“Təhsil bizim gələcəyimizdir”

Bu sözlər diqqətimizi bir anlıq  sosial mahiyyətdən irəli gələn qüvvətli bir mənaya yönəldir. Orada cəmiyyətin perspektivləri ilə bağlı olan böyük bir gələcəyin mənzərəsi  görünür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri deməklə Azərbaycan cəmiyyətinin siyasi, iqtisadi, mədəni həyatına hesablanmış insan kapitalını formalaşdıracaq təhsil mühitinin zəruriliyini  ifadə edir. O, özünün bu baxışlarını və fəaliyyətini Ulu Öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş təhsil siyasəti müstəvisində formalaşdırır. Müstəqil Azərbaycanın islahatyönümlü, humanist və demokratik prinsiplərə söykənən, tədrici inkişafa malik olan, dünya təhsil sisteminə inteqrasiya edilən ənənələrinə sadiq qalır. 2003-cü ildən Prezident kimi fəaliyyətə başlamaqla həm də 1999-cu ildə qəbul olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” əsasında bünövrəsi qoyulmuş fəaliyyətləri davam etdirir.

 

Məlum olduğu kimi, XXI əsrin əvvəlki onilliyində Azərbaycanda  ilk dəfə olaraq təhsilin bütün pillə və səviyyələri üzrə yeni məzmun və texnologiyaların yaradılması və tətbiqinə başlanılmışdır. Təhsil müəssisələrinin, müəllimlərin inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.

 

Prezident İlham Əliyevin Fərmanı ilə 29 dekabr 2012-ci il tarixində qəbul olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkənin tarixində bu vaxta qədərki mərhələ keçid dövrü kimi adlandırılır. Yeni dövrün çağırışları və Azərbaycan həyatının müxtəlif sahələrində vacib hesab edilən əsas prioritetlər müəyyənləşdirilir. İnsan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması bu prioritetlərdən biri kimi qəbul edilir. Müasir təhsil sisteminin formalaşdırılması onun mühüm istiqamətlərindən biri kimi təsdiq edilir. 24 oktyabr 2013-cü ildə isə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” qəbul olunur. Bu sənədlər bilavasitə Prezident İlham Əliyevin təhsilə ardıcıl və davamlı olaraq diqqət və qayğı göstərməsinin bariz nümunəsi kimi diqqəti cəlb edir. Orada səriştəəsaslı yeni təhsil məzmununun yaradılması, yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması, yeni idarəetmə sisteminin, ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun, eləcə də yeni maliyyələşdirmə mexanizminin yaradılması strateji istiqamətlər kimi müəyyənləşdirilir. Sonrakı illərdə bir-birinin ardınca təhsil siyasətini dəstəkləyən və davam etdirən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” (2016), “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” (2021) və digər dövlət proqramları hazırlanaraq qəbul olunur.

 

Göründüyü kimi, həyat şəraitinin davamlı olaraq inkişaf etməsi və dəyişməsi, digər sahələrdə olduğu kimi, təhsildə də müasir çağırışlara cavab verən qərarların mütəmadi olaraq qəbul edilməsi Prezident İlham Əliyevin dövlətçilik siyasətinin  mühüm bir istiqamətini təşkil edir.

Dövlət başçısı davamlı olaraq islahat tədbirlərinin təkmilləşdirilməsini vacib hesab edir: “Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə daha da inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir”.

 

Məlum olduğu kimi, təhsilin inkişaf etdirilməsində başlıca şərtlərdən biri ona ayrılan büdcədir. Möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısı ilə büdcə ildən-ilə ehtiyaclarımıza uyğun olaraq artırılır. Onun təbirincə demiş olsaq, “Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı, büdcədə təhsil xərcləri birinci yerdə olardı”.

 

Təhsilin inkişafının başlıca şərtlərindən biri onun infrastrukturunun inkişaf etdirilməsidir. Bu, həm də maddi-texniki bazanın yaxşılaşdırılması, daha effektiv təhsil şəraitinin yaradılması deməkdir. Ölkəmizdə aparılan təhsil quruculuğunda bu məsələ də başlıca istiqamətlərdən biri kimi nəzərə alınmışdır. Elə onun nəticəsidir ki, son on ildə üç mindən artıq məktəb tikilərək istifadəyə verilmişdir. Bütün bu proseslər Prezident İlham Əliyevin daim diqqət mərkəzində olmuşdur.

 

Ulu Öndər Heydər Əliyev həmişə müəllimə yüksək qiymət verər, onun böyük nüfuzundan fəxarətlə danışardı. “Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik insanlardır” - deyirdi.

Müəllimlərə bəslənilən belə qayğılı münasibət   bu gün də davam etməkdədir. Bu  məsələ Prezident İlham Əliyevin davamlı təhsil siyasətində məxsusi yer tutur. Vicdan borcunu yerinə yetirən müəllimlərin yaradıcı fəaliyyətini və inkişafını dəstəkləyən təhsil mühitinə imkan yaratmaqla  onun əlçatanlığını təmin edir. Bu gün də müəllimlərin işə qəbul olunmasında, eləcə də sertifikasiyasında yaradılmış prosedur qaydaları bu baxımdan diqqəti çəkir. Artıq müəllimlər  heç bir maneə olmadan bilik, bacarıq və səriştələrini nümayiş etdirə, iddialarında israrlı ola bilirlər. Onlar həm də uğurlarının müqabilində və qabiliyyətlərinə uyğun olaraq fərqli əməkhaqqı alırlar.

 

Son dövrlərdə ən müasir tələblərə cavab verən ADA Universiteti, Bakı Ali Neft Məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları yaradılmışdır. Eyni zamanda Azərbaycan-Fransız Universiteti fəaliyyətə başlamışdır. Cəmiyyətin ehtiyacına uyğun olaraq daha keyfiyyətli təhsil müəssisələrinin yaradılması və bu ideyanın davam etdirilməsi möhtərəm Prezident İlham Əliyevin elm və təhsil  naziri Emin Əmrullayevlə söhbətində yeni təhsil siyasətinə uyğun olaraq verilmiş tapşırıqlardan  biri kimi səslənir.

 

Bildiyimiz kimi, insan kapitalının inkişaf etdirilməsinə təminat verən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ölkəmizdə bir siyasət olaraq qəbul edilmişdir. Ulu Öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan xaricdə təhsillə bağlı bu tendensiyanın dövlət proqramı çərçivəsində davamına başlanmışdır. Nəticədə 4 min nəfərdən artıq vətəndaşımız dünyanın 32 ölkəsinin 379 universitetində təhsil ala bilmişdir.

 

Prezident İlham Əliyev dövlətin gələcəyi olan təhsili yüksək qiymətləndirir, onun keyfiyyətli olmasını xüsusi qeyd edir: “Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaş olsunlar. Ona görə təhsilin keyfiyyəti indi ön plana çıxır”.

 

Real təcrübələr göstərir ki, təhsilin keyfiyyətinə təsir edən əsas amillərdən biri məktəbəqədər təhsildir. Uzun illər məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmanın faizi aşağı olmuşdur: 2013-cü ildə bu rəqəm cəmi  24% təşkil etmişdir. Onun 90%-ə çatdırılması və gələcəkdə 5 yaşlı uşaqları əhatə etməsi qarşıda duran hədəf kimi müəyyənləşdirilmişdir. Bununla bağlı Elm və Təhsil Nazirliyi tərəfindən tədbirlər həyata keçirilmiş, UNICEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə 3-5 yaşlı uşaqların icmaəsaslı məktəbəqədər təhsil müəssisələrinə cəlb olunması layihəsi reallaşdırılmışdır. Nəticədə məktəbəqədər təhsilə cəlb olunma faizi yüksəlmişdir.

 

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində təhsilin bir sıra digər sahələrində, o cümlədən elm və təhsilin inteqrasiyası, normativ-hüquqi bazanın möhkəmləndirilməsi, müəllim nüfuzunun yüksəldilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, yeni qiymətləndirmə modellərinin tətbiq olunması, təmayülləşmənin həyata keçirilməsi, peşə təhsilinin inkişafı, istedadlılarla iş, inklüziv təhsil və s. məsələlərdə də islahatyönümlü tədbirlər həyata keçirilmiş və yeniliklər edilmişdir. Bu tədbirlər hazırda da  davam etməkdədir.

 

Ənvər ABBASOV,

Təhsil İnstitutunun direktor müavini, Əməkdar müəllim

 



23.12.2022 | 10:00