İrəvanda Azərbaycan dilli ali təhsilin tarixi

“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır. Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik. Tariximizdə şanlı səhifələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mən dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, baxmayaraq ki, cəmi iki il yaşadı. Ancaq, eyni zamanda, biz bu tariximizin qara səhifələrini də unutmamalıyıq, ört-basdır etməməliyik. Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

İrəvan - Çuxur - Səd bəylərbəyliyinin, indiki Ermənistanın paytaxtı. Ararat vadisinin şimal-şərqində, Zəngi çayının sahilində yerləşir. İrəvan şəhərinin adının tarixi qədim dövrlərə gedib çıxır. İrəvanın qədim dövrdə adı Ruan, 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Rəvan, İrəvan, XVII əsr mənbəyində, XIX əsr rus və erməni mənbələrində  Ayravan, Aravan, Ervan, Errevant, Rəvant, İrvan), Avropa mənbələrində İrivan formalarında qeyd edilmişdir.

 

Rus arxeoloqu M.V.Nikolsk 1893 - cü ildə indiki Ermənistana səyahət edib Göyçə (Sevan) gölünün sahilində qədim yazıları araşdırmış və gölün sahilindəki Gölkənd (Zovinar) kəndinin yaxınlığındakı tapdığı yazıları b.e.ə. VIII əsrə aid edir. Bu yazılarda qeyd edilir: Urartu şahı I Rus (e.ə. 730-714) deyib ki, 23 ölkəni, o cümlədən İrəvan (kursiv mənimdir -İ.B) ölkəsini zəbt etdim. Bu da İrəvanın daha qədim tarixə malik olduğunu göstərir.

 

İrəvanın VII əsrdə (642-643) ərəblər tərəfindən işğal edilmiş, XI-XIII əsrlərdə səlcuq türklərinin, XIII-XIX əsrlərdə monqol-tatarların tabeliyində, XV əsrdə Qaraqoyunlu dövlətinin tərkibində olmuşdur. XVI əsrdə Səfəvilər dövlətinin tərkibində yaradılan Çuxur-Səd bəylərbəylinin, XVIII əsrin ortalarında təşkil edilən Azərbaycan xanlığının mərkəzi olmuşdur. 1827-cı ildə İrəvan Rusiya tərəfindən işğal edilmişdir. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən Azərbaycanın tərkibində Rusiyanın tabeliyinə keçmişdir. 1918-ci ilə kimi İrəvan Azərbaycanın tabeliyində idi. 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Cumhuriyyətinin Baş naziri Fətəli xan Xoyski mayın 29-da öz hökumətinin xarici işlər naziri Məhəmmədhəsən Hacınskiyə yazırdı: “Biz ermənilərlə bütün mübahisələri həll etdik, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”.

 

Şəhərdə tarixən azərbaycanlılar (erməni mənbələrində azərbaycanlılar islam, farslar, müsəlmanlar adı ilə göstərilir) yaşamışdır və burada XVII-XVIII əsrlərdə çox az sayda ermənilər yaşamışdır. Ermənilər şəhərə geniş surətdə 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1828-30 - cu illərdə İran və Türkiyədən köçürülmüşdür. Burada 1831-ci ildə 7331 nəfər azərbaycanlı, 4027 erməni, 1873 - cü ildə 5805 nəfər azərbaycanlı, 5959 erməni, 1886-cı ildə 7228 nəfər azərbaycanlı, 7142 erməni, 1897-ci ildə 12516 nəfər azərbaycanlı, 12529 nəfər erməni, 1922-ci ildə 5124 nəfər azərbaycanlı, 40396 nəfər erməni, 1926-cı ildə 4968 nəfər azərbaycanlı, 57295 nəfər erməni, 1931-ci ildə 5620 nəfər azərbaycanlı, 80327 nəfər erməni, 1970-ci ildə 2721 nəfər azərbaycanlı, 738045 nəfər erməni yaşamışdır. Eyni zamanda burada kürdlər, ruslar və başqa millətlərin də nümayəndələri yaşayırdı. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar tamamilə Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. 1988-ci ilin dekabr ayından İrəvanda bir nəfər belə azərbaycanlı yaşamır.

 

İrəvan toponiminin İrəvan, Erivan, Arevan, Ervan, İrvan, Errevant, İrivan fonetik variantlarına nəzər salanda aydın olur ki, onların hamısının kökü “ar”, “er”, “ir” hissəciyindən ibarətdir. Türk dillərində “ar”, “er”, “ir”, “kişi”, “igid” mənasında işlənir.

 

Urartu dilində “ölkə” mənasında işlənən ebani sözü vardır. Hr.Kapansyanın fikrincə, «kənd, şəhər» mənasında işlənən avan (avvan//avan) urartu dilində “ölkə, yer” mənasında işlənən abani //ebani/ sözündən əmələ gəlmişdir və “avan” sözü fars dilinə mənsub deyildir. Bu qənaətə gəlirik ki, İrəvan toponiminin ikinci komponenti “əvan” urartu dilində “ölkə”, “yer”, “kənd”, “şəhər” mənasında işlənən abani//ebani sözünün bir variantıdır. Daha doğrusu “abani” sözündəki “b” səsi “v” səsi ilə əvəzlənərək “abani” sözü “avan”, “əvan” formasına çevrilmişdir.

 

Deməli, İrəvan toponimi türk dilində “kişi”, “igid” mənasında işlənən  ər//ər  sözünün variantı olan “ir”  sözü ilə “ölkə”, “yer”, “kənd”, “şəhər” mənasında işlənən ebani (avan) sözü əsasında əmələ gəlib, “igidlər ölkəsi” mənasını ifadə edir.

 

Seminariyadan ali pedaqoji təhsilə gedən  yol

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  29 dekabr  2021-ci ildə “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında”  Sərəncam imzalamışdır. Sərəncamda deyilir:

 

“İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır. İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır. XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət aldı. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin - İrəvan Müəllimlər Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir.

 

1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun və canlılığının qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərmiş, pedaqoji fikir salnaməmizə yaddaqalan səhifələr yazmışdır. Görkəmli maarifpərvər Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olmuş, geniş mədəni-maarif işləri aparmışdır. Seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları vardır.”

 

İrəvan qədim  Azərbaycan  şəhəri olmaqla  Azərbaycan tarixinin  bir  parçası,  Qərbi  Azərbaycanın  mədəniyyət  mərkəzi  olmuşdur. Evliya Çələbi hələ XVII əsrdə qeyd edirdi ki, “Rəvanda (İrəvanda-İ.B) qazı, molla, hörmətli şeyx, kələntər, daruqə, münşi, yasavul ağası, qorçubaşı, eşik ağası, dizçökən ağa, yeddi mehmandar və kəndxuda vardır”.

 

Heç  təsadüfi  deyil  ki, görkəmli ədəbiyyatşünas   Firudin  bəy  Köçərli İrəvanın elm  və  mədəniyyət  tariximizdə    oynadığı rolu  qiymətləndirərək  XIX  əsrin  əvvəllərində  demişdir: “Şəhri-İrəvan keçmişdə mərkəzi-üləma, füzəla və şüəra olub”.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında”  verdiyi   Sərəncam Azərbaycan  məktəb və təhsil tarixinin  öyrənilməsində yeni istiqamətləri müəyyənləşdirir. Eyni zamanda bu Sərəncamın işığında Qərbi Azərbaycanda, xüsusilə qədim Azərbaycan şəhəri İrəvanda tarixən  fəaliyyət  göstərmiş, azərbaycanlıların  orta ixtisas və ali pedaqoji  təhsil almasında  böyük  rol oynamış pedaqoji  təhsil  müəssisələrinin təşkili və fəaliyyətinin elmi  istiqamətdə  öyrənilməsinə  böyük  təkan  verəcəkdir.

 

XIX əsrin 80-ci illərində maarif sahəsində İrəvan şəhərinin ictimai həyatında çox mühüm hadisələr baş vermişdir. 1881-ci ildə İrəvan Oğlan Gimnaziyası, İrəvan Müəllimlər Seminariyası, 1884-cü ildə İrəvan Qız Gimnaziyası fəaliyyətə başlamışdır.

 

İrəvan Kişi Gimnaziyasını  bitirənlərdən  Məhəmməd bəy Qazıyev, Teymur bəy Makinski, Əkbər ağa Şeyxülislamov, Nəriman bəy Nərimanbəyov, Məhəmməd Məhərrəmov, Əziz Əliyev, təhsil və elm adamlarından Miryusif Mirbabayev, Mustafa bəy Topçubaşov, Əhməd Rəcəbli, Maqsud Məmmədov  ali  təhsil  alaraq   Qərbi  Azərbaycanda  azərbaycanlıların  ali  təhsil  istiqamətində  fəaliyyətlərinə  öz  töhfələrini  vermişlər.

 

Molla Məhəmmədbağır Qazızadə ilə eyni dövrdə maarif və mədəniyyətin yayılmasında hər cür məşəqqətlərə sinə gərən Mirzə Qədim İrəvani, İsa Sultan, Əbülfət və Məhəmməd Şahtaxtinskilər, Fazil İrəvani, Firidun bəy Köçərli, Əliquluxan İrəvanski, Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov, Mirzə Məmmədvəli Qəmərlinski, Haşım bəy Vəzirov, Mirzə Ələkbər Mirzəzadə, Cabbar Əsgərzadə, Mir Məhəmməd Fətullayev, Abbas ağa Fərəcov kimi çoxsaylı ziyalılar üzərinə düşən missiyanı şərəflə doğrultmuşlar.

 

1918-ci ildə tarixdə ilk dəfə tarixi Azərbaycan torpaqlarında qurulan Ermənistan Respublikasında azərbaycanlılara qarşı bəslənən kin-küdurət, Qərbi Azərbaycanda, o cümlədən İrəvanda azərbaycanlılara qarşı erməni silahlı birləşmələrinin törətdilkəri soyqırımla yanaşı, İrəvan Müəllimlər Seminariyası da təcavüzə məruz qalmış, daşnaklar hakimiyyətə gəldikdən iki ay sonra - 1918-ci il avqustun 6-da seminariyanın fəaliyyəti dayandırılmışdır. 37 illik fəaliyyəti dövründə İrəvan Müəllimlər Seminariyası öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirmiş, Azərbaycan məktəb və pedaqoji fikir tarixində xüsusi tarixi xidməti olmuşdur.

 

Ermənistanda sovet hakimiyyəti  qurulandan sonra azərbaycanlılar oxuyan məktəblərin pedaqoji  kadrlarla təmin edilməsi məqsədilə 1924-cü il oktyabrın 1-də İrəvan şəhərində İrəvan Türk Pedaqoji Texnikumu orta ixtisas məktəbi kimi fəaliyyətə başlamışdır. ER (b)P MK-nın nəzdində fəaliyyət göstərən “Azsaylı xalqlar şöbəsi”nin müdiri Bala Əfəndiyevin, EXMK-nın “Azlıqda qalan millətlər” bürosunun rəhbəri Mehdi Kazımovun, “Zəngi” qəzetinin məsul redaktoru Mustafa Hüseynovun və başqa qeyrətli azərbaycanlı ziyalıların erməni şovinist dairələri qarşısında təkidli tələbi, ciddi səyi, siyasi və milli iradəsi sayəsində 1924-cü ilin  oktyabr ayının 15-də İrəvan Türk  Pedaqoji  Texnikumu  açıldı. İrəvan Türk Pedaqoji Texnikumunun açılması Azərbaycan məktəblərində müəllim kadrlarına olan ehtiyacın aradan qaldırılması işinin müəyyən dərəcədə qaydaya salınması sahəsində ilk addım atıldı.

 

1925-ci ildə texnikuma görkəmli Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Nəriman Nərimanovun adı verilərək Nəriman Nərimanov adına İrəvan Türk Pedaqoji Texnikumu, XX əsrin 30-cu illərinin əvvəllərində texnikum İrəvan  Azərbaycanlı  Pedaqoji Texnikumu, 1936-cı ildə İrəvan Pedaqoji Məktəbi adlandırılmışdır. İrəvan Pedaqoji Məktəbinə Mehdi Kazımov (1924-1933), Bəhlul Yusifov (1933-1942), Həbib Məmmədzadə (1942-1948), Əsgər Cəfərov (1948, 6 ay bu vəzifədə işləmişdir) rəhbərlik etmişlər. Dövrünün vətənpərvər ziyalılarından olan Ələşrəf  Bayramov, Əsgər Əsgərzadə, Bülbül Kazımova, Miryusif Mirbabayev, Məhəmməd Əzimzadə, İsmayıl Babayev pedaqoji texnikumda müəllim kimi fəaliyyət göstərmişlər.

 

İrəvan  Pedaqoji  Məktəbində Azərbaycan dili və metodu, Azərbaycan ədəbiyyatı, erməni dili, rus dili, rus ədəbiyyatı, hesab və hesab metodu, cəbr, tarix  və tarix  metodu, SSRİ  konstitusiyası, coğrafiya və coğrafiya metodu, təbiət və təbiət metodu, fizika, pedaqogika, psixologiya, şəkil  və  şəkil metodu, şərqi, musiqi və musiqi metodu fənləri tədris edilirdi.

 

Akademik Yusif Məmmədəliyev 1926-cı ildə V.İ.Lenin adına  Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirdikdən  bir qədər sonra, ilk əmək fəaliyyətinə İrəvan Pedaqoji Texnikumunda başlamışdır. Texnikumda Y.Məmmədəliyev 1926-27-ci illərdə kimya-biologiya fənnini tədris  etmişdir.

 

1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların  və digər azərbaycanlı  əhalinin  Ermənistan  SSR-dən  Azərbaycan  SSR-in  Kür-Araz  ovalığına köçürülməsi haqqında” qərar qəbul edir. Həmin qərarda  göstərilirdi ki, 1948-1950-ci  illərdə  könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər  azərbaycanlı  əhali Azərbaycan SSR-in  Kür-Araz  ovalığına  köçürülsün. 10 mart 1948-ci il tarixdə SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il tarixli qərarına əlavə olaraq “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına  köçürülməsi ilə  əlaqədar tədbirlər  haqqında”  ikinci qərar  qəbul  etmişdir. Bu  qərarların  nəticəsi olaraq İrəvan Pedaqoji Məktəbi 1949-cu ildə Azərbaycanın  Xanlar (indiki Göygöl) rayonuna  köçürülmüş və pedaqoji  məktəb  Xanlar  Pedaqoji  Məktəbi adlandırılmışdır.

 

Görkəmli  coğrafiyaçı  akademik Budaq Budaqov, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və filologiya elmləri doktoru elmi dərəcəsi almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru professor Zərifə Budaqova, görkəmli tarixçilərdən professor Yusif Yusifov, professor Süleyman Məmmədov,  professor  Nəzər Paşayev, metodistlərdən professor  Əli Fərəcov, pedaqoqlardan  professor Abbas İsmayılov, filoloqlardan professor  Fərhad Fərhadov, professor  Cəfər Cəfərov,  Azərbaycan SSR  Maarif  Nazirliyində Baş Məktəblər idarəsinin rəisi, “Azərbaycan məktəbi”  jurnalının  baş redaktoru işləmiş filogiya  elmləri namizədi Zəhra Əliyeva, filologiya elmləri namizədi, dosent Kövsər Tarverdiyeva, filologiya elmləri namizədi, dosent  Nəcəf Nəcəfov, tibb üzrə görkəmli alim, Əməkdar elm xadimi, professor Nəriman Əliyev, funksional analiz üzrə tanınmış riyaziyyatçı, dosent Qasım Mustafayev, hüquqşünas, hüquq elmləri namizədi Nəriman Yusifov, fəlsəfə elmləri namizədi, dosent Sabir Səfərov, partiya və dövlət  xadimləri  Həbib  Həsənov, Cümayıl  Mərdanov, Tapdıq Əmiraslanov, Abbas Mustafayev, Cəlil Quliyev, ədəbiyyat və mədəniyyət xadimləri Abbas Tahir, Əməkdar rəssam Cabbar Quliyev və başqaları İrəvan Pedaqoji Məktəbində təhsil almışlar .

 

İrəvanda tarixən fəaliyyət göstərmiş orta ixtisas üzrə pedaqoji  təhsil  müəssisələri  Azərbaycan təhsil tarixində özünəməxsus yer tutur. Azərbaycan məktəb və pedaqoji  fikir  tarixi  kontekstində  İrəvan orta ixtisas pedaqoji təhsil müəssisələrini tədqiq edib Azərbaycan təhsil ictimaiyyətinə çatdırılması əsas vəzifə kimi pedaqogika üzrə mütəxəssislərinin qarşısında əsas vəzifə kimi durmaqdadır.

 

(ardı var)

 

İbrahim  BAYRAMOV,

filologiya elmləri doktoru, professor

 



27.01.2023 | 11:29