Braziliyanın elm və təhsil müəssisələri ilə əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Braziliya Respublikasının Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzla görüşüb.

 

Rektor qonağa ölkənin ən böyük və ilk təhsil ocağı olan BDU-nun tarixi, akademik mühiti, universitetdə həyata keçirilən təlim-tədris prosesi barədə məlumat verib. Qeyd edib ki, son illər BDU-da tədris innovativ təlim texnologiyaları əsasında qurulur, beynəlxalq akademik əlaqələr daha da inkişaf etdirilir. Dünyanın bir sıra aparıcı universitetləri ilə birgə ikili proqram əsasında kadrlar hazırlanır.

 

Rektor BDU-nun tarix fakültəsində Avropa və Amerika ölkələrinin yeni və müasir tarixinin öyrənildiyini diqqətə çatdırıb, iki ölkənin elm, təhsil mühiti ilə əlaqələri daha da genişləndirmək üçün BDU-da “Braziliya otağı”nın açılmasının mümkünlüyünü bildirib.

 

Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ölkəsinin aparıcı universitetlərinin BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Səfir universitetlər arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin hər iki ölkədə elm və təhsilin inkişafı üçün xüsusilə önəmli olacağını qeyd edib.

 

Görüşdə Braziliyanın elm və təhsil müəssisələri ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.

 



16.12.2022 | 18:47