ADU-nun prorektoru ECAR layihəsi çərçivəsində Polşaya səfərdə iştirak edib

Bakı Biznes Universitetinin koordinatorluğu ilə Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Azərbaycanın layihə konsorsiumunun üzvü olan 20 ali təhsil müəssisəsinin prorektoru və digər səlahiyyətli nümayəndələrinin Polşaya növbəti işgüzar səfəri baş tutub. Səfərdə Azərbaycan Dillər Universitetinin (ADU) sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərova iştirak edib. Polşa Universitetlərinin Rektorlar Konfransı (CRASP) tərəfindən təşkil olunan səfərin məqsədi Polşa ali təhsil müəssisələrinin strateji inkişaf məsələlərinin öyrənilməsi olub.

 

Təlimlərin ilk iki günü  Kozminski Universitetində baş tutub. Burada universitetin dayanıqlı inkişafı, rəqəmsal tranformasiya strategiyaları, həmçinin əməkdaşların təkmilləşdirilməsi ilə bağlı yerli və Avropa layihələri üzrə təcrübələri öyrənilib.

 

Səfərin növbəti günlərində Varşava Həyat Elmləri Universitetinin rektoru və Polşa Universitetlərinin Rektorlar Konfransının vitse- prezidenti cənab Michał Zasada tərəfindən strateji planlamada insan resurslarının idarə edilməsi, maliyyənin idarə edilməsinin əsas kriteriyaları, o cümlədən CRASP-ın fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib. Həmçinin CRASP-ın baş katibi Agata Kulesza səfər iştirakçıları ilə CRASP-ın milli və beynəlxalq təcrübələri ilə bağlı ətraflı fikir mübadiləsi aparıb.

 

Varşava Həyat Elmləri Universitetinin əməkdaşları tərəfindən strateji inkişaf və keyfiyyət məsələlərinin qarşılıqlı əlaqəliliyi, Polşa ali təhsil müəssisələrində monitorinq və qiymətləndirmə prosesləri, strateji idarəetmə üzrə akkreditasiya meyarları kimi mühüm mövzularda təlim-seminarlar həyata keçirilib.

 

Təlim proqramı çərçivəsində Varşava Universitetinin əməkdaşı Şəhla Kazımova tərəfindən universitetdə Azərbaycan dilinin tədrisi, Azərbaycan mədəniyyətinin təbliği, elmi konfranslar və digər tədbirlər haqqında ətraflı təqdimat həyata keçirilib.

 

Səfər çərçivəsində Azərbaycan ali təhsil müəssisələri nümayəndələrinin Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova ilə görüşü baş tutub.  Görüşdə səfir Polşada, xüsusilə ali məktəblərdə həyata keçirilən sosial-mədəni tədbirlər, layihələr haqqında məlumatlar verib. N.Qurbanova universitetləri Polşa ali təhsil müəssisələri ilə əməkdaşlığı daha da gücləndirməyə dəvət edib və bu istiqamətdə müvafiq dəstəyin göstərilə biləcəyini vurğulayıb.

 



08.02.2023 | 17:05