ŞAR əməkdaşları Fransada elmi tədqiqatlarda iştirak ediblər

Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Qalaktikalar və ulduz əmələgəlmə prosesləri şöbəsinin elmi işçisi Zümrüd Vidadi və Qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin elmi işçisi Şəbnəm Ağayeva GRANDMA (Global Rapid Advanced Network Devoted to the Multi-messenger Addicts) Beynəlxalq layihəsi ilə əlaqədar Fransanın Paris şəhərində tədqiqat məktəbində və Nitsa şəhərində yerləşən Cote d'Azur Rəsədxanasında elmi ezamiyyətdə olublar.

 

Rəsədxana əməkdaşları Fransanın Paris şəhərində tədqiqat məktəbinə qoşulub, daha sonra Fransa Riviera Rəsədxanasında (Observatoire de la côte d’Azur) və Côte d’Azur Universitetində elmi tədqiqatda iştirak ediblər.

 

Səfərin əsas məqsədi GRANDMA və Observatoire de la côte d’Azur ilə tədqiqat əməkdaşlığı üçün "LIGO-Virgo"nun növbəti müşahidə kompaniyasına hazırlaşmaq və GRANDMA üzvləri arasında tədqiqat metodu üzrə təlim keçmək olub. Təcrübə proqramında ən müasir proqramların tədrisi həyata keçirilib. Müşahidə materiallarını işləmək və müxtəlif hesablamalar aparmaq üçün "STDpipe" adlanan əməliyyat üzərindən "Python"da hesablamalar aparılıb. Alınan hesablamalar növbəti nəşr olunacaq məqalənin tərtibi üçün toplanıb.

 

Həmin müddətdə əməkdaşlar qamma-şüa alışması kampaniyasının fotometrik və spektroskopik məlumatların çevrilməsi ilə bağlı növbəti məqalə üzərində işləyiblər. Məqalə son 50 ilin ən parlaq qamma-şüa alışması olan GRB 221009A alışmasının GRANDMA və KNC müşahidələri və onların nəticələri haqqındadır.

 

Əməkdaşlar, eyni zamanda Côte d’Azur Universitetində "Remote control" - uzaqdan idarəetmə sistemi vasitəsilə Calern Rəsədxanasının müşahidələrində iştirak ediblər. "Remote control" sistemini mənimsəyən elmi işçilər bu sayədə Omicron-C2PU teleskopuna uzaqdan bağlanaraq, müxtəlif obyektlərin "Remote observation" - uzaqdan fotometrik müşahidəsini aparıblar.

 

Qeyd edək ki, GRANDMA həm fotometrik, həm də spektroskopik qurğulara malik teleskoplardan ibarət Beynəlxalq şəbəkədir. Şəbəkə tranzient (keçici) hadisələrin təqibini artırmaq və ilkin aşkarlama ilə optik təsdiqləmə arasındakı gecikməni azaltmaq üçün səmanın astronomik müşahidələrini əlaqələndirmək məqsədi daşıyır. GRANDMA proqramı əsasən LIGO və Virgo dedektorlarının dördüncü müşahidə kampaniyası zamanı elektromaqnit analoqunu tapmaq və xarakterizə etmək üçün qravitasiya dalğası siqnallarının təqibinə diqqət yetirir. Həmçinin neytrinlar və ya qamma-şüa partlamaları ilə bağlı istənilən tranzient xəbərdarlıqları, hətta fəza lokalizasiyası zəif olanları da izləməyə imkan verir.

 

 



08.02.2023 | 11:38