“Aqrar sektorda innovativ texnologiyaların inkişaf perspektivləri”

Lənkəran Dövlət Universitetində (LDU) “Aqrar sektorda innovativ texnologiyaların inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans öz  işinə başlayıb.

 

Konfransda çıxış edən LDU-nun rektoru, professor Natiq İbrahimov universitetdə cari ildə sayca 5-ci olan hazırki  beynəlxalq konfransın olduqca aktual mövzuya həsr edildiyini bildirib, ölkədə və bölgədə aqrar sektorun inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb, həllini gözləyən məsələlərdən söz açıb. Rektor ali məktəbdə aqrar ixtisaslar üzrə tələbə hazırlığı istiqamətində  son illərdə böyük uğurlara imza atıldığını, yardımçı təsərrüfatın yaradıldığını, xaricdən elmi laborator qurğuların alındığını, yeni aqraryönümlü  ixtisasların açıldığını, “Texnika və aqrar elmləri” beynəlxalq elmi praktik jurnalın yaxın vaxtlarda nəşrə başlayacağını deyib.

 

Beynəlxalq konfransın plenar iclasında LDU-nun aqrar və mühəndislik  fakültəsinin dekanı, dosent Balayar Şahbazov, iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Gülbəniz Əliyeva, Kafkas Universitetinin (Türkiyə) professoru Salih Otlu, LDU-nun maliyyə idarəetməsi və audit kafedrasının dosenti Natiq Mirzəyev mövzu ətrafında çıxış ediblər.

 

Konfrans işini günün ikinci yarısında bölmələr üzrə davam etdirib.

 

Qeyd edək ki, Beynəlxalq  konfransın işində ölkənin nüfuzlu ali təhsil ocaqlarının və elmi müəssisələrinin, həmçinin,  8 xarici dövlətin (Belarus, Türkiyə, Gürcüstan, Latviya, Moldova, Polşa, Rusiya, Ukrayna) tədqiqatçıları, alimləri, doktorantları əyani və onlayn formatda  iştirak edirlər.

 

Konfrans müddətində xarici ölkələrdən, respublikanın digər ali təhsil ocaqları və elmi müəssisələrindən daxil olan 150-yə yaxın tezis dinlənilərək müzakirə ediləcək.  

 

 



23.12.2022 | 17:39