Rektor: “İdeyalar sertifikatlaşdırıldıqdan sonra layihələr əmək bazarına təqdim olunacaq”

Naxçıvan Dövlət Universitetinin (NDU) memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalovun təşkilatçılığı ilə keçirilən sərgidə “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları”, Ekologiya mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması” və “Energetika” ixtisasları üzrə təhsil alan tələbələrin 20-dən çox əl işi nümayiş olunub.

 

Tələbələr tərəfindən təqdim olunan ilk layihə “Radar sistemi” adlanır. Hərbi hissələr, xüsusən, sərhəd zonaları üçün hazırlanan aparat ultrasonik sensor vasitəsilə sərhəddə qarşıya çıxan maneənin hansı məsafədə və neçə dərəcəli bucaq altında olduğunu göstərir, bu məlumatı avtomatik olaraq silaha yönləndirir. Beləliklə, silah maneəni dəf etmək üçün hərəkətə keçir.

 

Doğru kartla işləyən “Ağıllı kassa”, sensorla məsafəni ölçən “Ağıllı məsafə sensoru”, yüksək səslə çalışan “Ağıllı lampa”, o cümlədən çox funksiyalı “Multi car” maşını kənar təsirlərdən qorunma və insan əməyinin asanlaşdırılmasına xidmət edir

 

“Safe road” adlanan təhlükəsiz yol sisteminin məqsədi piyadaların təhlükəsizliyinin qorunması və maşınların qatar yolunda hərəkətini nizamlamaqdır. Qaranlıq yolu işıqlandırma mexanizminə malik olan qurğu nəzərdə tutulmuş müddət ərzində piyadanın keçiddəki hərəkətinə imkan yaradır.

 

Evin təhlükəsizliyi üçün nəzərdə tutulmuş “Ağıllı ev” layihəsi tənzimlənmiş məsafə ölçüsü ilə evə yaxınlaşan cisim və ya şəxs barədə siqnal verir, bu siqnal həm ev sahibinə, həm də polisə yönləndirilir.

 

Mexaniki naxış çəkən aparat olan “CNC Plotter” kompüterdəki təsvirin əyani köçürülməsini təmin edir. Bu aparat xalça toxuma sənətində naxış salma üçün əlverişli vasitə kimi nəzərdə tutulub.

 

Radar-sürət sistemi ilə bağlı hazırlanmış digər bir qurğu radarın təkmilləşdirilmiş modelidir. Yolda quraşdırılması nəzərdə tutulan qurğu avtomobilin sürətini uzaq məsafədən ölçür. Sürət həddi aşılıbsa, o zaman, yol polisinə məlumat ötürülür və polis maşını işə düşür.

 

Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr tullantı məhsullarından hazırladıqları maketləri təqdim ediblər. “Eko yanacaq” adlı qurğu dəniz suyundan enerji əldə edilməsini, “ZF Recycling” aparatı isə terminallar vasitəsilə tullantıların yenidən istehsal prosesinə cəlb olunmasını planlaşdırır. Sirab, badamlı qablarından hazırlanmış maketlər geriyədönüşüm prosesinin nümunələri kimi təqdim olunub.

 

Elektrik kəsildiyi zaman internetin çalışmasını təmin edən “Powerbank” modemi, müasir avtomobillərin elektron qırıcı-paylayıcı sistemi üçün əyani vəsait olan “Alışdırma sistemi”, internetin idarə olunmasına kömək edən “ViFi Gammer” adlı internet cipi gələcəkdə daha da təkmilləşdirilməsi nəzərdə tutulan layihələr sırasında yer alıb.

 

Sərgidə danışıq və görmə qüsürlu şəxslər üçün hibridləşmiş köməkçi robotlar paketi təqdim olunub. Danışıq qüsuru olan azyaşlılar üçün nəzərdə tutulmuş robot problemlərini və hislərini lazımi şəkildə ifadə edə bilməyən, qarşı tərəfi düzgün başa düşməyən və psixoloji gərginlik yaşayan körpələrə qulluq məqsədilə hazırlanıb.  

 

İşıq sensoru ilə çalışan “elektrik lampaları”, “döşəmə təmizləyən robot”, 25 sm məsafədən sensorla işləyən “smart lampa”  kimi qurğular da öz funksionallığı ilə izləyicilərdə maraq yaradıb.

 

Təqdimatdan sonra çıxış edən universitetin rektoru Elbrus İsayev NDU-da elektronika sahəsinin inkişafına daim diqqət yetirildiyini vurğulayıb. Bildirib ki, bu məqsədlə, universitetdə texnoparklar tikilir, robot texnikası laboratoriyaları fəaliyyət göstərir:”Hər sərgi əvvəlkindən fərqlənərək, daha da təkmilləşir. Universitet bu cür prototipləri hazırlamaq üçün bütün ehtyacları qarşılamağa hazırdır. Növbəti sərgilərdə qarşıya qoyulmuş əsas məqsəd layihələr üçün irəli sürülmüş ideyaların müəlliflik hüququnun təmin edilməsidir. Bu həmin layihələrin qorunması üçün başlıca şərtdir. İdeyalar sertifikatlaşdırıldıqdan sonra layihələr əmək bazarına təqdim olunacaq”.

 

Fakültə dekanı, professor Cavanşir Zeynalov isə qeyd edib ki, insan həyatını dəyişdirən və asanlaşdıran innovativ ideyalar daha çox maraq yaradır:”Ucuz, əlçatan və lazımlı ideyalarla layihələrə davam etmək olduqca sərfəlidir”.

 

Sərginin sonunda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.

 



27.12.2022 | 15:16