Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının VI Hesabat-Seçki Konfransı baş tutub

Dekabrın 23-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) VI Hesabat-Seçki Konfransı keçirilib.

 

Konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Sonra ATGTİ-nin sədri Pərviz Mirələmli İttifaqın 2020-2022-ci illər üzrə fəaliyyətini özündə əks etdirən hesabatla çıxış edərək ötən dövr ərzində qarşıya qoyulan hədəflər, strateji plan və atılan əsaslı addımlar barədə söz açıb, həyata keçirilən layihələr və qazanılan uğurları vurğulayıb.

 

İttifaqın ikiillik yekun hesabatını özündə əks etdirən videoçarx nümayiş etdirilib.

 

Tədbirin rəsmi hissəsində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxış edərək İttifaqın dövlət gənclər siyasətinin icrasındakı rolunu, bu istiqamətdə tərəfdaşlarla birlikdə həyata keçirdiyi kütləvi layihələrin əhəmiyyətini qeyd ediblər. Həmçinin gənclərin istər fiziki, istərsə də mənəvi sağlamlığının təşviq edilməsi yönündə, habelə onların müasir tələblərə uyğun bilik və bacarıqlarının inkişafında və ən əsası, məsuliyyətli vətəndaş kimi formalaşmalarında tələbə təşkilatlarının fəaliyyətinin önəmi qeyd edilib. 

 

Daha sonra ötən müddətdə göstərdikləri səmərəli tərəfdaşlığa görə bir sıra gənclər təşkilatlarına təşəkkür plaketləri təqdim olunub.

 

Konfransın sonunda seçkilər keçirilib və Pərviz Mirələmlinin İttifaqın növbəti müddət üçün sədri vəzifəsini tutacağı elan edilib.

 

 



27.12.2022 | 11:00