Naxçıvan Müəllimlər İnstitutunda bayram tədbiri

Naxçıvan Müəllimlər İnstitutunda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

 

Tədbirdə giriş sözü ilə çıxış edən institutun rektoru Azad Novruzov bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub:”Bu günün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaradıb. Artıq 30 ildən çoxdur ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər”.

 

Tədbirdə humanitar və ictimai fənlər kafedrasının müəllimi Qorxmaz Hacızadə “Müstəqil Azərbaycanın inkişafında həmrəyliyin rolu” mövzusunda çıxış edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsas strateji ideyalarından biri də məhz azərbaycanlıların həmrəyliyi və birliyi ilə bağlı olub:”Dünyanın müxtəlif regionlarında yaşayan azərbaycanlıların milli icma çərçivəsindən çıxaraq mütəşəkkil diaspor halında formalaşması və güclənməsi, yaşadıqları ölkələrdə siyasi, iqtisadi fəaliyyətlərini genişləndirməsi, milli maraqlara xidmət etməsi bu siyasətin prioritet istiqaməti olub və dünya azərbaycanlılarının vahid ideya, məqsəd, prinsiplər ətrafında sıx birliyinin təmin edilməsi üçün məqsədyönlü tədbirlər hazırda da davam etdirilir”.

 

Sonra təbiət və incəsənət fakültəsinin “Riyaziyyat-İnformatika müəllimliyi” ixtisası üzrə 5-ci kurs tələbəsi Coşqun Məmmədov bütün tələbələr adından institutun professor-müəllim heyətini, tələbələri və dünya azərbaycanlılarını bayramlar münasibətilə təbrik edib.

 

Tədbirin bədii hissəsində Tələbə Gənclər təşkilatlarının təşkilatçılığı, Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin iştirakı ilə hazırlanan “Həmrəylik gənclərin dili ilə” layihənin videoçarxı təqdim olunub, gənclər bir-birini, dünya azərbaycanlılarını təbrik edərək həmrəylik nümayiş etdiriblər.

 

Daha sonra institut tələbələrinin hazırladıqları şeir, mahnı və bədii kompozisiyalar təqdim olunub.

 

Sonda tələbələrin Həmrəylik Günü və Yeni il mövzularında müxtəlif əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

 



30.12.2022 | 16:10