AMEA nümayəndə heyəti Pakistanın Lahor Dövlət Kollec Universitetində

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanda işgüzar elmi səfərdədir.

 

Beynəlxalq konfransa dəvət almış Azərbaycan nümayəndə heyətinin üzvləri əvvəlcə Lahor Dövlət Kollec Universitetinin rektoru professor Əsgər Zaidai ilə görüşüblər.

 

Universitetin rektoru Əsgər Zaidai Azərbaycan alimlərinin dost və qardaş Pakistana səfərindən məmnunluğunu ifadə edərək, Dövlət Kollec Universitetinin iki yüz ilə yaxın tarixindən, bu ali təhsil müəssisəsində çalışaraq elmi məktəb yaratmış dünya şöhrətli alimlər, o cümlədən vaxtilə burada təhsil almış Nobel mükafatı laureatı Əbdüs Salam, görkəmli filosof və şair Məhəmməd İqbal haqqında məlumat verib, Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələrinin gələcək perspektivlərindən danışıb.

 

Sonra çıxış edən AMEA-nın prezidenti İsa Həbibbəyli Azərbaycan-Pakistan elmi əlaqələrinin hazırki vəziyyətindən, qarşılıqlı elmi əməkdaşlığın əhəmiyyətindən danışaraq hər iki ölkə rəhbərinin uğurlu siyasi-diplomatik münasibətlərinin möhkəm təməllərinin qarşılıqlı elmi əlaqələrə də böyük təkan verdiyini xüsusi vurğulayıb, həmçinin AMEA-nın tarixindən, strukturda yer alan elmi bölmələrin fəaliyyət istiqamətlərindən söhbət açıb.

 

Sonra Lahor Dövlət Kollec Universitetində Azərbaycan-Urdu Elmi Mərkəzinin açılış mərasimi keçirilib.

 

Yeni açılmış Azərbaycan-Urdu Elmi Mərkəzinə ölkəmizdə çap olunmuş çoxsaylı elmi monoqrafiyalar, həmçinin Azərbaycan, Şuşa, Gəncə haqqında Azərbaycan və ingilis dillərində kitab və jurnallar bağışlayan AMEA rəhbəri mərkəzə bundan sonra da vaxtaşırı olaraq yeni çap olunmuş elmi-ədəbi nəşrlərin təqdim ediləcəyini, birgə tədqiqatların aparılacağını diqqətə çatdırıb.

 

Azərbaycan-Urdu Elmi Mərkəzinin açılışından sonra Lahor Universitetində “Azərbaycan-Pakistan əlaqələri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

 

Konfransın plenar iclasında Lahor Dövlət Kollec Universitetinin Urdu dili departamentinin rəhbəri, professor Saima İram konfransın gündəliyi barədə ümumi məlumat verərək Azərbaycan və Pakistanın ali təhsil və elmi qurumları arasında yaranmış əlaqələrdən söz açıb.

Xalqlarımızın böyük tarixi dostluq münasibətlərindən danışan akademik İsa Həbibbəyli isə Pakistanın Multan şəhərində böyük Azərbaycan şairi Şəms Təbrizinin məqbərəsinin ucaldığını, Bakıda isə vaxtilə Moltanı karvansarasının salındığını diqqətə çatdırıb. Həmçinin xüsusi vurğulayıb ki, Türkiyə ilə bərabər Pakistan da İkinci Qarabağ savaşında Azərbaycanın ədalətli müharibəsinə daim siyasi və mənəvi dəstək verib.

 

Elmi əlaqələrin inkişaf yolunda olduğunu vurğulayan Akademiya rəhbəri bir il əvvəl AMEA ilə Lahor Dövlət Kollec Universiteti arasında bağlanmış müqavilə əsasında qısa müddətdə aparılan işlər barədə də danışıb. Bildirib ki, Ədəbiyyat İnstitutunda Pakistan Mərkəzi yaradılıb.  Pakistanın dünya şöhrətli alim və yazıçısı Məhəmməd İqbalın əsərləri Azərbaycan dilinə tərcümə olunaraq kitab halında nəşr edilib. Dilçilik İnstitutunda Azərbaycan-Urdu dillərində lüğət hazırlanacaq, Pakistanın tarixindən bəhs edən monoqrafiya isə artıq çap olunub.

 

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov da konfransda çıxış edərək iki dost və qardaş ölkənin siyasi-diplomatik münasibətlərinin yüksək templə inkişaf etdiyini deyib, 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycana siyasi və mənəvi dəstəyini məmnunluqla xatırladıb, elm və təhsil qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi zərurətindən danışıb.

 

Sonda Lahor Dövlət Kollec Universitetinin professor-müəllim heyəti və tələbələri, konfransda iştirak edən müxtəlif qurumların nümayəndələri, digər elm-təhsil müəssisələrinin əməkdaşları Azərbaycan vətəndaşlarının və QHT nümayəndələrinin Qarabağda ekoloji terrora qarşı Xankəndi yolunda keçirilən aksiyasına həmrəyliklərini bildirib, Azərbaycan-Pakistan dostluğu haqqında müxtəlif şüarlar səsləndiriblər.

 



21.12.2022 | 13:06