorik, əl, beyin və sürət bacarıqlarını formalaşdırır”

 

Abşeron rayonunun Xırdalan şəhəri 3 nömrəli məktəb-liseyin müəllimi Fatma Əyyubova bu festivalda ilk dəfə iştirak etdiyini, gözləntilərinin qalibiyyət olduğunu və buraya yüksək inamla qatıldığını bildirib. STEAM-ın şagirdlərə böyük təcrübə qazandırdığını qeyd edən müsahibim görəcəyi işlərdən də söz açıb: “Qaliblər arasında bizim də layihəmizin olması üçün “RoboKids” kateqoriyası üzrə yarışa qatılmışıq və yaxşı hazırlaşmışıq. 3-cü siniflərin iştirak etdiyi komandalar 3 nəfər olmaqla 3 qrupa bölünüb. Qruplarımızın adları “Victory”, “Veni vidi vici”, “Thoughtful”-dur. “Matata lab” robotları ilə biz kodlama edirik. Bu barədə məlumat olaraq onu da qeyd edim ki, kodlama gələcəyin dilidir, gələcək nəsillər mütləq bu prosesi bilməlidir. Biz artıq kodlama bacarıqlarımızı “Matata lab” ilə formalaşdırmışıq. İlkin olaraq, biz panel üzərində kodlama edirik və kodlaşdırdığımızı robotlar icra edir. 2-ci və 3-cü mərhələdə isə “Matata light” robotları kubları sahələrə daşıyır. Belə ki, bu fəaliyyətlər uşaqlarda motorik, əl, beyin və sürət bacarıqlarını formalaşdırır. Belə bir imkan və şəraiti yaratdığı üçün Elm və Təhsil Nazirliyinə və bütün təşkilatçı heyətə təşəkkürümü bildirirəm”.

 

“Festival müxtəlif ideyaları reallaşdırmağa şərait yaradır”

 

3 iştirakçıdan ibarət olan komandaya rəhbərlik edən Aynurə Əhmədova festivalda Gəncə şəhər 10 nömrəli tam orta məktəbi təmsil edir.

 

“Hakaton” kateqoriyası üzrə yarışan komandanın rəhbəri ötən il də yarışda iştirak etdiklərini, amma yer tuta bilmədiklərini qeyd edib: “2021-ci ildə 2 nəfər iştirakçı ilə qatılmışdıqsa, bu dəfə 10-cu sinif olmaqla 3 nəfərik. Bu il böyük ümidlərlə, üzərimizdə çox işləyərək gəlmişik. Bu festivalın təşkilatına görə əməyi keçən hər kəsə minnətdarıq. Bu istiqamətdə tədbirlər keçirildikcə uşaqlarda rəqəmsallaşmaya, müasir dövrün tələb etdiyi texnologiyaya, alqoritmləşməyə böyük maraq oyanır. Festival müxtəlif ideyaları reallaşdırmağa, müxtəlif həll yolları araşdırmağa, şagirdlər arasında yeni əməkdaşlıqlara şərait yaradır”.

 

“Belə layihələrin həyata keçirilməsi təhsil sahəsində böyük nailiyyətdir”

 

Ağdaş rayon Maqsud Şeyxzadə adına internat tipli Texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın STEAM müəllimi Günel Hacıyeva: “Biz bu festivalda ilk dəfədir ki, iştirak edirik. Komanda ilə bərabər çox qürurverici anlar yaşayırıq. Öz vətənimizlə, təhsilimizlə fəxr edirəm. İlk olaraq onu qeyd edim ki, belə layihələrin təşkil olunması çox təqdirəlayiq bir addımdır. Buna görə də nazirimiz başda olmaqla bütün təşkilatçılara təşəkkürümü bildirirəm. Beynəlxalq arenada ölkəmizin daha da tanınması üçün belə layihələrin həyata keçirilməsi təhsil sahəsində böyük nailiyyətdir. Bu möhtəşəm festivalda iştirak etmək bizə də qismət olduğuna görə çox şadam və burada “Talent” komandası olaraq “Smart chair” layihəsi ilə iştirak edirik. Bu, insan sağlamlığına yönəlmiş onurğa problemlərini aradan qaldırmaq üçün hazırlanan layihədir və uzun müddət oturaq həyat tərzinin insana gətirdiyi fəsadlarla mübarizəyə yönəlib. Komandamız 1-i V, 2-si isə VII sinif şagirdləri olmaqla 3 nəfərdən ibarətdir. Ümid edirik ki, qalib komandalardan biri seçiləcəyik”.

 

“Bir ilə yaxındır ki, bu yarış üçün hazırlıq edirik”

 

Arman Sabyrzhan Beynəlxalq STEAM Azərbaycan Festivalında Qazaxıstan dövlətini təmsil edən iştirakçılardan biridir. O, yarışın nəticələrinin necə olacağını, 4 günün sonunun nə ilə bitəcəyini, hansı ölkənin, komandanın qalib gələcəyini səbirsizliklə gözləyir. Qalib gəlmək üçün bütün güclərini səfərbər etdiklərini söyləyən Arman deyib: “Ümid edirəm ki, layiq olan qazanacaq. Mən bizim komandanın qalibiyyətə yaxın olduğuna inanıram. Bir ilə yaxındır ki, bu yarış üçün hazırlıq edirik. “VEX V5” kateqoriyası üçün yarışırıq və bunun bizə şans gətirəcəyinə ümid edirəm”.

 

“Qardaş ölkədə olduğuma görə çox məmnunluq duyuram”

 

Türkiyənin Manisa əyalətinin Akhisar bölgəsindən yarışa qatılan Çağatay Türkmen rəhbərlik etdiyi komandanın bu il yaradıldığını bildirib. Uşaqların əyləndikləri, zövq aldıqları üçün məktəbdə bununla bağlı dərs müəyyənləşdirib. Bu dərs gedişatında uşaqlar robotlarını inkişaf etdirirlər. Söhbət zamanı Türkiyədə STEAM-ın daha da məşhurlaşdığını dilə gətirən Çağatay deyib: “Əvvəl özəl məktəblərdə bu layihə formalaşırdısa, getdikcə dövlət məktəblərində də qurulmağa başladı. Qeyd edim ki, festivalda çox izdihamlı bir ortam var və bu da rəqabəti daha da artırır. Bu qədər geniş bir ortam olacağını təsəvvür etmirdik. İlk dəfədir ki, Azərbaycanda oluram və bu layihədə iştirak etdiyimə, qardaş ölkədə olduğuma görə çox məmnunluq duyuram. Belə ki, bu layihəyə çox əmək vermişik və layihə çərçivəsində uşaqlar turnirdə vəzifələrini yerinə yetirə biləcək robotlarla yarışacaq. Yüksək qol atmaları, çubuqları çevirmələri lazımdır. Yerdəki siyahını toplayaraq öz rənglərini yığmaqları vacibdir. Bunlar müəyyən zamanda gerçəkləşdirilən nəticələrlə yarışın sonunu müəyyənləşdirir. Uşaqlar da robotlar hazırlayarkən ən yüksək, reallaşa biləcək aksionları nümayiş etdirdilər. İndiki mövqelərində istədikləri nəticəni alıblar”.

 

“Yarış üçün özümüzü hazır hiss edirik”

 

Özbəkistanın IB Beynəlxalq Məktəbinin təmsilçisi Akbar Masharipov Festivalla bağlı təəssüratlarını bizimlə bölüşüb: “Bizim iştirak etdiyimiz yarış “Dream World” kateqoriyası üzrə olacaq. Biz ağac əkən robot hazırlamışıq. Bilirik ki, yaşıllıq, təbiət bizə hər zaman gərəklidir. Buna görə də belə bir layihə ilə çıxış etmək qərarına gəldik. Komandamız 3 nəfərdən ibarətdir və mən robot haqqında danışacağam. Qrupumuzun digər üzvləri isə layihə ideyası və ümumi gedişat haqqında məlumat verəcəklər. Yarış üçün özümüzü hazır hiss edir və ölkəmizi layiqincə təmsil edəcəyimizə inanırıq”.

 

“Bu festival çox xoş xatirələrlə yaddaşımıza yazılacaq”

 

Estoniyadan yarışa qatılan komandanın mentoru Kersti Loor təhsil layihəsinin onları çox həyacanlandırdığını və yeni bir təcrübə qazandırdığını qeyd edib: “Çox möhtəşəm bir festival keçirilir. Düşünürəm ki, bu festival bizim həyatımıza yeni bir rəng qatacaq və çox xoş xatirələrlə yaddaşımıza yazılacaq. Festivalda digər iştirakçıların layihələri haqqında məlumat əldə etdik, yaxından tanış olduq. Biz özümüz komanda olaraq 4 nəfərik və hər birimizin üzərinə müəyyən öhdəliklər düşür. “Hakaton” kateqoriyası üzrə yarışırıq və mən bu istiqamət üzrə proqram yazıram, komandanın digər üzvləri isə ideyalara cavabdehdirlər. Onlar fikirlərini deyir və bunun proqramlaşdırma baxımından nə qədər real olduğunu qiymətləndiririk”.

 

“Festival çox yüksək səviyyədə təşkil olunub”

 

London City Universitetində PHD üzrə təhsil alan Böyük Britaniya təmsilçisi Daniel Sikar: “Bu festivala PHD üzrə əməkdaşım Sevinc Teymurova ilə gəlmişəm. O, Londonda Elm və Təhsil Nazirliyinin hesabına təhsil alır. Azərbaycana bizimlə birlikdə 4 nəfər bakalavr tələbəsi də gəlib. Onlardan Daniel Mohammed, Guy Chamberlain Webber Royal Holloway London Universitetində, Kumar Ackarjee Brunel London Universitetində, William Stanton Lankaster Universitetində təhsil alırlar. Biz burada “Hakaton” kateqoriyası üzrə iştirak edirik. Bu, problemləri həll etmək üçün nəzərdə tutulmuş kateqoriyadır. Hər bir komandaya dünyada mövcüd real problemlərin həlli üzrə tapşırıqlar veriləcək və bizdən həmin problemləri həll etməyi tələb edəcəklər. Misal üçün, Azərbaycanda neft və qaz sektoru güclü inkişaf etdiyindən, ola bilsin, bizə  bu sahəyə aid problemlərin həlli tapşırığı verilsin. Bu festival çox yaxşı təşkil olunub və maliyyələşdirilib. Kateqoriyalar da yüksək səviyyədə təşkil edilib. Festivalda bərabər yarışımızdan böyük zövq alırıq”. 

 

Tünzalə QULİYEVA

 



09.12.2022 | 11:15