Millət vəkili:” Hadisələr Azərbaycan xalqının milli-azadlıq mücadiləsinə qarşı qəsd idi”

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı tədbir keçirilib.

 

Tədbirdə AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və Milli Məclisin deputatı Naqif Həmzəyev iştirak ediblər.

 

Tədbirdə ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektor Orxan Naqdiyev çıxış edərək 20 Yanvar hadisələri, bu hadisələrə gətirib çıxaran siyasi-ictimai proseslər haqqında danışıb. Bildirib ki, 1987-ci ilin sonlarında ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi və SSRİ rəhbərliyi buna göz yumurdu, hətta Ermənistana bu çirkin niyyətində yardım edirdi. “Baş verənlərin nəticəsi olaraq respublikada xalq hərəkatı formalaşdı və proseslərin gedişi tədricən milli azadlıq hərəkatına çevrildi”- deyən O.Naqdiyev qeyd edib ki, Bakıya ordu yeridilməsi və qırğın törədilməsi xalqımızın milli azadlıq müqavimətinin qırılmasına yönəlik addım idi.

 

Prorektor çıxışında 20 Yanvar hadisələrinin ictimai-siyasi əhəmiyyətinə toxunaraq faciəyə o vaxtkı hakimiyyət tərəfindən heç bir hüquqi-siyasi qiymət verilmədiyini nəzərə çatdırıb. Bildirib ki, yalnız Ulu Öndər Heydər Əliyevin xidmətləri sayəsində dünya bu hərbi cinayətdən xəbərdar olub və hadisəyə hüquqi-siyasi qiymət verilib.

 

O.Naqdiyev 20 Yanvar hadisələri zamanı universitetin tələbə və məzunlarının da şəhid olduğunu diqqətə çatdırıb.

 

Milli Məclisin deputatı Naqif Həmzəyev isə çıxışında 20 Yanvar hadisələrini Azərbaycan xalqının milli-azadlıq mücadiləsinə qarşı qəsd adlandırıb. Deputat qeyd edib ki, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid versə də, onun iradəsi sınmadı və milli ruhu sarsılmadı:”Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş, şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar”.  

 

Çıxışlardan sonra 20 Yanvar faciəsi haqqında film izlənilib.

 



20.01.2023 | 17:41