“Maliyyə iqtisadiyyatı” kitabının təqdimatı olub

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Maliyyə iqtisadiyyatı” kitabının təqdimatı keçirilib.

 

Kitabın elmi redaktoru rektor professor Ədalət Muradov, məsləhətçisi Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev, müəllifləri UNEC-in professoru Zahid Məmmədov və “Rabitəbank”ın İdarə Heyətinin sədri dosent Adil Hüseynovdur.

 

UNEC-in professoru Z.Məmmədovun moderatorluğu ilə keçirilən təqdimatda rektor Ə.Muradov, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, “Rabitəbank”ın Müşahidə Şurasının sədri, ABA-nın rəhbəri Zakir Nuriyev, dövlət və özəl qurumların rəhbərləri, professor və müəllimlər iştirak ediblər.

 

Rektor Ə.Muradov müasir texnologiyaların tətbiqinin universitetlər qarşısında ciddi çağırışlar qoyduğuna diqqət çəkərək, ali məktəblərin texnoloji şirkətlər və real sektorlarla sıx əməkdaşlığının vacibliyini vurğulayıb. Ə.Muradov kitabın tədqiqatçı və bank sektoru üzrə tanınmış idarəedicinin birgə məhsulu olmasını nəşrin əsas üstünlüyü kimi qiymətləndirərək, müəlliflərə təşəkkürünü bildirib. O, müasir tələblərə cavab verən nəzəri və praktiki biliklərin tələbələrə balanslı şəkildə ötürülməsində “Maliyyə iqtisadiyyatı” kitabının mühüm rol oynayacağından əminliyini ifadə edib.

 

“Rabitəbank”ın Müşahidə Şurasının sədri Z.Nuriyev müasir çağırışlara cavab verən kitabın sadə və anlaşılan dildə yazılmasının tələbələr üçün önəmini vurğulayıb. O, tələbələrin maliyyə sahəsi üzrə bilik və bacarıqlarının artırılmasında kitabın özünəməxsus töhfələr qazandıracağını bildirib.

 

Kitabın həmmüəllifi, “Rabitəbank”ın İdarə Heyətinin sədri Adil Hüseynov universitet-sənaye əməkdaşlığı nəticəsində ərsəyə gələn kitabdakı mövzuların əksəriyyətinin Azərbaycanda iqtisadi ədəbiyyat üzrə ilk dəfə işləndiyini və tədqiq edildiyini qeyd edib. Mövzuların hazırlanması prosesində beynəlxalq təcrübədən istifadə olunduğunu, anlayışların izahlı şərhinin isə müasir Azərbaycan bank sisteminin təcrübəsinə əsaslanaraq verildiyini deyib.

 

Təqdimat Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamil Səlimov və digər iştirakçıların çıxışları ilə davam edib.

 

 



24.01.2023 | 18:42