Azərbaycan – İsrail İnnovasiya Forumu

Fevralın 13-də Azərbaycan – İsrail İnnovasiya Forumu keçirilib. Forum Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İsrail – Azərbaycan Ticarət və Sənaye Palatası, həmçinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Nextstep” İnnovasiya Mərkəzinin dəstəyi ilə baş tutub. 

  
Tədbir Azərbaycan ilə İsrail biznesmenləri arasında təhsil, eləcə də kənd təsərrüfatı üzrə tətbiq olunan texnologiya və innovasiyalar sahəsində təcrübə mübadiləsi üçün imkan yaradıb. 

  
İsrail – Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Aleks Kaplun, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək forumun məqsədi, Azərbaycan – İsrail əlaqələri, biznesmenlər arasında innovasiyalar sahəsində əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər. 

  
Forum ümumi, təhsil və kənd təsərrüfatı üzrə panel iclaslarla öz işini davam etdirib. 
  

Ümumi paneldə elm və təhsil naziri Emin Əmrullayev, kənd təsərrüfatı naziri İnam Kərimov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov və “Ramat – Negev” Regional Şurasının rəhbəri Eran Doron Azərbaycan və İsrail arasında münasibətlər, ölkəmizdə aqrar, təhsil, elm sahələrində son illərdə tətbiq edilən texnologiyalar, müvafiq sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri, rəqəmsal iqtisadiyyat, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa, yenidənqurma işlərində tətbiq olunan müasir yanaşmalarla bağlı fikirlərini bölüşüb, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar. 
  

Təhsil üzrə paneldə ölkəmizdə və İsraildə fəaliyyət göstərən müxtəlif təhsil müəssisələrinin rəhbərləri, ekspertlər müvafiq sahədəki çağırışlar, təhsildə innovasiyaların rolu, bu sahəyə investisiya qoyuluşu, süni intellekt, rəqəmsal platformalar barədə fikirlərini bölüşüblər. 
  

Azərbaycan və İsraildən olan dövlət, eləcə də özəl qurumların nümayəndələrinin iştirakı ilə keçirilmiş kənd təsərrüfatı üzrə paneldə isə aqrar sahədə texnologiyalar, məhsuldarlığın artması və torpaq, su resurslarından daha səmərəli istifadədə innovasiyaların rolu, aqrar startapçıların innovativ ideyalarının reallaşdırılması kimi məsələlər müzakirə edilib.  
  

Forum çərçivəsində ikitərəfli görüşlər də keçirilib. 

 



13.02.2023 | 16:58