Qarabağ və Şərqi Zəngəzurun inkişafına təkan verən Dövlət Proqramı

Məlum olduğu kimi, ötən ay “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışına dair I Dövlət Proqramı” təsdiq olunub.  Bu proqram “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tərkib hissəsidir və ölkəmizin yeni mərhələdə qarşıya qoyulmuş hədəflərinin reallaşdırılmasını özündə ehtiva edir.  

 

Qeyd edək ki, Dövlət Proqramı hazırlanarkən mütərəqqi beynəlxalq təcrübəyə istinad olunub, bundan başqa, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb.

 

Təbii ki, proqramın konkret əhatə dairəsi var: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər.  

 

Məlumdur ki, bu ərazilər Ermənistan işğalı nəticəsində tamamilə dağıdılıb, II Qarabağ müharibəsindən sonra isə yeni yanaşma ortaya çıxıb. Yeni yanaşma dedikdə, sözügedən ərazilərdə ardıcıl və sürətli şəkildə tikinti, bərpa-quruculuq işlərinin aparılmasından, məcburi köçkünlük həyatına məhkum olmuş insanların öz torpaqlarına qayıtmasının prioritetliyindən söhbət gedir.  Məqsəd həm də bundan ibarətdir ki, həyat əlaməti qaytarılacaq ərazilər ölkənin sosial, iqtisadi, mədəni həyatına bağlansın. Burada dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artım stimullaşdırılsın və dayanıqlı məskunlaşmanın təmin edilməsi kimi hədəflərin həyata keçirilməsində institusional baza yaransın.

 

İnstitusional mexanizmlər əslində postmüharibə dövrünün ilk günlərində formalaşdı. İşğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı yaradıldı. Onun  nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi, həmçinin analitik-təşkilati dəstək göstərilməsi üçün İdarələrarası Mərkəz, inzibati ərazi bölgüsünə uyğun olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar və Prezidentin xüsusi nümayəndəlikləri formalaşdırıldı.    

 

İndi isə gələk, bölgə üçün strateji hədəflərə: onlar hansılardır?

 

Həyat əlaməti itmiş, səhralığa çevrilmiş bölgənin inkişafı üçün təbii ki, konkret yol xəritəsi olmalıdır: haradan başlamaq, necə başlamaq. Əlbəttə ki, ilk sırada infrastruktur layihələr gəlir. 30 il həsrətində olduğumuz torpaqlara gedib çıxmaq, oraları tikib-qurmaq üçün bizə birinci növbədə yol lazım idi. Fizulidən Şuşaya çəkilən ilk yol infrastrukturu uğurlu start götürdü. Çünki ardınca digər yol layihələri də hazırlandı və həyata keçirildi. Azərbaycan qısa müddətdə Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut, Füzuli-Hadrut yollarında tikinti işlərini də başlatdı. Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla, sözügedən rayonların 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək. Bundan başqa, Xanlıq-Qubadlı yolunun da təməli qoyulub. Hazırda Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Bu sırada Bərdə-Ağdam, Füzuli-Ağdam yollarını da qeyd etmək lazım gəlir. Göründüyü kimi, nəhəng bir yol infrastrukturu aktuallıq daşıyır və davamlı proses kimi gedir.    

 

Yol ərazilərin logistik əhəmiyyətini artıran mühüm faktor olduğu üçün  2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işləri də diqqətdə saxlanıldı və bu işlərin müsbət bəhrəsi kimi “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı, az sonra isə Zəngilan Beynəlxalq Hava Limanı açıldı.

 

Bunlar quru yol, hava yolu, dəmir yolu ilə bağlı işlərin ilkin qismidir, Dövlət Proqramına uyğun olaraq proses davamlı şəkildə gedəcək.   

 

İşğalçı Ermənistanın viran qoyduğu torpaqlarımızda su probleminin həlli də  vaciblik daşıyır. Bu ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlər ön plana çıxarılıb. Qubadlıda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının tikintisi üzrə aparılan işlər bu istiqamətdə yaxşı bir töhfə olacaq.    

 

Zəruri infrastrukturdan danışarkən, yol və sudan başqa, işıq və qaz təminatı da ön planda yer alır. İşğaldan qurtarılan ərazilərdə elektrik enerjisinin təminatı ilə əlaqədar görülən ilk işlərin mənzərəsi həqiqətən də heyranedicidir.

 

Diqqət edək: Hadrut qəsəbəsində yerləşən strateji obyektlər elektrik enerjisi ilə təchiz edilib. Şuşa şəhərinin qısa vaxtda elektrik enerjisi ilə təmin olunması üçün 35/10 kV-luq “Daşaltı” yarımstansiyası inşa edilib. Yarımstansiyanı qidalandırmaq üçün “Hadrut” yarımstansiyasından 53,5 kilometr uzunluğunda elektrik veriliş xətti çəkilib. “Hadrut”-“Daşaltı” elektrik veriliş xətti vasitəsilə ilkin mərhələdə Şuşa şəhərinin, Xocavənd rayonunun bəzi kəndlərinin və ətraf ərazilərdəki mühüm strateji obyektlərin, eyni zamanda, bu istiqamətdə aparılan yol infrastrukturu və digər tikinti işlərinin elektrik təchizatı təmin edilib.

 

“Hadrut” yarımstansiyası hazırkı vəziyyətdə belə işğaldan azad olunmuş əksər ərazilərə elektrik enerjisinin ötürülməsində önəmli funksiyanı yerinə yetirir. İnnovativ yeniliklərin tətbiqi ilə yeni inşa olunacaq yarımstansiyanın da perspektiv plan üçün önəmi çox böyükdür. Belə ki, “Şükürbəyli”, “Hadrut” və “Şuşa” yarımstansiyaları arasında yaradılmış 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olan yeni “Hadrut” qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə olan tələbatını qarşılayacaq. “Hadrut” yarımstansiyasının əvəzində tikiləcək müasir tipli bu yeni yarımstansiya Xocavənd rayonunun bir hissəsinin, Şuşa və ətraf ərazilərin elektrik təchizatının etibarlılığını və dayanıqlılığını təmin edəcək. Yarımstansiyada Ağıllı Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq.

 

Zəngilanda Həkəri çayı üzərində qurulan Su elektrik stansiyası Ağalı kəndini dayanıqlı elektrik enerjisi ilə təmin edəcək. Bunlar 2022-ci ilin göstəriciləridir, Dövlət Proqramının qarşıdakı illər üçün icrasında bu yöndə sistemli tədbirlər həyata keçiriləcək.

 

Bölgə üçün 2-ci strateji istiqamət iqtisadiyyatın yenidən qurulmasıdır. Yeni investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin formalaşdırılması başlıca şərtdir ki, kiçik və orta sahibkarlıq inkişaf etsin. 

 

3-cü hədəf torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması, əkilib becərilməsi, heyvandarlıq təsərrüfatlarının bərpa olunmasıdır, çünki qayıdışdan sonra yerli əhalinin yaşamını dəstəkləyən ən mühüm faktorlar  bunlar olacaq.   

 

4-cü istiqamət hər rayonun coğrafiyası, əlverişli təbiətinin turizm sektoru üçün münasibliyi və bu baxımdan doğru qiymətləndirilməsidir. Turizm potensialı ərazinin inkişafına, əhalinin məşğulluğuna mühüm fayda verə  biləcək.

 

5-ci istiqamət təhsil, səhiyyə və sosial xidmətlərin qurulmasıdır.  Müharibədən keçən iki ilin statistikasına baxsaq, ilkin addımlar heç də məhdud deyil. Ağdamda 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməli qoyulub. Füzulidə Peşə Liseyinin təməli atılıb. Zəngilan şəhərinin mərkəzində 960 şagird yerlik məktəbin, Füzulidə 180 çarpayılıq xəstəxananın və s. təhsil, səhiyyə obyektlərinin bünövrə daşları atılıb.

 

Əhalinin yaşayışı üçün rahat şəraiti  olan çoxmənzilli binaların inşası da  paralel aparılır. Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binası, Fizulidə  çoxmənzilli yaşayış məhəlləsi, Zəngilanda 6 ikimərtəbəli, 4 üçmərtəbəli binaların tikintisinə start verilib.

 

Paytaxt və iri şəhərlərdə qurulan əlverişli xidmət sektoru-“ASAN” xidmət və “DOST” mərkəzlərinin işğaldan azad edilən ərazilərdə də yaradılması Dövlət Proqramında öz əksini tapıb. Bu, məskunlaşacaq əhalinin sosial xidmətlərə çıxışını asanlaşdırmaq məqsədi daşıyır.

 

Bilirik ki, Qarabağ və Şərqi Zəngəzurun böyük iqtisadi potensialı var. Bu  potensial həmin rayonları ayrı-ayrı sahələr üzrə iqtisadi cəhətdən  ixtisaslaşdıra da bilir. Diqqət edək: Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Zəngilan, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə potensiala sahibdir. Məsələ odur ki, bu rayonlar inkişaf nəticəsində öz-özünü iqtisadi nöqteyi-nəzərdən təmin edən ərazilərə çevriləcək, zamanla kənar maliyyədən asılılıq azalmış olacaq.  

 

Proqramda diqqətçəkici maraqlı bir nüans var: sıfırdan başlayan bu quruculuq prosesində müasir şəhərsalma tendensiyaları ilə hərəkət ediləcək, yəni, yeni şəhərsalma modelləri tətbiq olunacaq. Bir qisim ərazilərdə köhnəliklə müasirlik bir arada olacaq, tarixi memarlıq abidələri qorunacaq, bərpa ediləcək,  yeniliklər köhnəliyi sıradan çıxarmayacaq. 

 

Göründüyü kimi, Dövlət Proqramında 2026-cı ilədək görüləcək işlərin miqyası kifayət qədər böyükdür. Bütün bu işlər ona görədir ki, “Böyüş Qayıdış”  planı uğurla yerinə yetirilsin və keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarında məskunlaşması dayanıqlı məskunlaşma olsun.

 

“Böyük Qayıdış”ın birinci pilot layihəsi artıq Zəngilanda müvəffəqiyyətlə icra edilib. 200 evdən ibarət kənd salınıb. Onun işıq, qaz, su, məktəb, bağça, tibb məntəqəsi, “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək ximətləri yaradılıb. Ağalı kəndinin ilk sakinləri öz yurdlarına qovuşub. Sözsüz ki, bəhs olunan Dövlət Proqramının uğurlu icrası Qarabağ və Şərqi Zəngəzurun inkişafına güclü təkan verəcək, daha neçə-neçə kənd və şəhərlərə insan nəfəsi dəyəcək, gözəl mənzillərdən gur işıqlar yanacaq!

 

V.ALLAHVERDİYEVA

 



21.12.2022 | 16:14