Akademik:” Qanlı hadisələrdə bütün təbəqələrdən günahsız insanlar şəhid olub”

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.

 

Tədbirdə giriş nitqi ilə çıxış edən institutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, 20 Yanvar hadisələri insanlığa qarşı törədilmiş ən ağır cinayət olmaqla yanaşı, həm də xalqımızın tarixində bir  qəhrəmanlıq səhifəsidir. Onun sözlərinə görə, milli azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi, minlərlə insanın yaralanması, itkin düşməsi süquta doğru gedən totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

 

Akademik qeyd edib ki, qanlı hadisələrdə bütün təbəqələrdən olan günahsız insanlar – şagird, tələbə, müəllim, alim şəhid olub: “Həmin qırğından 3-4 gün keçməsinə baxmayaraq, 24 yanvarda şəhid olanlar arasında  Azərbaycanın fədakar kimyaçı alimləri, professorlar – İbrahim İbrahimov, İsmayıl Mursaqulov və Svetlana Məmmədova da var idi. Digər alimlər İdris Əhmədov və Parlaq Məmmədova isə ağır yaralanmışdılar. İnstitutumuzun aparıcı elmi işçisi olmuş professor İdris Əhmədov 3 il bundan öncə məhz 20 yanvar tarixində vəfat etdi. Bu tarix qəribədir. Şübhəsiz onun vəfatında o zaman aldığı fiziki zədə və mənəvi sarsıntıların da öz təsiri olmuşdur”.

 

İnstitut Həmkarlar Təşkilatının sədri dosent Elxan İsakov “20 Yanvar- Azərbaycan xalqının faciəli və qəhrəmanlıq tarixi” mövzusunda çıxış edib. Bildirib ki, 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində 30 ilə yaxın erməni işğalı altında qalan Dağlıq Qarabağ və ətraf rayonları azad etməklə bizə qələbə qazandıran Müzəffər Ordumuz əsası 90-cı ilin 20 yanvarında daha möhkəm qoyulmuş milli oyanışı məntiqi sonluqla başa vurdu və ilk dəfə olaraq şəhidlərimizin qisası alındı:”Biz bu gün alnıaçıq, üzüağ olaraq Şəhidlər Xiyabanını ziyarət edə bilirik”.

 

Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova isə çıxışında bildirib ki,  Şəhidlər Xiyabanı Azərbaycanın hər bir vətəndaşı üçün müqəddəs and yeri və ziyarətgaha çevrilib: “Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz  xatirəsi ürəyimizdə əbədi yaşayacaq”.

 

Sonda 20 Yanvar gecəsinin dəhşətlərini  əks etdirən fotolar və videotəqdimatlar nümayiş olunub.

 



19.01.2023 | 16:34