“İTi zəka”lılar mükafatlandırılıb

Dekabrın 13-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi uşaqlar arasında “İTi zəka” hakatonunun mükafatlandırma mərasimi keçirilib. 
  


Əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
  

Giriş nitqi ilə çıxış edən Komitə sədri Bahar Muradova tədbir iştirakçılarını salamlayaraq müsabiqədə yarışanlara uğurlar arzu edib. O, ölkəmizdə uşaqların sağlam yaşaması, təhlükəsiz şəraitdə böyüməsi, bütün imkanlara əlçatanlığının təmin edilməsi, uşaq hüquqlarının həm beynəlxalq, həm də milli qanunvericiliyin təyin etdiyi normalar əsasında təmin olunması istiqamətində həyata keçirilən tədbir və nailiyyətlərdən bəhs edib. 

  
Çıxışının sonunda yarışmada iştirak edən bütün uşaqları təbrik edən Komitə sədri bildirib ki, bu müsabiqə həm də iştirakçıların əməyinə verilən qiymətdir və gələcək yarışmalara daha əzmlə qatılmaq üçün stimuldur. 

  
Müsabiqənin əhəmiyyətinə diqqət çəkən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hakatonda iştirak edən uşaqların ölkənin gələcək və uğurlu inkişafının təmin olunmasında mühüm rolu olacaq. Hazırda dünyada baş verən Dördüncü Sənaye inqilabına diqqət çəkən nazir müavini vurğulayıb ki, ölkənin gələcəyi insan kapitalına bağlıdır və gənc nəslin nümayəndələri bütün yeni çağırışlara hazır olmalıdırlar. Firudin Qurbanov hakatonda iştirak edən uşaqların Qarabağda gedən quruculuq işlərində, həyata keçirilən innovativ layihələrdə fəallıq göstərəcəyinə inamını ifadə edib. 

  
Texnologiyalar dövründə yaşadığımızı qeyd edən  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bu dövrdə rəqəmsal biliklərə yiyələnməyin önəmini vurğulayıb və belə hakatonların keçirilməsinin bu sahədə inkişafa dəstək göstərdiyini bildirib.  Layihə təşəbbüsünə görə Dövlət Komitəsinə təşəkkür edən Ceyhun Salmanov hakatonun kiçik yaşlardan innovativ düşüncənin formalaşdırılmasına töhfə verdiyini diqqətə çatdırıb. 
  

Müsabiqənin münsiflər heyəti adından çıxış edən Bilim Bakı Mərkəzinin direktoru Yusuf Polat belə maraqlı müsabiqədə təşkilatçılardan biri olmaqdan məmnunluğunu ifadə edib. 
  

Daha sonra Dövlət Komitəsinin  Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Aysel Babayeva tərəfindən “İTi zəka” hakatonuna dair məlumatları özündə əks etdirən təqdimat nümayiş etdirilib. 
  

Sonra “İTi zəka” hakatonu barədə videoçarx təqdim edilib. 
  

Yekunda mükafatlandırma mərasimi keçirilib. 
  

Qeyd edək ki, müsabiqənin məqsədi uşaqlara öz hüquqlarının təmin edilməsi, innovativ həll yolları ilə bağlı təkliflər irəli sürmək üçün şərait yaratmaq, onlarda kreativ düşüncəni formalaşdırmaq, eyni zamanda komandada işləmək və rəqəmsal bacarıqlarını inkişaf etdirmək olub. 

 



14.12.2022 | 10:57