BDU-da magistratura üzrə iki yeni ixtisaslaşma

2023-2024-cü tədris ilində Bakı Dövlət Universitetində (BDU) magistratura üzrə iki yeni  ixtisaslaşmanın açılması nəzərdə tutulur. Bunlar şərqşünaslıq fakültəsində Tərcümə (ərəb dili üzrə) və coğrafiya fakültəsində Davamlı inkişafın idarə edilməsi ixtisaslaşmalarıdır.

 

BDU-dan bildirilib ki, şərqşünaslıq fakültəsinin bakalavr pilləsində “Tərcümə” (ərəb və fars dilləri üzrə) ixtisasında tərcüməçi kadrlar yetişdirilir. Bu ixtisasda əsasən dil və tərcümə ilə bağlı fənlər tədris olunur. Ərəb dilində yüksək ixtisaslı, daha peşəkar tərcüməçilər yetişdirmək üçün 2023-2024-cü tədris ilində magistratura pilləsində yeni açılacaq “Tərcümə” (ərəb) ixtisası üzrə 2 plan yeri nəzərdə tutulub.

 

Müasir dövrdə iqtisadi inkişafda davamlılığın təmin edilməsi dövlət idarəetmə orqanları qarşısında duran vacib məsələlərdən biridir. Problemin həlli dövlətin inkişaf proseslərinin planlaşdırılması, idarə edilməsi, innovativ texnologiyaların tətbiqi və yüksək ixtisaslı kadr potensialının formalaşdırılması sayəsində mümkündür. Davamlı inkişaf iqtisadi, ekoloji və sosial problemləri kompleks şəkildə həll etməyə imkan verən, müasir dövrün inkişaf  strategiyası kimi qəbul edilən yeganə tərəqqi modelidir. Coğrafiya fakültəsində Davamlı inkişafın idarə edilməsi ixtisaslaşmasının açılması isə məhz bu zərurətlərdən irəli gəlib.

 

 



01.02.2023 | 10:31