“Karyerada ilk addım”

Bakı Mühəndislik Universiteti (BMU) və Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Karyerada ilk addım” adı altında əmək yarmarkası keçirilib.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən Abşeron-Xızı Regional Məşğulluq filialının müdiri Sənan Məmmədzadə tədbirin önəmini vurğulayıb. Müasir dövrdə mühəndislik ixtisasları üzrə peşələrə ciddi ehtiyac duyulduğunu qeyd edən filial müdiri yarmarka barədə ümumi məlumatları nəzərə çatdırıb.

 

BMU-nun rektoru, professor Havar Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə məşğulluq sahəsində davam etdirilən islahatların uğurlu nəticələr verdiyini vurğulayıb. Qlobal iqtisadi inkişaf fonunda müasir dövrün çağırışları və əmək bazarının tələbatına uyğun universitetdə rəqabətqabiliyyətli kadr hazırlığı üzrə aparılan işlərdən danışan rektor son illər BMU-da əmək bazarında daha çox ehtiyac duyulan 15 yeni ixtisasın açıldığını bildirib. Ali təhsil ocağında ikili diplom proqramının tətbiqinin, ingilis dilinə üstünlük verən tədris sisteminin mövcudluğunun keyfiyyətli kadr yetişdirilməsində mühüm rol oynadığını fikirlərinə əlavə edən H.Məmmədov məzunların işlə təmin olunması məqsədi ilə universitetlərlə özəl və dövlət qurumları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini önə çəkib. Universitetdə yaradılan elektron bazada bütün tələbələrlə bağlı məlumatların yer aldığını, məzunların işlə təminatı göstəricisinin yüksək olduğunu deyən rektor, həmçinin məzunların bir qisminin dünyanın nüfuzlu şirkətlərində işlədiyini bildirib.

 

Abşeron rayon icra hakimiyyəti başçısının birinci müavini, Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa Kömək Göstərən Ələqələndirmə Komitəsinin sədri Yusif Sadıqov iqtisadiyyatın inkişafında məşğulluq sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Əmək yarmarkası iştirakçıları arasında qazilərin olduğunu da  söyləyən birinci müavin icra hakimiyyəti tərəfindən şəhid ailəsi üzvləri və qazilərin daim diqqət mərkəzində saxlanıldığını, onların sosial qayğıları, məşğulluğunun təminatı, yaşayış imkanlarının artırılmasının həllinə dəstək olmaq məqsədi ilə görülən tədbirlərin davam etdirildiyini bildirib.

 

Əmək yarmarkasının ölkənin qabaqcıl universitetlərindən biri kimi BMU-da təşkil olunmasını yüksək dəyərləndirən Yusif Sadıqov bu tədbirin universitet tələbə və məzunları üçün də uğurlu nəticələnəcəyinə şübhə etmədiyini vurğulayıb.

 

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev təhsilin keyfiyyəti və kadrlarının peşəkarlığı ilə seçilən BMU ilə birgə təşkil olunan əmək yarmarkasının əhəmiyyətindən söz açıb. Ölkənin iqtisadi inkişafının daim yüksələn dinamikasının kadr hazırlığı ilə uzlaşmasının önəminə toxunan C.Quliyev xüsusən IV Sənaye inqilabı fonunda əmək bazarının yeni şərtlər və tələblər irəli sürdüyünü bildirib.

 

Yarmarkada 44-dən artıq aparıcı şirkətin 500-dən çox vakansiya ilə iştirak etdiyini nəzərə çatdıran sədr müavini tədbirin iştirakçılar üçün faydalı, eyni zamanda seçilən peşəkar kadrların ölkə iqtisadiyyatına töhfə verəcəyinə ümidvar olduğunu deyib.

 

Çıxışlardan sonra yarmarkaya baxış keçirilib, şirkət təmsilçiləri və tələbələrlə söhbət edilib. Yarmarkada tələbələr və məzunlar üçün iş, təcrübə imkanları təqdim olunub.

 

 



15.12.2022 | 17:13