Gəncə Dövlət Universitetinin beynəlxalq əlaqələri genişləndirilir

Gəncə Dövlət Universitetinin (GDU) dünyanın nüfuzlu ali məktəbləri ilə ikitərəfli əlaqələri uğurla davam etdirilir.   

 

Universitetdən bildirilib ki, hazırda İtaliyanın Urbino, Sloveniyanın Nova Gorika, Rumıniyanın Galati, Macarıstanın Debrecen, İspaniya Krallığının UCAM Mursiya, Niderland Krallığının Niderland Biznes Akademiyası, Türkiyənin Qazi və Sivas universitetləri ilə GDU-nun fəal ikili müqavilələri mövcuddur. Adıçəkilən ali məktəblərlə əməkdaşlıq müqavilələri əsasında tədris təcrübəsinin, elmi konfrans və simpoziumların təşkili, tələbə və müəllim, elmi informasiya mübadiləsi istiqamətində sıx əməkdaşlıq həyata keçirilir.

 

Xüsusilə Türkiyənin ali təhsil ocaqları ilə əlaqələr daha geniş və səmərəlidir.

 

İzmir Dokuz Eylül Universiteti ilə Gəncə Dövlət Universiteti arasında əlaqələrin genişləndirilməsi məqsədi ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Hər iki universitet rektorlarının iştirakı ilə imzalanan müqavilənin bəndləri əsas götürülərək ikili diplom proqramlarının icrası üçün ilkin anlaşma müqaviləsi, eyni zamanda Avropa İttifaqının “Erasmus+ KA107” proqramı və Türkiyənin  “Mevlana” mübadilə proqramı çərçivəsində tərəflər arasında müqavilə imzalanıb. Bu əlaqələr nəticəsində İzmir Dokuz Eylül Universitetində dahi Azərbaycan şairi Nizami Gəncəvinin adına, Gəncə Dövlət Universitetində isə Türk dünyasının görkəmli şəxsiyyəti Yunus Əmrənin adına mühazirə otaqları açılıb.

 

GDU-da ikili diplom proqramlarının tətbiqinə dair mühüm işlər həyata keçirilir. Belə ki, hər iki universitetin tələbələri beynəlxalq akkreditasiyadan keçmiş ixtisaslarda iki il Gəncə Dövlət Universitetində, növbəti iki ili isə Dokuz Eylül Universitetində təhsil ala biləcəklər.

Xüsusilə qeyd etmək yerinə düşər ki, Dokuz Eylül Universiteti Azərbaycanda ilk olaraq Gəncə Dövlət Universiteti ilə ikili diplom proqramını həyata keçirəcək. Bu proqram hər iki universitetin müəllim və tələbələri üçün təhsil və elm sahəsində yeni imkanlar yaradacaq.

 

Layihələrlə yanaşı, tələbələrin, o cümlədən müəllimlərin bilik və bacarıqlarının artırılması istiqamətində mühüm işlər həyata keçirilib.  2022/20023-cü tədris ili üzrə Rumıniyanın Galati Universitetinə 2 tələbə- Cavid Tanrıverdiyev və İsmayıl Vəlizadə mübadilə proqramında iştirak etmək üçün göndərilib. Bununla yanaşı, İspaniya Krallığının UCAM Mursiya Universitetində 2022/2023-cü tədris ilinin növbəti semestrində 2 tələbə- Sehran Ələsgərova və Murad Talıbov təhsil almaq hüququ qazanıblar.

 

Universitetin tərəfdaşlıq etdiyi digər təşkilatlardan biri isə Alman Akademik Mübadilə Xidmətidir (DAAD). DAAD tələbə və elmi işçilərin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. GDU-nun 2 tələbəsi- xarici dillər fakültəsinin “Alman dili müəllimliyi” ixtisasının 3-cü kurs tələbəsi  Leyla Heydərova Almaniyanın Katholische Universitetinin 3 həftəlik yay dil kursuna qəbul olunub. Eləcə də, “Alman dili müəllimliyi” ixtisasının 3-cü kurs tələbəsi Aybəniz Yusifli Almaniyada Könüllülük proqramı üzrə Köln şəhərində 10 ay Alman-İtalyan uşaq bağçasında alman dili müəllimi kimi fəaliyyət göstərib.

 

Bundan başqa, Avropa İttifaqının “Erasmus+” proqramının “KA1” mübadilə layihəsinə əsasən, bir sıra Avropa ölkələrindən xarici mütəxəssislər ustad dərsləri ilə universitetin qonağı olublar. 2022-ci ilin may ayında Macarıstanın Debrecen Universitetinin nümayəndələri -İKT Sosiologiyasının baş mütəxəssisi Judit Herczegh, psixoloq Zsuza Berke, Debrecen Universitetində baş müəllim və peşəkar təlim üzrə mütəxəssis, layihə koordinatoru Gábor Erdei GDU-nun xarici dillər fakültəsində ustad dəsrlərində iştirak ediblər.

 

Gəncə Dövlət Univesitetinin gələcəkdə də beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, burada müasir təhsil imkanlarının yaradılması üçün mühüm işlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

 



11.01.2023 | 13:20