BDU Özbəkistanın Daşkənd Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlığa başlayır

Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistanın Daşkənd Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqafor Kirgizbayev imzalayıb.

 

Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev xalqlarımız arasında qədim tarixə malik dostluq və qardaşlıq əlaqələrindən danışıb, bu münasibətlərin bu gün uğurla davam etdiyini bildirib. O, türkdilli dövlətlərin daha da sıx birləşməsində elm və təhsil sahəsində əməkdaşlığın xüsusi rola malik olduğunu vurğulayıb.

 

Rektor BDU-nun beynəlxalq əlaqələrində türkdilli dövlətlərin ali məktəbləri ilə münasibətlərin önəmli yer tutduğunu, son illər Özbəkistanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələrin yaradıldığını və inkişaf etdiyini diqqətə çatdırıb.

 

Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqafor Kirgizbayev elm və təhsil sahəsində ortaq layihələrin hər iki universitetin inkişafına fayda verəcəyinə əminliyini ifadə edib. Həmçinin BDU ilə ikili diplom proqramı da imzalamaq arzusunda olduqlarını  bildirib.

 

Əməkdaşlıq müqaviləsində akademik və inzibati kadrların, tələbə, magistrant və doktorantların qarşılıqlı mübadiləsi, ortaq elmi tədqiqatların aparılması, birgə elmi seminar, ustad dərsləri, konfrans və simpoziumların keçirilməsi, elm və təhsil sahəsində birgə layihələrin hazırlanması nəzərdə tutulur.

 

 



15.12.2022 | 11:21