ADPU Quba filialının müəllim və tələbələri şəhid ailəsini ziyarət edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının müəllim və tələbə kollektivi şəhid Rəvan Əliyevin ailəsini ziyarət edib. Ziyarət zamanı filialın direktoru dosent Yusif Alıyevin və filial kollektivinin adından şəhidin anası Mehriban Əliyevaya vətənpərvər, qəhrəman bir övlad yetişdirdiyi üçün təşəkkür və minnətdarlıq məktubu təqdim edilib.

 

Görüş zamanı Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, tarix, pedaqogika və sosial elmlər kafedrasının baş müəllimi Aygün Şıxbabayeva, ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev, Tələbə Gənclər Təşkilatının sədri Nicat Piriyev və “Riyaziyyat müəllimliyi” ixtisasının II tədris ili tələbələri şəhidin ev muzeyi ilə yaxından tanış olub, adına ucaldılan bulaq kompleksini ziyarət ediblər.

 

Qeyd edək ki, Rəvan Əliyev 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Quba şəhərində yaşayan Rəvan Əliyev 2007-ci ildə Quba şəhər 3 saylı orta məktəbdə təhsil alıb. Quba musiqi məktəbində tar sinfini bitirib. Musiqi ilə bərabər futbolla da məşğul olub. Oradakı fəallığına görə Fəxri fərmana layiq görülüb. 2016-cı ildə Bakı İdarəetmə və Texnologiya Kollecinə qəbul olub.

 

Vətən müharibəsi başlayanda könüllü döyüşlərə qatılıb, Zəngilan uğrunda gedən döyüşlərdə şəhid olub və  Quba Şəhidlər xiyabanında dəfn edilib.

 

Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda",  "İgidliyə görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 



15.12.2022 | 15:05