Görkəmli alim Həsən Mirzəyevin 95 illiyinə həsr olunmuş tədbir

Bakı Slavyan Universitetində (BSU) Əməkdar elm xadimi, görkəmli dilçi alim, professor Həsən Mirzəyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

BSU-nun rektoru Anar Nağıyev tədbirdə görkəmli alimin ailə üzvlərinin də iştirakını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan filologiya elmində, dilçiliyində iz qoymuş görkəmli dilçi alim, professor Həsən Mirzəyev geniş elmi və pedaqoji yaradıcılığı ilə bir məktəb yaradıb. Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yeri olan  professor H.Mirzəyev “91-lər” hərəkatının üzvü olaraq, Ulu Öndər Heydər Əliyev siyasətinin yerinə yetirilməsində əzmlə çalışıb.

 

Rektor  onun uzun illər Milli Məclisin deputatı kimi fəaliyyətinə də diqqət çəkib. Görkəmli alimin geniş spektrli, hərtərəfli fəaliyyətinin fövqündə isə müəllimlik fəaliyyətinin dayandığını bildirib. A.Nağıyev professor H.Mirzəyevin tələbələrinin bu gün də onun elmi irsini araşdırdıqlarını, görkəmli alimdən bəhrələndiklərini qeyd edib.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) professoru İbrahim Bayramov “Dilçilik elmi professor Həsən Mirzəyevin yaradıcılığında” adlı məruzəsində alimin elmi tədqiqatlarından, Azərbaycan dilçilik elmi üçün böyük xidmətlərdən söz açıb. H.Mirzəyevin öz araşdırmaları ilə həm də bir alim-ziyalı kimi milliliyə, azərbaycançılığa xidmət etdiyini deyib. İ.Bayramov Həsən Mirzəyevin Qərbi Azərbaycandakı toponimlərin araşdırılmasında gənc təqdiqiqatçılara elmi məsləhətlər və istiqamət verdiyini qeyd edib, dialektologiya istiqamətində əvəzsiz xidmətlərinə toxunub. O, alimin həm də leksikoloq kimi lüğətçilik elminə verdiyi töhfələrdən söz açıb.

 

ADPU-nun professoru Mirvari İsmayılova  “ Professor Həsən Mirzəyevin elmi və ictimai - siyasi baxışlarında Azərbaycançılıq konsepti” adlı məruzə ilə çıxış edərək Azərbaycan filologiya elmində professor H.Mirzəyevin öz dəst-xətti ilə tanınan, identikliyi ilə səciyyələnən alim olduğunu bildirib.

 

BSU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri professor İkram Qasımov professor H.Mirzəyevin Azərbaycan dilçilik elmində öz mövqeyi olan tədqiqatçı alim olduğunu deyib, onun elmi araşdırmalarından söz açıb.  Professor  müasir elmi tədqiqatlarda bu gün də dəyərli dilçi alimin əsərlərinə dəfələrlə istinad edildiyini, eyni zamanda, H.Mirzəyev irsinin gənc araşdırmaçıların tədqiqat obyekti olduğunu qeyd edib.

 

BSU-nun xarici dil müəllimliyi fakültəsinin dekanı dosent Nailə Xəndan professor H.Mirzəyevin folklorşünas, dilçi alim kimi fəaliyyətinə toxunub. O, görkəmli alimin tədqiqatlarının Azərbaycanda folklorşünaslıq elminin inkişafında mühüm yer tutduğunu deyib. N.Xəndan dəyərli alimin qədim tariximizi araşdıraraq və Qərbi Azərbaycandakı yer adlarını tədqiq edərək, türk toponimlərinin üzə çıxarılmasındakı xidmətlərini, araşdırmalarının əhəmiyyətini vurğulayıb.

 

BSU-nun  filologiya  fakültəsinin dekanı vəzifəsini icra edən dosent Sədaqət Əsgərova professor H.Mirzəyevin tələbəsi olaraq öz müəllimi ilə fəxr etdiyini bildirib. H.Mirzəyevin müəllim müdrikliyindən, tələbkar müəllim olmasından danışıb, onun öz yetirmələrinə azərbaycançılıq məfkurəsini aşıladığını deyib.

 

Professor Həsən Mirzəyevin qardaşı Musa Mirzəyev tədbirin təşkilinə görə ailə üzvləri adından BSU rəhbərliyinə təşəkkür edib.

 

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Azərbaycan dilçilik elminin inkişafında xidmətləri olan dilçi alimlərin irsinin araşdırılmasının və öyrənilməsinin vacibliyindən söz açıb. Belə dəyərli alimlərdən, görkəmli ziyalılardan biri olan professor H.Mirzəyevin Azərbaycan dilçilik elminin müxtəlif sahələrində verdiyi töhfələrdən danışıb. H.Mirzəyevin çoxşaxəli yaradıcılığına diqqət çəkən professor Mahirə Hüseynova onun həm alim, həm də şəxsiyyət kimi yüksək mənəvi-insani xüsusiyyətlərini vurğulayıb, vətənpərvər insan , xalqına, millətinə, dövlətinə böyük sevgi ilə bağlı olan şəxsiyyət olduğunu deyib. Mahirə Hüseynova görkəmli alimlə bağlı xatirələrini bölüşüb, ona həsr etdiyi şeirlərini səsləndirib.

 

Sonda görkəmli dilçi alim, professor Həsən Mirzəyevə həsr olunmuş  videoçarx nümayiş olunub.

 



13.12.2022 | 19:29