Biologiya və tarix fənləri üzrə istifadə edilmiş tapşırıqlar qəbul imtahanının statistik göstəriciləri ilə təhlil edilib

Dövlət İmtahan Mərkəzində (DİM) biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

 

DİM-dən bildirilib ki, gündəlik məsələ 21 iyul 2022-ci il tarixində ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında biologiya, 22 may 2022-сi il tarixində II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında isə tarix fənnindən istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

 

Hər iki fənn üzrə iclasda test tapşırıqlarının müzakirəsi aparılıb. Tapşırıqlar imtahan nəticələrinin statistik göstəriciləri əsasında çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzular baxımından təhlil edilib.

 

Təhlil nəticəsində tapşırıqların fənn kurikulumunun təlim nəticələrinə, qüvvədə olan dərsliklərə və qəbul proqramına uyğunluğu bir daha təsdiq edilib. Test tapşırıqları abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verib. Abituriyentlərin zəif cavablandırdığı test tapşırıqları müəyyənləşdirilib. Həmin tapşırıqlara dair izahlar “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.

 

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

 

Növbəti həftə müzakirələr davam etdiriləcək.

 



23.12.2022 | 12:13