“Fəxr edirəm ki, azərbaycanlıyam!”

Bakı Mühəndislik Universitetində (BMU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə “Fəxr edirəm ki, azərbaycanlıyam!” adlı bayram tədbiri keçirilib.

 

Tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov 31 dekabr tarixinin mahiyyətinə diqqət çəkərək, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xaricdə yaşayan həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsinə, soydaşlarımız arasında birlik və həmrəyliyin təmin olunmasına xidmət etdiyini vurğulayıb. Rektor ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bu bayramın dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan artıq azərbaycanlını bir araya gətirmək, onlar arasında qırılmaz əlaqələr yaratmaq, ən əsası Vətənə bağlılıq hisslərini daha da gücləndirmək istiqamətindəki mühüm rolundan bəhs edib.

 

Prezident İlham Əliyevin milli maraqlar və milli dəyərlər üzərində qurulmuş müstəqil siyasəti nəticəsində Azərbaycanın başa vurmaqda olduğumuz 2022-ci ildə daha da inkişaf etdiyini, ölkəmizin siyasi gücünün və iqtisadi potensialının gündən-günə artdığını deyən H.Məmmədov dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş soydaşlarımıza qüdrətli dövlətimiz tərəfindən verilən dəstəyin davam etdirildiyini bildirib.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə tərəqqi yolunu tutan Azərbaycanın uğurlu inkişafının bundan sonra da təmin ediləcəyini vurğulayan rektor müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olduğu 2023-cü ildə ölkəmizin bütün sferalarda yeni-yeni nailiyyətlərə imza atacağına və növbəti ilin şərəfli dövrlərdən biri kimi tarixə həkk olunacağına əminliyini ifadə edib.

 

Ali təhsil ocağının rəhbəri çıxışının sonunda universitet kollektivini və tələbələri qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara ən xoş  arzularını çatdırıb.

 

Daha sonra tədbir bədii hissə ilə davam edib.

 



29.12.2022 | 12:24